AZƏRTAC müasir çağırışlara cavab vermir - Media islahatları bu qurumdan başlamalıdır

AZƏRTAC müasir çağırışlara cavab vermir -
Deyirlər ki, hər cür müqayisə qüsurludur. Müqayisə etmədənsə real qiymətləndirmə aparmaq mümkün deyil. Məsələn, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın fəaliyyətinə qiymət verərkən istər-istəməz qonşu ölkələrin dövlət agentliyini göz önünə gətirirsən, paralellər aparırsan. Baxırsan ki, Rusiyanın TASS və RİA Novosti, Türkiyənin Anadolu agentliyi hara AZƏRTAC hara. İstər Rusiya, istərsə də ki, Türkiyənin dövlət xəbər agentlikləri ölkə mətbuatında lokomotivdir. Və onlarla rəqabət aparmaq isə heç də hansısa özəl xəbər agentliyinin hünəri deyil. Di gəl ki, AZƏRTAC ölkə daxilində rəqabətdə nəinki APA və “Report”a, hətta Turana belə uduzur. Açığı uduzur demək bir az zəif səslənir. Əslində AZƏRTAC adını çəkdiyimiz agentliklərin yanından heç yel olub keçə bilmir.

Baxmayaraq ki, AZƏRTAC böyük bir informasiya maşınıdır. İllik büdcəsi 9,210 milyon manatdır. 200-dən artıq ştata malikdir. Bu azmış kimi ötən ilin dekabr ayında Agentlik üçün Bakının Atatürk prospekti 70 ünvanında inşa olunmuş 9 mərtəbəli bina istifadəyə verildi. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıb. Bir sözlə, AZƏRTAC-a yaradılan şəraitə dünyanın istənilən aparıcı xəbər agentliyi qibtə edə bilər.

Di gəl ki, yağ içində böyrək kimi bəslənilən agentliyin iş əmsalı 0-a bərabərdir. Hazırda ölkəmizdə 200-dən artıq xəbər portalı fəaliyyət göstərir. Bu qədər xəbər portalından 1-i, yaxud 2-si gün ərzində AZƏRTAC -a istinadən xəbər yayımlayar. Amma APA və “Report”-un xəbərləri istənilən xəbər saytının gündəlik nəşrində ən azı 15-20 faiz yer tutur. Hələ onu demirik ki, dövlət agentliyinin yayımladığı xəbərlərin oxucusu da yoxdur. Bəlkə elə ona görədir ki, Agentlik xəbərlərin oxunma sayını gizlədir.

Baxmayaraq ki, agentlik 5-6 dildə xəbər yayımlayır. Dünyanın müxtəlif ölkələrində 21 müxbir məntəqəsi var. Amma bu 21 məntəqədən gün ərzində bəlkə də 21 dənə orjinal xəbər yayımlanmır.

Bu gün AZƏRTAC ancaq nazirlərin, icra başçılarının şəninə güzgü tutur. Gün ərzində yayımlanan xəbərlərin 70-80 faizi “bəy tərifi” və yaxud “dalay-dalay”dir. Bu yazını hazırlayarkən Agentliyin səhifəsinə göz gəzdirdik. Xəbər lentinin düzümünə baxın: “Dubayın turizm sektoru postpandemiya dövrünə qədəm qoyur”, “Bred Pitt Fransadakı qəsrində bir il ərzində xəzinə axtardığını etiraf edib”, “Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir” və sairə. Bəsit olduğu qədər yersiz, yersiz olduğu qədər başdansovdu xəbərlər sıralanıb gedir. Həmin andaca digər agentliklərin bir neçəsinin səhifəsinə baxırıq. Xəbər lentlərində digər məsələlərlə yanaşı ölkə başçısı İlham Əliyevin Özbəkistana dövlət səfərinin yekunları ilə bağlı rəylər, hesabatlar yer alıb. Bütün türk dünyasının maraqla izlədiyi Daşkənd görüşləri ölkəmizdə də, həmçinin bütün aparıcı informasiya kanallarında yetərincə təşviq edilir, perspektivlər müzakirə olunur. AZƏRTAC isə ələşən-küləşən yazır. Halbuki, Agentlik Özbəkistanın tanınmış ictimai xadimlərinin rəyini öyrənib azərbaycanlı oxuculara çatdıra bilərdi.

İlham Əliyevin bu səfəri Böyük Turan birliyinə çox böyük bir töhfə idi. İlk dəfə iki dost ölkənin başçıları şirin türk ləhcəsi ilə həmsöhbət olurdu. Amma nə yazıq ki, bu çağırışları və ideyaları AZƏRTAC rəhbərliyi görmür, onun yerdəki nümayəndələri isə sadəcə əxz edib başa düşə bilmir.

Bu isə onun sübut edir ki, bu qurumda ciddi islahatlara ehtiyac var. AzərTAC-da iş sistemi elə qurulmalıdır ki, dövlətin verdiyi imkanlar hesabına qısa zaman kəsiyində nəinki regional, hətta dünya səviyyəli agentliyə çevrilsin. Ona görə öz missiyasınnı yaxşı dərk etməyən AZƏRTAC rəhbərliyi bu gün ancaq və ancaq cılız görünən məlumatları cəmiyyətə ötürmək üçün səfərbər olub. Bu, belə olmasaydı, insanları narahat edən hansısa xəbər, problem Agentlyin səhifəsində özünə yer tapardı. Ümumiyyətlə, mükəmməl analitik yazılar, araşdırma məqalələr, müasir çağırışlara cavab verən xəbər siyasəti AZƏRTAC-ın işində demək olar ki, hiss edilmir. Hələ biz cəmiyyəti düşündürən problemlərin qabardılmasını demirik. Deyəsən, Aslan Aslanov sözün əsl mənasında qocalıb. 71 yaşında onun pensiyaya getmək vaxtıdır, o isə hələ sovet dönəmində qalıb.

Cənablar, biz həqiqətən Media islahatları aparmaq istəyiriksə, elə bunu AzərTAC-dan niyə başlamayaq ki?!

Konkret.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...