“O şeiri sevdiyimə həsr etmişəm, ermənilərə deyil” – Lalədən tənqidlərə cavab
Erməni əsilli şair Eduard Əsədovun şeirlərinin “994FM” layihəsi çərçivəsində səsləndirilməsi birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub. İnsanlar layihə rəhbəri Lalə Ələkbərovanı erməniləri təbliğ etməkdə günahlandırıblar.
Musavat.com layihə rəhbəri ilə əlaqə saxlayıb. Tənqid və ittihamlara cavab verən Ələkbərova ilə söhbətə layihənin yaranma tarixindən başladıq:
- “994FM” layihəsi necə yarandı?
-“ 994FM” 2 il öncə dostlarımızla yığışıb gitara çalıb, şeir oxuyub, fikirlərimizi bölüşəndə ağlıma gəldi. O zaman ideya formasında idi. İstəyirdim o axşamlar yaddaşlarda qalsın, şeirlər yenidən səslənsin, biz qulaq asaq, onlar ürəyimizi oxşasınlar. Sonra bir neçə ay keçdi və qərara gəldim ki, bu layihəni bu formada edək. Xarici ölkələrdə buna oxşar layihələr var. Amma biz düşündük ki, hər şey çox minimalistik olmalıdır, tək şeir və emosiya qalsın. Ağ fon, mikrofon və insandan başqa kadrda heç bir şey yoxdur. Ağ-qara isə fikrin rənglərə yayılmamasına görə düşünülmüşdü.
- Niyə məhz “994FM”?
- Əvvəlcədən mənim yanımda yalnız məni başa düşən və kömək edən dostlarım var idi. Əsədovun şeirini həsr etdiyim insan, sevdiyim insan — Ruslan, məni dəstəkləyirdi, layihənin adını onunla birlikdə aylarla düşündük, layihə çoxdilli olduğu üçün, ad da elə olmalı idi. 994 — Azərbaycanın telefon kodudur. FM — radio, yayım. Demək istədiyimiz “Danışır Azərbaycan” kimi bir şey idi.
- Layihənin əsas məqsədi nədir?
- Layihə Məhəmməd Osmanla ikimizindir, həm də o rejissor və operatordur. O olmasaydı, “994FM” bəlkə də, heç olmazdı. Pərviz İsaqov (PRoMete) səs rejissorumuzdur. Bütün səslər onun və onun yaratdığı PicMus-un işidir. Zaur Şəfiyev tanınmış aktyordur, aktyorların çoxunu layihəyə o dəvət etmişdi, çox sağ olsun. ButaFilm studio — Əli İsa Cabbarov və Vidadi Rüstəmov, onlara və ButaFilmdə işləyən bütün insanlara hörmətim sonsuzdur. Bu günə kimi çəkdiyimiz bütün videoları orada çəkmişik, bizə göstərdikləri kömək əvəzolunmazdır. Yəni bütün müsahibələrdə bu insanların adlarını çəkmədən keçə bilmərəm, çünki onlardan heç olmasa biri olmasaydı, mən bacarmayacaqdım. Biz insanlara poeziyanı tanıtmaq istədik. Rusdillilərə öz milli şairlərimizi, Azərbaycan dilli gənclərə isə tək rus deyil, dünyəvi poeziyanı orijinalda tanıtmaq istədik. Şairlərin xatirəsi yaşasın, onları oxusunlar, dinləsinlər. Eləcə də alındı, insanların çoxu bizə yazır ki, biz olmasaydıq, şeirləri yenidən sevmək vərdişi onlarda yaranmazdı.
- Şeiri səsləndirənlər hansı kriteriyaya görə seçilir? Hansısa qadağalarınız varmı?
- Onlar arasında tək məşhurlar deyil, sıravi insanlar da çoxdur. Məşhurları tanıyıram, çoxunu dəvət edirəm, gəlirlər, sağ olsunlar. İndi layihəni yıxmağa çalışan məşhurlarımızın ikisini də mən dəvət etdikdə, biri poeziyadan zəhləsi getdiyinii, o biriisə yalnız öz şeirlərini oxuduğunu demişdi. Digər məşhurlar isə sevə-sevə gəlmişdi. Sıravi insanlar isə video çəkirlər, inbox-a yollayırlar, biz üçümüz (mən, Məhəmməd və Pərviz) izləyib, dəvət edirik. Bu qədər bəsit. Kriteriya isə bir neçə dənədir — emosiyalarını ötürə bilməlidir, danışıqları gözəl olmalıdır və kameradan qorxmamalıdır.
- Layihə çərçivəsində erməni əsilli şairin şeirlərinin səsləndirilməsi birmənalı qarşılanmadı. Hətta sosial şəbəkədə mübahisələrə səbəb oldu.
- Erməni əsilli şairə gəldikcə, bilirsiniz, mən dəfələrlə demişəm ki, incəsənətin (hər növünün) milliyyəti yoxdur. Yəni, oğurlamırlarsa, o başqa məsələ. Layihədə neçə dəfələrlə Ramiz Rövşən, Nizami, Mayakovski, Şekspir, Yesenin, Göte, Nazım Hikmət, Bəxtiyar Vahabzadə, Müşviq, Puşkin, Qarsia Lorka, Nəriman Həsənzadə, Fizuli, Rojdestvenski, Əliağa Vahid, Kuşner, Səbahəddin Ali, Vahid Əziz, Hafiz Baxış, Marina Svetayeva, Orxan Bahadırsoy, Cəlil Cavanşir, Qaft, Qumilyov, Azər Cəfər, Emili Dikenson, Qulu Ağsəs və digər şairlərin şeirləri səslənib. Bəziləri, məsələn, Ramiz Rövşən, 6-7 dəfə səslənib, hələ hamısını qoymamışıq ki, lap çox olmasın, vaxt keçsin bir az. Amma Puşkin, məsələn, cəmi bir dəfə səslənib. Niyəsi çox bəsitdir əslində. Şeirlər var, adamın qəlbinə toxunur, onları səsləndirmək istəyirsən, elələri də var ki, baxırsan dahidir, amma aktual deyil. Eləcə də Əsədov. Heç bircə dəfə belə olsun Ermənistanı görməyən, atası daşnaklarla savaşan, Türkmənistanda doğulan, şeirlərində heç vaxt onlara sevgini və yaxud bizə nifrəti təbliğ etməyən sovet şairi həmişə gözəl mövzulara toxunub. Sevgini təbliğ edib. Məhz buna görə onun şeirlərini sevirlər, səsləndirirlər.
- Şeirləri kim seçir?
- Bizdə hər kəs oxumaq istədiyini özü seçir və mənim oxuduğum şeiri mən özəl saydığım insana həsr etmişəm, ermənilərə deyil.
-Sizi, hətta, ermənilərin əlinə su tökməkdə, onlarla işbirliyi qurmaqda ittiham edirlər.
- İddialara cavabım isə hərə özü seçir: dava-dava demək, yoxsa dünyanı gözəlliklərlə bəzəmək. Əlinə silah və yaxud kitab almaq. İkisi birlikdə mümkün deyil, heyf ki. Və bu nifrəti sovet şairlərinə bəsləməkdənsə, onların dövlət adamlarına, bizimkiləri öldürən kişilərə bəsləsinlər, incəsənət insanlarına, uşaqlara, qadınlara yox. Məni bu cür öyrədiblər və mən buna görə çox şadam. Hər kəs bir az olsun belə düşünsəydi, bəlkə, daha tez dünyada sülh olardı, torpaqlarımızı da mədəni şəkildə alardıq, evdə boşboğazlıq edib, dava etməməklə deyil. Savad həmişə öndə olub. Davanı səngərdə onların əsgərləri ilə, mahnılarımızı oğurlayanlarla, bizə pis söz deyənlərlə edərlər, divanda oturub özümüzkülərlə sovet şairinin bir-iki dənə şeirini oxutduqlarına görə etməzlər. Bu qədər.
- Bundan sonra şeir seçərkən sözügedən tənqidəri nəzərə alacaqsınız? Əsədovun şeirləri yenidən səsləndirləcək?
- Bundan sonra şəxsən mənim başqa ifa etdiyim şeir çıxacaq. Başqa şairin şeiridir və artıq video-rolik çəkilib. Təbii ki, kimsə gəlib “mən məhz bu şeiri sevirəm və məhz bunu səsləndirmək istəyirəm” desə, yuxarıda qeyd etdiyim kriteriyalara uyğun olsa, mən qadağa qoymayacağam. Heç vaxt qoymamışam və qoymayacağam. Çünki birincisi, bu layihənin əvvəldən qoyulmuş qaydalarına xəyanətdir, ikincisi isə, dediyim kimi, insan seçimində çox sərbəst olmalıdır, bizim layihə heç kimi çərçivəyə salmır, salmayacaq da. Bir də dediyim kimi, Əsədov sovet şairidir.
- Layihə nə zamana kimi davam edəcək?
- Mədəni və poeziyanı sevən insanlar bitdiyi zaman layihə də bitəcək. Hələ ki, biz bu insanlara lazımıq. Çünki bizə belə deyirlər. Heç kim və heç nə bizi yolumuzdan çəkməyəcək.
1585 dəfə oxundu