“2000 manat verib Bakı İslam Universitetində oxumaq ağılsızlıqdır” - Ağacan Abiyev

“2000 manat verib Bakı İslam Universitetində oxumaq ağılsızlıqdır” -


“Bizim təhsil sistemimiz bu gün o qədər gözəldir ki, biliyimiz amerikanlılardan da, fransızlardan da çoxdur”

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

-Ağacan müəllim, Milli Məclisdə nizam-intizam necədir?

-Parlamentin öz qaydaları var. Bəzi deputatlar komitə və plenar iclaslara qatılmırsa, bu o demək deyil ki, məsuliyyətsizlik edirlər. Çünki deputatların bəziləri parlamentin işlərinə görə xaricə ezamiyyətə gedirlər. Belə səfər zamanı bəzən nümayəndə heyəti hətta 1 həftə xaricdə qalır. Yəni deputatlar üzrlü səbəblərə görə iclaslarda iştirak etmirlər.

Çox az hallarda bəzi deputatlar üzrsüz səbəblərə görə parlamentin iclaslarına qatılmırlar. Elə hallar olanda da həmin deputatı dəvət edib səbəblərini araşdırırıq. İndiyə qədər bir dəfə belə hadisə olub. Ümumiyyətlə, parlamentdə nizam-intizam yaxşıdır.

Əgər üzrsüz səbəbə görə iclasa qatılmayan deputat olarsa, İntizam Komissiyası vaxtında tədbir görəcək.

- Jurnalistlər parlamentin deputatlarını iclaslardakı çıxışlarına görə “aktiv və passiv deputatlar” kimi xarakterizə edirlər. Elə deputat var ki, bir neçə çağırış dalbadal mandat almasına baxmayaraq, seçicilərinin problemlərinə aid məsələlərlə bağlı heç vaxt danışmırlar. Sadəcə olaraq gəlib parlamentdə oturub, gedirlər... Bəzi seçki dairələrində vətəndaş artıq deputatının kim olmasını belə unudub... Bununla bağlı İntizam Komissiyası nəsə edə bilərmi?

- Biz yalnız parlamentdə işləmirik. Həftə ərzində komitə iclaslarında, ay ərzində isə plenar iclaslarda toplanırıq. Deputata deyəsən ki, “sən mütləq çıxış etməlisən”, bu da doğru olmaz. Mən düşünürəm ki, deputatlar arasında aktivlik, passivlik yoxdur.

Biz passiv, yaxud aktiv olmağımızı mediaya göstərmirik, bunu komissiya iclaslarında, camaatla görüşlərdə göstəririk. İş rejimi var. Bu rejimdə də bütün iclaslarda baxılır. Rayonlara gedib insanlarla da görüşmək özü işdir.

Bakıda olanlar üçün rahatdır. Amma seçiciləri rayonda olanlar bir az çətinlik çəkirlər. Deputatın işi çoxdur.

-Uzun illərdir parlamentin deputatısınız. Bu illər ərzində dünyanın bir sıra ölkələrinə səfərləriniz olub. Azərbaycan deputatı ilə xarici deputatların hansı fərqli və oxşar cəhətlərini görmüsünüz?

-Birincisi, xarici ölkələrlə Azərbaycanın fərqləri var. Məsələn, bizim özümüzə məxsus dilimiz, davranışımız bizlərə aiddir. Xaricilər isə başqa cürdür. Yəni xarici vətəndaş gəlib Bakıda özünü xaricdə olduğu kimi aparsa, deyərsən ki, bu dəlidir ki... Biz azərbaycanlıyıq. Bütün xarici deputatlar Azərbaycandan öyrənsinlər. Bizim mədəniyyətimizdən xəbərləri olsun.

Azərbaycan mədəniyyəti, qonaqpərvərlik standartı başqa ölkələrdə yoxdur. Mən biləni xarici deputatlar bilmir. Oturub ordan-burdan danışanda, görürəm mənim kimi riyaziyyatı, kibernetikanı, biokibernetikanı bilmirlər.

Kibernetika yaranandan sonra kompüter texnologiyaları yarandı. İlk dəfə 1948-ci ildə yəhudiəsilli Amerika alimi Norbert Viner kibernetika ilə bağlı ilk kitabı yazdı. Kitabın adı belə idi: “Кибернетика, или управление и связь в животном и машине”.

Canlı orqanizm deyəndə insan da bura daxildir. O zaman Stalinin dövründə Moskva bu kitabın SSRİ-yə gətirilməsinə qadağa qoydu. 1958-ci ildə nəyahət Stalindən sonra bu kitab rus dilinə tərcümə olundu.

Sən demə biz vaxtında o kitabı, kibernetikanı bilmədiyimizə görə kompüter texnologiyalarında 10-15 il Amerikadan geri qalmışdıq. ABŞ-da artıq 1948-ci ildə ilk kompüter yaratmışdılar. Biz isə 1960-ci illərdə bu kitabın hesabına kompüterdən 10 dəfə kiçik cihazlar əldə edə bildik. Bəzi məsələlərdə biz xaricilərə “fora” verə bilərik. Xarici deputatlar bizdən çox şey öyrənməlidir.

Bu elm sahəsində də belədir. Kibernetika bütün elmlərin şahıdır. Bütün dünyanın idarə olunmasında kibernetikadan istifadə olunur. Bəziləri deyir ki, “mən rəhbərliyə, idarəetməyə gəlmişəm”. İdarəetmənin prinsiplərini, kibernetikanın nəzəriyyəsini, “Feedback” yəni, əks əlaqə sistemini bilməyən idarə edə, idarəçilikdə uğur qazana bilməz.

-Ağacan müəllim, Bədən Tərbiyəsi və İdman Akademiyasının uzun illər rektoru olmusunuz. Bu gün ölkədəki təhsil səviyyəsi sizi qane edirmi?

-Bizim təhsil sistemimiz bu gün o qədər gözəldir ki, biliyimiz amerikanlılardan da, fransızlardan da çoxdur. Əgər ABŞ-da, Fransada 50 milyondan 1 nəfər dahi çıxıbsa, biz 10 milyonuq axı... Hələ indi 10 milyonuq...

Müstəqillik dövrünün əvvəllərində 6-7 milyon idik. Uzun illər Sovet İttifaqının təhsil sistemində olmamıza baxmayaraq, bir çox nüfuzlu alimlər verə bildik.
Bu gün də düzgün təhsil strategiyamız var. Söhbər əsl Avropa təhsil sistemində olmaqdan gedir.

-Deyəsən SSRİ təhsil sistemini tərifləyirsiniz...

-Rusiyaya təhsil haradan gəldi? Əlbəttə ki, Avropadan. I Pyotr Avropa pəncərəsini Rusiyanın üzünə açdı. Pyotr Peterburqdan 1703-cü ildə Avropaya qapı aça bildi. O zaman Qafqazda olduğu kimi, Rusiyada da kilsə məktəbləri var idi.

Pyotr məhz Almaniyadan 16 alimi, universitet professorunu Rusiyaya dəvət etdi. Pyotr özü Hollandiyada gəmiqayırma texnologiyasını öyrəndikdən sonra gördü ki, Avropada çertyoj, layihə, hesab, riyaziyyat, fizika var. Pyotr bütün boyarların saqqalını qırxdırıb, paltarlarını dəyişdirib onları adam elədi.

Pyotr Almaniyadan gələn 16 alimin qarşısına kisələrdə qızıl qoydu və dedi ki, Rusiyada da universitet, akademiya açsınlar.

Alman alimlər də gülərək cavab veriblər ki, “bizə qızıl lazım deyil, akademiya, universitetlər belə açılmır. Siz əvvəlcə gimnaziyalar, məktəblər açmalısınız”.

1708-ci ildə ilk dəfə Rusiyaya gələn həmin 16 alman alimi Peterburqda məktəblər açdılar. Ondan 4-5 ildən sonra isə Moskvada, Sankt Peterburqda, Kazanda, Kiyevdə, Həştərxanda universitetlər açıldı. Beləliklə də, Çar Rusiyasında əsl Avropa-alman təhsil sistemi yarandı.

1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra sovet təhsil sistemini Çapayev yaratdı? Xeyr, əlbəttə ki yox... Sovet hökuməti I Pyotrun Çar Rusiyasına gətirdiyi təhsil sistemini inkişaf etdirdi.
Mən fəhlə balası olmuşam. Atam da, anam da fəhlə idi. 9 uşaq olmuşuq. Bizə fəhlə Qulamın uşaqları deyirlər.

Həmin 9 uşaqdan 4-ü bu gün müxtəlif elm sahələri üzrə elmlər doktorudur. Qardaşım Əsgər Abiyev qırmızı diplomla Moskva Dövlət Universitetini bitirib. Kiçik qardaşım Teymur Abiyev də Moskvada Rusiya Elmlər Akademiyasının riyaziyyat institunu bitirib və riyaziyyat elmləri doktorudur.
Bacım baş həkim idi, indi təqaüdə çıxıb. Tibb Universitetini qırmızı diplomla bitirmişdi və indi tibb elmləri doktorudur. Mən sovet təhsil sistemini necə tərifləməyim ? Təriflənəsidir də...

-Sizcə fəhlə uşaqlarının, kasıbların təhsil alması üçün bu gün yetərincə şərait varmı?

-Əlbəttə şərait var. O vaxt da var idi, elə indi də var.

-Axı hər il universitetlərin illik təhsil haqları qalxır...

-Biz bazar iqtisadiyyatına keçmişik. Qabaq kommunist, sosiast isqtisadiyyatı idi. İndi təhsil sistemi də bazar iqtsadiyyatına uyğunlaşdırılıb.

Təhsil haqlarına indi dövlət müəyyən kömək edir. Əlaçı oxuyan tələbələr də müəyyən imtiyazlardan yararlanırlar. Sən “2” və “3” qiymətlərələ oxusan, dövlət sənə borclu deyil ki, təhsil haqqına güzəşt etsin.

İstedadlı gənclər hətta xaricə də təhsil almağa göndərilir.

-Amma xaricədə təhsil üzrə Dövlət Proqramı da dayandırılıb...

-Məncə bu, maliyyə problemləri ilə bağlı olaraq müvəqqəti dayandırılıb.

-Sizcə bu yaxşı addımdır?

-Mən Təhsil Nazirliyində işləmirəm. Ona görə də bunun yaxşı, yaxud pis olmasını deyə bilmərəm. Ümumiyytlə, Azərbaycanda təhsil strategiyası çox yüksək səviyyədədir. Təhsilə dəstək üçün kredit fondları da var.

“3”, “4” qiymətlə elə kimsə havayı təhsil almaq istəyirsə, bunu yuxusunda görər. Zəif oxuyursansa, oxuma... Get işlə... Bizə 1000 nəfər zay alim lazım deyil. 8 alim olsun, amma əsl alim olsun. Bu bizə bəs edər.

Uşaqlarımız da, ailələr də bilməlidirlər ki, Azərbaycana əsl mütəxəssislər lazımdır. Burada dövlət dəstəyi də mütləq olmalıdır ki, tələbələr mütəxəssis kimi yetişə bilsinlər.

-“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi. Bundan sonra xaricdə dini təhsil alıb Azərbaycana gələn şəxslər dini təhsil və dini etiqadların yerinə yetirilməsində iştirak edə bilməyəcəklər. Hökumət və parlament belə hesab edir ki, ərəb və islam ölkələrində dini, islam təhsili alıb gələn insanlar özləri ilə təhsil aldıqları ölkələrin və orada mövcud olan məzhəblərin ideologiyasını da gətirir və bu da dövlətçilik üçün çox təhlükəlidir.

Sizcə, Avropada ilahiyyatı, islamı tədris edən nüfuzlu universitetlərə təhsil almaq üçün azərbaycanlıları göndərmək olarmı?

-Əgər bütün dünya mən və sən istəyən kimi olsaydı, azərbaycanlıları ən nüfuzlu, inkişaf etmiş Avropa universitetlərinə islamdan, ilahiyyatdan təhsil almağa göndərmək olardı. Amma bu gün dünya korlanıb. Get-gedə də korlanır. İnkişaf edən ölkələrə həsəd aparılır, badalaq vurulur.
Biz balalarımızı İngiltərəyə, Fransaya, Almaniyaya islamı, ilahiyyatı öyrənmək üçün göndərdik. Onlar da oralarda əsl islamı, ilahiyyatı öyrənmək istədilər. Amma axı o ölkələrə gedib islam, ilahiyyat təhsili alanlara ilişirlər. Elə İngilərədəki xüsusi xidmət və kəşfiyyat orqanları çalışırlar ki, həmin uşaqların beynini yuyub, dəyişib özlərinin agenti edib, özlərinə işlətsinlər.
Avropaya gedib islam təhsili alıb Azərbaycana qayıdan mütləq həmin Avropanın agenti kimi vətənə qayıdacaq.

Nə qədər ki, dünyada inkişaf edən ölkələri sıxmaq, əzmək istəyən böyqk dövlətlər var, hər zaman bu, belə də olacaq.

Ona görə də mən din məsələsinə, islam təhsilinə qalanda balalarımızı elə öz ölkəmizdə öyrətməyin tərəfdarıyam. Bunun üçün mütləq gedib Amerikada, Avropada oxumaq lazımdır?

Bizə mollalar yox, əsl ilahiyyatçılar lazmdır. İslama aid yüzlərlə, minlərlər kitablar tərcümə olunub. Fars, ərəb dilində də kitablar var. Kim istəyir oxusun da...

Maraqlısı odur ki, gənclərimiz islamı niyə axı məhz Amerikada, İngiltərədə öyrənməlidir? Dərd burasındadır ki, ərəb, islam ölkələri kənardan gələnlərə islamı necə öyrədirsə, Amerika İngiltərə, Fransa da elə öyrəcədəcək...

Həm də Amerikaya gedincə, elə Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə gedib islam təhsili alaram da...

-Axı Azərbaycan adını çəkdiyiniz islam ölkələrində də islam təhsili almağı məqsədəuyğun saymır. Dövlət hesab edir ki, ümumiyyətlə ərəb və islam ölkələrində islam təhsili alıb Azərbaycana qayıdan insan ölkədə dini təhsil verə bilməz...

-Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, islamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm.

Bizim üçün Amerikada, İngiltərədə təhsil alıb ökəyə qayıdan texnika və texnologiyalar üzrə mütəxəsislər daha faydalıdır.

Bu günə qədər islamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. Din sadəcə öyrədir ki, biz hardan gəlimişik, kim olmuşuq və indi kimik.

İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərrəqidə nəyə nail oldu? Ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı? Heç nəyə... İslam yaranandan ancaq tarixi öyrənə bilmişik.

Allah bizi yaradıb və yaşamaq üçün təlimat yazıb. İnsanlar bəzən o qədər yolundan çıxır ki, onları yoluna qaytarmaq lazım gəlir. Bunun üçün əvvəlcə peyğəmbərlər gəldilər, bizə kömək etdilər. Sonra isə onların yazdıqları kitablar imdadımıza yetdi. Allah nə deyir ? Deyir ki, “ey insanlar mən sizi insan yaratdım”. İndi görün Qurani-Kərimdəki təlimatlarda insanın yaşaması üçün nələr yazılıb...
Akademik olmaq üçün Amerikada oxumaq yox, elə Qurani-Kərimi oxumaq bəs edər. Sən kompyür yarada bilməzsən, amma insan kimi yaşamaq üçün Quranda yazılarlara əməl et də... Kitabda yazılıb ki, namaz qılmaq üçün ayağını, əlini belə at, elə qoy. Buna görə Amerikaya, Avropaya getmək lazım deyil.

Mən din, islam üçün Amerikaya, Avropaya, hətta İrana da getməyin qəti əleyhinəyəm. Məsciddə olan din xadimlərimiz bu işlərin öhdəsindən gələ bilər. Çünki xaricdə islam təhsili alanlar sonradan başımıza “Nardaran oyunları”nı açır.

Bir nəfər gedib xaricdə oxudu gəldi, Nardaranda nə oyun çıxartdı, qan su yerinı axdı, nə qədər insan həyatına son qoyuldu. Nardaran camaatını bədbəxt etdi. Həmin günlərdə nardaranlılar əsl zülm çəkdi.

Bir də ki, xaricə təhsil almağa gedənlərin psixoloji durumu yoxlanılmalıdır. Yoxlamaq lazımdır ki, xaricə təhsil almağa gedənlər psixoloji olaraq nə qədər dayanıqlıdır. Psixoliji dayanıqsız adamı yoldan çıxarmaq asandır.

-Psixoloji durumu yoxlamaq üçün xaricə göndərilən tələbələr Azərbaycanın xüsusi xidmət orqanlarında test olunmalıdır?

-Ümumiyyətlə, hansısa azərbaycanlını test edib xaricə göndərmək də o qədər vacib deyil. Azərbaycan xalqına birmənalı olaraq xaricdə təhsil alan, hazırlanmış molla lazım deyil.
Azərbaycanda hazırlanmış mollalarımız, ali təhsil müəssisələrində yetişdirilən ilahiyyatçılarımız daha faydalı olar.

-Bəs belə olan halda bu gün ölkədə milli maraqlar əsasında təhsil alan ilahiyyat fakültələrinin tələbələri nəyə görə təhsil haqqından azad olunmurlar?

-Güya İrana, ərəb ölkələrinə təhsil almağa gedənlər orada havayı oxuyurlar? Orada da pul verirlər də.

-Bilirsinziz, məsələn, Bakı İslam Universitetinin İlahiyyat fakültəsinin illik təhsil haqqı 2000 manatdır. Əgər dövlət milli ilhaiyyatçı kadrların yetişməsində maraqlıdırsa, bu təhsil haqqını ləğv edə bilər axı...

-Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültəni oxumaq olar. Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnoligiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib İslam təhsili alan adamı mən qəbul etmirəm. İslam təhsilindənsə, elə ildə 2500 manat ödəyib ərəb dilini, qrammatikasını, tərcüməsini daha sərrast öyrənsinlər, şərqşünas olsunlar.
Quranın, dinin ekspermenti yoxdur. Bizə bu gün ekspermental elmlər daha çox gərəkdir.

-Cəmiyyətdə ateist, sekulyar təffəkkürlü insanların sayının artmasının tərəfdarısınızmı ?

-7-ci əsrdə İslam dini yarandı. Məgər 7-ci əsrdən 2-3 min il qabaq sivilzasiyalar, inkişaf yox idi? Əlbəttə var idi.

Qədim yunan, Roma, Misir, Mesopotomiya mədəniyyəti olub axı... Din insanlara özlərini insan kimi aparmağa kömək edən təlimat, vasitədir. Musa, İsa və Məhəmməd peyğəmbərdən gələn hər 3 kitab eyni şeydir. Hər 3 kitab Allahın adından yazılıb. Ona görə də ildə 2500 manat ödəyib ilahiyyatdan təhsil almaq mənasızdır. Din məktəbləri çox fərqli olmalıdır.

-“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi qəbul olundu. Bundan sonra dopinqə görə idmançılar əvvəlkindən də sərt şəkildə maliyyə cəriməsi və digər formalarda cəzalandırılacaqlar. Özünüz də peşəkar boksçu olmusunuz. Sizcə maliyyə baxımından kasıb idman federasiyaları bundan sonra nə edəcəklər ?

-Birincisi Azərbaycanda bu qanun qəbul olunmasını alqışlayıram. Çünki bu qanun əslində ölkəmizdə çoxdan qəbul olunmalı idi. Kasıb idman federasiyalarına gəldikdə isə idmançıları dopinq qəbul etməsinlər də... Nə məcburdur ki? Dopinq qəbul edib yarışa çıxan heç bir idmançıya güzəşt olmamalı və onlar bağışlanmamalıdır. İdman təmiz olmalıdır. Dopinq idmanda xuliqanlıqdır. Bundan əvvəl İnzibati Xətalar Məcəlləsində dopinqə görə 100, 400 manat cərimələr var idi. Amma indi bu maliyyə cərimələrinin bir neçə qat artırılması çox gözəl oldu. Dopinqə qarşı mübarizə idmanı pis ünsürlərdən təmizləyəcək. Dopinqi qəbul edib yoxladın, at getsin, ona vərdiş etmə də...

Əslində Beynəlxalq Antidopinq Agentliyinin ölkələrə dopinqə qarşı mübarizə ilə bağlı ültimatım verməsi də yaxşıdır. Çünki xəbərdarlıq edilir ki, əgər Olimpiya Oyunlarında hansısa ölkənin idmançısında dopinq aşkarlansa, o ölkə və həmin idman üzrə komanda yarışlardan məhrum ediləcək.

Yeni qanunla Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi də müsbət addımdır. Gərək bizim idmançıları çox baha dopinq testləri ilə Beynəlxalq Antidopinq Agentliyi yoxlasın? Elə öz milli agentliyimiz bu işlə məşğul ola bilər.

-Bildiyimiz kimi, Azərbaycanda bir sıra idman federasiyalarının prezidentləri nazirlərdir. İdmançıları dopinqlə tutulan idman federasiyalarının prezidentləri barəsində hansı tədbirlər görülə bilər?

- Milli Məclis bu qanunu qəbul etdi. Bundan sonra artıq bütün milli idman federasiyaları toplaşıb işlərini qanunauyğun şəkildə qurmaq haqqında ciddi düşünməlidirlər.

Əgər bundan sonra hansısa idman federasiyasının idmançılarında dopinq aşkarlansa, federasiya prezidenti idmançı və məşqçidən qabaq gedəcək. Federasiya rəhbərliyi mütləq öz federasiyalarına ciddi şəkildə nəzarət etməlidirlər. Federasiya prezidentləri məşqçilərini və idmançılarını yığıb deməlidir ki, “qardaş, artıq dopinq qutardı, dopinqə stop!”.

- Ancaq Beynəlxalq Antidopinq Agentliyi dünya ölkələrinə məsləhət görür ki, dopinqə görə idmançıları uzun müddətli yarışladan məhrum etmək, karyeralarını məhv etmək də olmaz, bu ədalətsizlikdir...Yəni idmançılara yalnız maliyyə cərimələri yazılmalıdır...

- Xeyr, ədalətsizlik deyil. Mən təmiz idmançı kimi rinqdə can qoyum, tər töküm, fiziki işləyim, amma sən dopinq qəbul elə və mənə qalib gəl, çempion ol? Bu ədalətlidirmi?

- Axı, gənclər və idman naziri Azad Rəhimov da Milli Məclisdə qanunun müzakirəsi zamanı Beynəlxalq Antifdopinq Agentliyinin bu istəyini səsləndirdi...

- Bundan qabaq olanlar keçdi. Artıq yeni qanundan sonra dopinqə qarşı mübarizə ciddi və sərt şəkildə aparılacaq.

İdmançı, məşqçi öz karyerasını və dövlətinin adını ləkələmək istəmirsə, dopinqdən uzaq durmalıdır.

-Yeni qanunla artıq məşqçilərə idmançısı dopinq qəbul etdiyinə görə cinayət işi də açılacaq. Bunu necə qiymətləndirirsiniz?

-Məşqçi idmançısının dopinq qəbul etməsini bilirsə, öz əliylə idmançıya dərman verirsə, məşqçi yüz faiz ən böyük cinayətkardır.

O cavan uşaqdır, 17-18 yaşı var. Axı, ay məşqçi, sən yekə kişisən, niyə bilə-bilə idmançını məhv edirsən? Məşqçilər idmançılardan da sərt cəzalandırılacaq.

-Dopinqə görə xaricdən gətirilən, əcnəbi məşqçilərin adları daha çox hallanır...

- Bilirsən necədir... Kimsə nə vaxtsa idmançıya dopinq yedizdirib ölkədən çıxıb gedibsə, gecdir... Qatar artıq gedib. Bu gündən sonra əcnəbi məşqçilər də dopinqə görə cinayət məsuliyyətinin olduğunu biləcəklər.

Son Olimpiya Oyunlarında Azərbaycan idmançılarında dopinq çox da olmadı. Yalnız ağırlıqqaldıranlarda dopinq aşkarlandı. Onlar da heç yer də tutmamışdılar.

Bundan sonra Azərbaycanda bütün idman növlərində dopinqə son! Bizə dopinqlə medal, çempion lazım deyil!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1003 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...