İçkini kartla, siqareti isə nağd alacağıq...

İçkini kartla, siqareti isə nağd alacağıq...


“2015-ci il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub”. Virtualaz.org saytının müxbiri xəbər verir ki, bunu bu gün Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransındakı çıxışında vergilər nazirinin I müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov deyib.

N.Əmirov əlavə etdi ki, vergi orqanları bu ili müsbət nəticələrlə başa vuracaq. Nazirliyin Vergi siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov isə dedi ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklər gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Natiq Şirinov spirtli içki satışındakı yeniliklərə də aydınlıq gətirdi: “Dəyəri 50 manata qədər olan aksiz markalı məhsulun satışına görə 100 manat cərimə tətbiq olunur. İctimai iaşə obyektlərində, kafe-restoranlarda satışına görə isə cərimə tətbiq olunmur. Əgər məhsul bağlı şəkildə yox, ağzı açılıb süzülərək satılırsa, ona cərimə tətbiq olunmur və həmin məhsulu nağd şəkildə almaq olar”. “Aksiz markası ilə markalanmalı olan məhsulların satışının kart sisteminə keçirilməsi ölkədə nağdsız əməliyyat mədəniyyətinin formalaşdırılması məqsədi daşıyır. Yəni əsas məqsəd təkcə vergi ödənməsi deyil” - bunu isə vergilər nazirinin birinci müavini Natiq Əmirov dedi.

Onun sözlərinə görə, cərimənin aksiz markalı məhsullara ilk növbədə tətbiq olunmasında məqsəd həm də sosial məsələ ilə bağlıdır: “İçki içib uğur qazanan adam görməmişik. Normal adamlar normal formada kartı ilə gedib içkini ala biləcək. Vətəndaşlar debit, kredit və digər ödəniş kartlarından istifadə etməklə aksiz markası ilə markalanmalı olan məhsulları ala bilər ”.
N.Əmirov əlavə etdi ki, tütün məmulatlarına kartla ödəniş tələbi tətbiq olunmur: “Tütün məmulatlarından istifadənin çoxluğunu, xüsusən də yaşlı adamların çoxluğunu nəzərə alaraq ilkin mərhələdə bu yenilik tütün məmulatlarına tətbiq olunmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1060 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...