Cocuq Mərcanlıya köçənlərə hələlik kupça verilməyəcək
Bu gün Biləsuvarda məskunlaşan bir qrup cəbrayıllı köçkünlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında müqavilə imzalanıb. Bu barədə Modern.az-a ilkin mərhələdə Cocuq Mərcanlıya köçəcək ailələrdən birinin başçısı İsmət Həziyev məlumat verib. Xatırladaq ki, İ.Həziyev Cocuq Mərcanlının hələlik yeganə sakini Oqtay Həziyevin qardaşıdır.
İ.Həziyev deyib ki, müqavilə şərtlərinə əməl etməyənlərin evləri əlindən alınacaq:
“Üç ay müddətində, kəndin yuxarı hissəsində tikinti işləri yekunlaşana qədər əlavə tikinti aparıla bilməz. Bütün əşyalarını evə yerləşdirdikdən sonra qapını bağlayıb geri qayıdanların evi əlindən alınacaq. Əgər ailə başçısı evdə tək oturub, digər ailə üzvlərini əvvəl məskunlaşdığı yerə qaytararsa, onun da evi əlindən alınacaq. Verilən evdə və ətrafında dəyişiklik, söküntü və tikinti qadağandır”.
Kənd sakini bildirib ki, hələlik vətəndaşlara “kupça” verilməyəcək:
“Tikintisi davam edən 100 ev də hazır olanda, yəni oktyabrda kənddə özəlləşdirilmə aparılacaq. Torpaq, ev özəlləşdirildikdən sonra sakinlərə kupçalar veriləcək. Biz kupça almadan, müqavilə əsasında kəndə köçəcəyik”.
İ.Həziyev bildirib ki, iyulun 2-3-də evlərin sənədləri təqdim olunacaq:
“Dövlətqaçqınkom tərəfindən 50 ailəyə evlərin sənədləri təqdim olunacaq. Bundan sonra köç başlayacaq”.
Xatırladaq ki, bundan əvvəl ilkin mərhələdə Cocuq Mərcanlıya köçəcək Bakıda məskunlaşan məcburi köçkünlərlə bu cür müqavilə bağlanıb.
Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.
855 dəfə oxundu