“Yəqin ki, Hacıbala müəllimi tənqid edən müğənnilərə qadağalar qoyulacaq” – Tahir İmanovdan SENSASİON AÇIQLAMA
"Nə qadağaları varsa, bizə tətbiq etsinlər”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətinə həsr olunan tənqidi kliplə bağlı danışarkən söyləyib. O, şou-biznes nümayəndələrinin ifası ilə icra başçısının fəaliyyətinin tənqid edilməsində satira və yumorun olduğunu bildirib:
"Bu bizim keçən ilki konsertimizin kiçik bir parçasıdır. İndi yayımlayırlar. Burada məqsəd bizi siyasi oyunların və hansısa konfiliktlərin mərkəzinə çəkməkdir. Siz bilirsiz ki, Hacıbala Abutalıbovu ilk parodiya edən biz olmuşuq. O dövrdən bu günə kimi burada yumor və satiradan başqa heç nə olmayıb. Mən bütün saytlardan xahiş edirəm ki, ara qızışdırmasınlar”.
T.İmanov illərdir məmurların fəaliyyətini tənqid etdiklərini və buna görə telekanallara buraxılmadıqlarını deyib:
"Biz illərdir ki, məmurları və onların fəaliyyətlərini tənqid etmişik. Buna görə, bu gün bizə telekanallar qadağalar qoyublar. Buna görə teatrımız ac saxlanılır. Halal xoşları, yenə də buna bir söz deməyəcəyik. Bizim sənətimizə qiymət versinlər, başqaları ilə işimiz yoxdur”.
Aktyor Hacıbala Abutalıbovun onunla görüşdüyünü və ilk parodiyasından sonra ona təşəkkür etdiyini də əlavə edib:
"Ümummilli Lider Heydər Əliyev və İlham Əliyev bizim konsertlərimizə gələndə təkcə Hacıbala Abutalıbov deyil, bütün məmurların hamısı bizimlə çox xoş münasibətdə idilər. Hətta ilk parodiyadan sonra Hacıbala Abutalıbov məni öz kabinetinə dəvət edərək təşəkkürünü bildirmişdi. Bunların hamısını ona görə deyirəm ki, o zamankı dövrlə indini müqayisə edəsiniz. Həmin tənqid, həmin satira, həmin yumordu. Amma indi bizim teatrı sıradan çıxartmağa çalışırlar. Səbəb isə tənqidlərimizdir. Bizə telekanallar deyirlər ki, siz də müasir dövrlə ayaqlaşın, sizə efir vaxtı verək. Niyə? Biz zirvələri fəth etmişik. O zirvələri ona görə fəth etmişik ki, bu gün onların dediyini edək? Buna biz imkan verə bilmərik. Öz fəaliyyətimiz ilk gündə olduğu kimi davam edəcək. Bizim adımız tək Azərbaycan tarixinə deyil, beynəlxalq KVN tarixinə yazılıb”.
T.İmanov məlum klipdən sonra orada iştirak edən müğənnilərin icra hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək konsert proqramlarına qadağalar qoyulacağını deyib:
"Yəqin ki, həmin müğənnilərə icra hakimiyyətinin tədbirlərində qadağalar qoyulacaq. Mən bunu bilirəm. Bunu etməsinlər. Bilirsiz ki, bu artıq bizim ölkədə məşhur taktikadır. Bir şey olmamış qadağalar tətbiq edilir. Bir daha deyirəm ki, bu layihə mənim təşəbbüsüm ilə həyata keçirilib. Nə qadağaları varsa, bizə tətbiq etsinlər. Burada qeyri-adi bir şey yoxdur. Biz demokratik bir ölkədə yaşayırıq və tənqidlərin də olması bu səbəbdən normaldır”.
1178 dəfə oxundu