"Ətrafımda hətta qohumlarımı görmədim"

"Ətrafımda hətta qohumlarımı görmədim"


Bu gün xalq artisti, sevilən sənətkar Flora Kərimovanın doğum günüdür.

Biz də onu təbrik etdik, amma sənətkar o havada deyildi.

Ağdamın işğal günündə doğum günü əhvali-ruhiyyəsində olmadığını bildirən Flora xanım 74 yaşını qeyd etməyəcəyini dedi.

Milli.Az publika.az-a istinadən illərin həmişəcavan, məlahətli sənətkarını söhbətə çəkib.

- Flora xanım, ilk təbriki kimdən aldınız?

- Təbriklər iki gün əvvəldən başlayıb. Telefonlarım susmur, hamı zəng edir, xoş sözlər deyir. İlk təbriki övladlarımdan aldım. Mənə bu dünyada onlardan əziz heç kim yoxdur. Zamanında çox ağrılarım-acılarım olub, Tanrı bir əlimə qismətlərimi verib, o biri əlimdən əzizlərimi alıb. Valideynlərimin itkisi mənim üçün unudulmaz yara olub. Bu gün də anamın "can" kəlməsinə ehtiyacım var. Yadımdadır ki, çətin günlərimdə, ətrafımda dostlarımı görməyəndə anam mənə bircə kəlmə "can, ananın anası ölsün" deyirdi və məni sakitləşdirirdi.

- Amma ətrafınızda sizi bu qədər sevən insanlar var...

- Mən heç vaxt insanların səmimiyyətinə inanmamışam.

- Niyə?

- İnsan əvvəlcə sənə dost deyib, müəyyən bir vaxtdan sonra məcburən kiminsə təpkisiylə, ya təsiriylə səndən üz çevirə bilirsə, hansı səmimiyyətə inanım? Həyatımda çətin günlərim oldu, həmin vaxt ətrafımda hətta qohumlarımı, dost saydığım insanları görmədim. Ümumiyyətlə, mənim ömürboyu iki sözdən xoşum gəlməyib və heç vaxt da leksikonumda olmayıb - halallıq və səmimiyyət. Bu iki sözü sevməmişəm. Halallığın səmimiyyətinə, səmimiyyətin də varlığına inanmamışam. Həyatda nümunə yoxdur. O nümunənin də sadəcə, oxşarı ola bilər. Amma heç vaxt mənə üz tutan insanın gümanına kor olmamışam.

- Hətta səmimi olmasa da belə?

- Var sadə insan, var sadəlövh insan. Mən sadəlövh insan olmamışam. Görəndə ki, o insan məndən istifadə edir, reaksiyam çox sərt və kəskin olub. Dərhal onu yanımdan uzaqlaşdırmışam və bir daha yanımda görmək istəməmişəm.

- Hətta üzrxahlıq etsə də belə?

- Bəli, mən çox sərt və kinliyəm.

- Adətən, kinli insanlar həm də qisasçı olur...

- Razıyam, qisasçıyam.

- Amma belə deyirlər ki, ən böyük qisas, sadəcə, unutmaqdır...

- Yox, mən belə düşünmürəm, ən böyük qisas elə qisas almaqdır. Heç vaxt heç kimə məni tapdalamağa, qürurumu sındırmağa, mənəviyyatımı əzməyə imkan verməmişəm. Buna cəhd edənlərə qarşı da qisas hissim olub.

- Bağışlamağı bacarmırsınız?

- Heç vaxt bağışlamıram.

- "Bağışla, bağışla, məni bağışla"... Məşhur mahnınız yadıma düşdü. Bəs özünüz niyə, bağışlamadığınız halda, bağışlanmağınızı istəmisiniz?

- Qələt eləmişəm, bax elə belə də yaz. Mən həyatımda övladlarımdan başqa heç kimə "bağışla" deməmişəm.

- Allah bağışlayırsa, biz insanlar niyə bağışlamayaq?

- Əslində, o günahı etməyə və elə sonradan bağışlanmağa səbəbi yaradan da Allahdır. Hər şey Ondandır, buna görə də bağışlamamaqla bu yükü üzərimdən götürmüş hesab edirəm.

- Ay Flora xanım, insandır, səhv edib, yalvarışla bağışlanmağını istəsə də, bağışlamazsınız?

- Heç vaxt.

- Bayaq dediniz ki, səmimiyyətə inanmamısınız, bəs sevgiyə?

- Sevgiyə də inanmamışam. Nə vaxtsa bu hisslər dəyişəcəksə, sevgiyə necə inanmaq olar.

- Amma həmişə sevilən qadın olmusunuz...

- Həyat yoldaşlarımın, yox, qismət yaz, qismətlərimin yanında hər zaman yolum mübarizələrdə keçib. Qızım Yaqut (qızı saydığı xanım-C.S.) o gün mənə keçmişi xatırlayıb demişdi ki, yadındadır, İbrahim Topçubaşov o vaxt necə sənin arxanca düşürdü? Mən ondan gizlənmək üçün Yaqutgilin evində paltar dolabında gizlənirdim. Amma o həmin ünvanı tapıb dalımca gəlirdi. Amma sevgiyə inanmamışam heç vaxt.

- Onsuz da bu həyat problemlərlə doludur. Sevgiyə inanmadan yaşamaq sizə çətin olmadı?

- Əksinə, sevgiyə inamsızlıq məni həyatda qorudu.

- Bəs bir qadın olaraq xoşbəxtlik hissini necə yaşamısınız?

- Mən xoşbəxtliyi səmimiyyətimdə, mənəvi rahatlığımda görmüşəm.

- Bəs axı dediniz ki, heç vaxt səmimiyyətə inanmamısınız...

- Başqalarının yox, özümün səmimiyyətimə inanmışam.

Qadın var ki, dəbdəbə içində yaşayır, amma daxili rahatlığı, hüzuru yoxdur. O, necə xoşbəxt ola bilər? Mən hər zaman mənəvi rahatlığımı hər şeydən üstün tutmuşam və onda xoşbəxt olmuşam. Xoşbəxtəm ki, heç vaxt kiminsə məni əzməyinə, tapdalamağına imkan verməmişəm, xoşbəxtəm ki, Allah qürurumu, ağlımı əlimdən almadı.

- Biz də sizin əsrarəngiz səsinizi dinlədikcə xoşbəxt oluruq. Hələ bir bu gözəlliyin sirrini bizə açın görək...

- Mən gözəl yox, sadəcə olaraq, şirin qadın olmuşam. Qadın var, gözəl deyil, amma şarmlıdır. İndi deyəcəksiniz özünü tərifləyir, mən də şarmlı qadın olmuşam.

- Maşallah, yaş üstünə yaş gəlincə də bu şarm artır...

- Siz də məni çox istədiyiniz üçün tərifləyirsiniz. Amma yaş öz sözünü deyir. Kim deyirsə ki, yaşın fərqi yoxdur, yalan danışır.

- Fransızların gözəl bir deyimi var, qadın şərab kimidir, yaşlandıqca gözəlləşər.


- Yalan deyirlər. Sadəcə olaraq, bu acı həqiqəti qəbul edə bilmirik. Bir də görürsən deyirlər, gözəl qalmısınız. Demək ki, yaşlandığınız üzünüzə vurur. Bəlkə də, qəlb sındırıb deyə bilmir ki, qoca arvaddır. Amma bu fikirlə razıyam ki, bəli, qadın yaşlandıqca müdrikləşir.

- Yaşlanmaqdan qorxan qadınlara nə məsləhət görərdiniz?

- Heç vaxt yaşlanmaqdan qorxmasınlar. Bir problemin ki, qarşısını almaq mümkünsüzdür, heç vaxt ondan qorxmaq lazım deyil. Milyard illərdən bəri bütün qadınlar, elə kişilər də bu qorxunu adlayıb keçiblər. Amma maraqlı qadın olmaq daha gözəldir.

- Məncə də... Flora xanım içinizdə sizə rahatlıq verməyən bir sirriniz varmı ki, onu hələ də özünüzlə daşıyırsınız?

- Var. Dəyişmək istərdim, amma necə dəyişmək, bu, mənim sirrimdir və bunu sizə deməyəcəyəm.

- Təbii ki, onda sirr olmaz ki...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...