“Sovetski”də doğulan Tovuzlu Şəbnəm: “Həci”ni ortaya çıxarsam, əlimdən alarlar”

 “Sovetski”də doğulan Tovuzlu Şəbnəm:

Bəlkə də sosial şəbəkədə ən çox tənqid edilən, geyimlərinə görə qınanılan ifaçılar sırasında birincidir. Özü də danmır ki, ona ən çox “tovuzlu çuşka”, “qıjı” xitab edirlər. Şəbnəm Tovuzlu kimi tanınan Əsədovanın Axşam.az-a müsahibəsini təqdim edirik:
– Sizi Şəbnəmi Tovuzlu, yoxsa Şəbnəm Əsədova kimi təqdim edək?

– Tovuzlu kimi daha çox tanınıram. Belə qəbul ediblər. 2007-ci ildə ilk albomumda adım Şəbnəm Tovuzlu kimi yazıldı. Bir gecənin içində “Sevənlər ölməz” mahnımla məşhur olmuşam. Tacir Şahmalıoğlu ilə efirdə qonaq idik. Həmin vaxt o, dedi ki, Tovuzlu kimi təqdim edin. Fədayə Laçın, Xuraman Şuşalı var, bir də Tovuzlu olsun. Həmin disk mənə işləmək həvəsi verdi. Ondan əvvəl deyirdim, toydan 5-3 manat qazanıram, bəsdir. İlk dəfə restoranda şou proqrama gedirdim. Orada Faiq Ağayev, Tacir Şahmalıoğlu oxuyurdu. Niyam Salami isə onda orada aşpaz idi. Mənə toxunmayan insana canımı verən biriyəm.
– Bəs, Şəbnəmi Tovuzda sevirlər?

– Yeni ili belə orada şou-proqramda keçirdim. Valideynlərim yaşlı adamdır, bura gələ bilmirlər. Onlara orada istədiyim şəraiti qurmuşam. Amma ailəmi burada 10 gündən artıq saxlaya bilmirəm. Bayramda da ora getdim. Onda gördüm ki, məni öz bölgəmdə də sevirlər və bu adama xoş gəlir. Amma daha çox cənub bölgəsində sevilirəm. Astara, Lənkəran, Masallıdan nə qədər toy dəvəti alıram. Hətta Rusiyadakı toyların çoxuna cənub bölgəsindən olanlardan dəvət alıram.
– Mənə hər zaman elə gəlir ki, Şəbnəm efirdə özü olmur. Çalışır onu qınayanlara özünü güclü göstərsin. Bu da süni alınır…
– Əsəbiyəm, bir söz iki dəfə deyiləndə özümdən çıxıram. Mənim də sakit vaxtlarım olub. Amma son 4 ildə dəyişdim. Bu aləmdə nələr görmürsən: yalan, ikiüzlülük, sənə başqa söz deyib, gedir arxanca danışırlar. Ona görə də hamıdan kənaram, amma mehribanam. Heç vaxt gedib kiminləsə oturub, çay içib dərdləşmərəm. Boş vaxtımı evimə, uşaqlarıma sərf edirəm. Münasibətim yaxşıdır, görəndə qucaqlayıb öpürəm də. Bəlkə utancaq olduğuma görə, özüm ola bilmirəm.

“MÜĞƏNNİNİN ADI HƏMİŞƏ LƏKƏLİDİR”
– Nədən çəkinirsiniz?

– Çəkindiyim iki şey var: müğənninin adı həmişə ləkəlidir. Amma bundan gözəl peşə də yoxdur. Sənətçinin qəlbi kövrək olur, amma damarına basmasınlar. Oğlum Əli dünyaya gəlməzdən əvvəl üstümə çox gəldilər. İkinci dəfə ailə quran yeganə adam mənəm? Həkim, müəllim ikinci dəfə ərə getmir? Düşünün ki, müğənni yox, həkiməm, ailə qurdum, həyat üzümə güldü. Nə etmişəm, pis iş gördüm? Ailəm qurdum da… Bu da sifarişli idi. Mənim ondan qopmağımı istəməyən biri etdi. Məcburi heç nə yoxdur, heç kimi tutub saxlamaq olmaz. Digəri isə mənim qabağa getməyimə qısqandı. Şou-biznesdə məndən çox qınanılan, badalaq vurulan olmadı. Media nümayəndələrinin də məndən zəhləsi getmir. Axı mən onlara nə etmişəm? Keçmiş həyatımda olan biri ilə niyə fotomu yayırdılar? Çünki onların işi yazmaqdır. 9 il münasibətim olub, ailəmdir…
“NİKAH KAĞIZI BOŞANANDA KİŞİDƏN NƏSƏ ÇƏKİB ALMAQ ÜÇÜN LAZIMDIR”
– Mediada fotonuz yayılan şəxslə rəsmi nikahınız olub?

– Şəklim yayılan şəxslərdən biri mənim həyat yoldaşım olub. Qızımın atası… İkinciyə gəldikdə… Əgər sən xoşbəxt deyilsənsə, kağız nəyə lazımdır? O sənə ancaq boşanma həddinə gələndə o, kişidən nəsə çəkib almaq üçün lazım olacaq. Heç bir kişini qadın zorla yanında saxlamır. Nə də heç bir qadın istəməyən kişidən uşaq dünyaya gətirməz. Düzdür, onda yox idi. Amma indi mənim kəbinim də, nikahım da var. Qəbul etməyənlər də məni qəbul ediblər. Çünki artıq Əli var. Əvvəl düşünürdülər ki, müğənnidir. Sonra gördülər ki, müğənni fədakar həyat yoldaşı, ana, qadındır. İndi deyərlər ki, bəs o cür kişinin xanımı niyə oxuyur?
– Bəli, niyə oxuyur, toya gedir?

– O şəxs məni bu aləmdə görüb, səsimi sevib. Mənim sənətimə hörmət edir. Aramızda inam var. Bu gün mən Rusiyaya uçuramsa, tək getmirəm. Onun qardaşı, qohumu yanımda olur. Sənətimi sevirəm, onu da atmağın vaxtı var. Səhnəyə çıxan xanımam deyə, baxımlı oluram. Özünə hər zaman diqqət yetirmək səni daha cavan saxlayacaq.
– Niyə rəsmi həyat yoldaşınız olan şəxs yox, ikinci münasibətiniz daha qalmaqal yaratdı…

– Çünki onu sifariş etdilər. Bilirdim kimdir, amma qabartmadım. Bunlar arasında şou-biznes nümayəndəsi də var.
– Nə qazandılar və kim qazandı?

– Media qazandı, reytinq topladı. Və mən də qazandım… Adamı Allah ucaldır. Batan onlar oldu. Buna görə mediadan incimədim. Tək incidiyim məqam mənə zəng vurub soruşmamaqları oldu. Həyat yoldaşım dindardır. Heç vaxt dedi-qodu etməz. Küçədə gördüyü ən əxlaqsız adamı belə qınamır. Ən pis anımda yanımda oldu, telefonu alırdı əlimdən ki, oxuma. Məni öz halıma buraxsaydı, o, ağlamaqdan, stressdən övladım xəstə doğulardı. Mən 7-8 yaşımda həyatı dərk edib, böyümüşəm. Ata və anam məni oxudub, bibilərim müəllim olub. Ona görə də bu hadisələr başıma gələndə dərk etdim ki, sənət nə qədər çətin imiş.

“ZƏNG VURUB MƏNİ ŞANTAJ EDİRDİLƏR”
– Hətta bir məmurla da fotonuzu yaydılar…

– Məmurla şəklimi montaj edib yaydılar ki, Şəbnəmin uşağının atası budur. Yoldaşım dedi, səbirli ol. Ya müğənniliyi atmalısan, ya da boş ver. Biri mənə yığıb şantaj edirdi. Zəng vurdu, köməkçimin adından danışdım. Mənə yazdı ki, məlumat var, həmin adamları sakitləşdirəcəm, amma bir az nəsə lazımdır. Qayıtdı ki, 30 qızılgüllə həll edirlər. Sən demə, 30 qızılgül də 30 qırmızı yüzlük imiş. Dedim, sənə 60 dənə verirəm. Gəldi məndən pulu götürmək istəyəndə, əl-qolunu qandallayıb apardılar. 15 gün qaldı nəzarətdə. Mənim qızımın atası ilə ailə fotolarımı yayacaqlarını deyirdilər.
– Rəsmi nikahlı həyat yoldaşınız olub, normaldır. Niyə sizi narahat edirdi ki, 60 “qızılgül” verirdiz…

– Niyə mənim keçmiş yoldaşımla fotomu yayıb, insanların gözündən salırlar ki? İnsanlar o qədər qəddarlaşıb, aqressiv olub. Adi şəkil paylaşıram, oğlumun üzünü bağlayıram. İcazə vermir də atası. Nə edim? Bilirsiz niyə? İcazə verdi paylaşdım. Amma uşağın fotosuna biədəb sözlər yazırlar. Balaca uşağa necə elə sözlər yazmaq olar? Oğlumun kiçik toyunda yoldaşım da orada oldu. Şou-biznesin 99 faizi dəvətli idi. Heç kim cəsarət edib şəkil çəkə bilməzdi. Hər masanın başında bir cangüdən qoyulmuşdu, kim çəksə, alıb telefon sındırılacaqdı, özü də məclisdən qovulacaqdı. Yoldaşım mikrofonu aldı hamını salamladı. Dedi nə məcburdu məni kütlə tanısın, mən varam. Deyirlər qocadı, çirkindi paylaşmır. 42 yaşı var, çox da yaraşıqlıdır. İdmançıdır, boyu-buxunu, utanılacaq yanı yoxdur. Onun şəklini qoysam, onsuz da söyəcəklər.
“ŞƏBNƏMİ GÖRƏNDƏ QUTUDA İLAN GÖRÜRLƏR”
– Tanışlığınız necə olub?

– Onun yeganə sevdiyi ifaçı Mətanət İsgəndərli olub. Balaca qayınım fanatım olub. Oturub kompüterdə mənə baxırmış . Yoldaşım da gəlib ki, öldünüz baxmaqdan bəsdirin. Gəlib kompüterə baxıb, bəyənib. Sonra məclislərinə çağırdılar. Tanışlığımız oradan başladı. 3 ay telefonla danışmışıq. 8 ay dost olduq. Sonra sevgi münasibətimiz başladı. Ən pis ərəfədə qarşıma çıxdı. 6 ildir birlikdəyik. Heç vaxt bir sözünü iki etməmişəm. Onu göstərmirəm, çünki bu aləmə inamım yoxdu.

– Deyirsiz əlinizdən alarlar?

– İlk həyatımda üzə çıxardım, başıma gəldi. Sevgi bu cür olsaydı, üzə çıxarmazdım.
– Onda belə çıxır ki, ilk ayrılığa səbəb xəyanət idi?

– Xəyanət olmayıb. İçki… Buna nifrət etmişəm, dözməmişəm. Düşündüm ki, evimdə qız böyüdürəm. Piarın ağına da, qarasına da lənət. Adama ləkə yaxılmasından piar olar? Məni insanlara başqa cür tanıtdılar. Bəziləri yazır Şəbnəmi görəndə qutuda ilan görürəm. Bunlar “qara piardan” yaranıb. Mənim pula ehtiyacım var? Ayda 15-20 toya gedirəm, pul acı deyiləm. Kef istəyirdimsə, nə edirdim əri? Qazanıb yeyərdim də. Amma ailə, uşaq istədim. Mənim qazancım əlimə gəlir və gedir, o qədər adama kömək edirəm ki…
2012-ci ildə elə bir qəza keçirdim ki. Yekəxanalıq edirdim, 27 yaşım var idi. Elə qəza idi ki, maşın ələ gəlmədi. Mənim alnımda da, ayağımda da hələ də izi var. 185 sürətlə sürürdüm, maşın neçə dəfə fırlanmışdı. Allah etdiyim yaxşılıqlara görə məni sağ saxladı.
– Yaşadığınız qalmaqallar, adınızın bir neçə şəxslə hallanması indiki həyat yoldaşınızı qəzəbləndirmədi?

– Ailəm dağılıb, aldandığım an olub. Şəkil yayırsız? Yayın, həmin adamla 9 il birlikdə olmuşam. Başqasıyla çıxmayıb ki, həyatımdakı şəxslə olub. Nə oldu? Mənimlə ailə quran bilirdi nə nədir… Ağıllı qızam, ailə quranda dedim ki, bunlar olub həyatımda, qəbul edirsənsə, yolumuza davam edək. Əgər bir yalanım olsaydı, aramızda mübahisə yaranardı. Çünki adlı-sanlı, özünə hörmət edən adamdır. Tüpürüb gedərdi. Amma acı da olsa, düzgünlüyü demişəm. Həmin anda ona alnıaçıq sığındım. Fikirləri mənim yeni qurduğum ailəni dağıtmaq idi. “O, mənim olmalıdır, hamı bilsin” prinsipi idi. Amma olmadı. Həyatda insanın səhvi olar. Ancaq gərək ciddi səhv etməyəsən.
“DEYİRLƏR QOYUNUN, İNƏYİN İÇİNDƏN GƏLİB ADAM OLUB”
– Özünüz də deyirsiz ki, sosial şəbəkədə ən çox tənqid edilən ifaçısınız. Niyə sizi tənqid edirlər?

– Yazırlar qoyunun-inəyin içindən gəlib, adam olub. Tovuz deyəndə niyə qoyun yada düşür? Başqa rayonda qoyun, inək yoxdur? Yoxsa, Bakıda görməyiblər? Ancaq “qıjı” Şəbnəmdi? “Qıjı” nəyə deyirlər? Əslində, həqiqətən də bu sözün mənasını bilmirəm. Hərdən düşünürəm ki, şou-biznesdə at oynadanların hansından görünüşüm, yaşadığım ev, sürdüyüm maşın, geyindiklərim pisdi?

“DEYİRLƏR “QIJI, ÇUŞKA” ŞƏBNƏM”
– Sizcə niyə “qıjı” deyirlər?

– Onu deyənlərə gülürəm. Bu söz şablonlaşıb. Hamının dilindədir “qıjı, çuşka”. Elə bilirlər ki, buna yazdıq, əsəbiləşdi. Eqoistlik, paxıllıqdır. Normal, ziyalı, qəlbində Allah sevgisi olan bu sözü niyə yazsın? Bir insanın qəlbinə dəymək nə qədər günahdır. Deyəcəklər, müğənnidir, dindən danışır. Axı, mən də oxuyuram, izləyirəm. Yoldaşım oturur dini videolar qoyur, saatlarla qulaq asıram. Deyir, qadın ərindən icazəsiz ata evinə gedəndə, o dünyada saçından asırlar. Görün adi nəyə görə cavab verəcəyik. Yoldaşım deyir ki, xoşbəxt adamsan. Sosial şəbəkədə səni təhqir edib, şərh yazıb günahlarını yuyurlar.
– Efirdə isə bütün müğənnilər deyir ki, şərhləri oxumuruq…

– Yalandır. Elə mən özüm, hamısını oxuyuram. Bütün müğənnilər də oxuyur, hərəsinin 10-15 səhifəsi var. Yeganə müğənniyəm ki, ikinci səhifəm yoxdur. Açsam, oturub pis rəy yazana cavab verərəm. Özümdə o potensialı hiss edirəm.
“HEÇ O KƏMƏR “GUCCİ”NİN ORİJİNALI DEYİLDİ”
– Bəs tənqidlərdən nəticə çıxarmırsız?

– Olur. Bəzən yazırlar ki, kaş bu koftanı filan şalvarla geyinərdiniz. Baxıram ki, düzdür, edirəm. Amma modelyerlə işləmirəm. Deyirlər, “qıjı” nə bilir “Fendi”, “Gucci” nədi?”. O kəməri indi 18 yaşındakı qız da taxır. Butiklər yalvarırlar. Heç qalmaqal yaradan o kəmər əsli də deyil, butiklər 15 dənəsin göndərib, saxtasıdır. Gedib əslini ala bilmərəm? Bir toydan aldığım pulu aparıb o kəmərə verərəm . Deyirlər “Gelandewagen” deyə bilmir, “Qalik” deyir. Əcəb edirəm, Vasif Əzimova Vaska deyirəm, kimə nə?
– Düşünmürsüz ki, bir çox insanlar bahalı hədiyyələrinizə, pulunuza görə sizə yaxınlıq edir?

– Elələrinin yan-yörəmdən təmizləyirəm. İlk vaxtlar efirlərə qonorarla çıxırdım. Sonra özümü sübut etdim, indi özləri məni çağırıb, reytinq qazanırlar. Hazırda Şəhanə Ayazqızı ilə işləyirəm. Konsertlər verdim. Və “Yaşıl Teatr”da konsertim oldu.

“ŞAKİRA, BEYONSDAN NƏYİM ƏSKİKDİR?”
– Bəs, niyə “Xəstəyəm” adlandı?

– Çünki mahnım sevilirdi. Motosikletlə səhnəyə çıxdım. Geyimimə görə yaraşdırmadılar. Adi idman geyimində çıxsaydım, bəlkə də tənqid edilməzdim . Şakira, Meray Keri, Beyons məndən arıqdır? Meray Keri Bakıda nə geyinmişdi? Onlardan haramız əskikdir? Niyə bizi qəbul etmirlər?
– Şou-biznesin Şəbnəm adlı xanımlarının əksəriyyəti Şəbnəm Tapdıqla qalmaqal yaşayıb. Başınıza belə hadisə gəlib?

– Dəfələrlə zəng edib ki, adını dəyiş. Deyirəm, anam sizin mahnını sevib, adımı Şəbnəm qoyub. Dəyişsəm, ruhu inciyər.
“DOĞMA ATAM MİLYONÇUDUR”
– Belə başa düşdüm ki, ata-ana dediyiniz şəxslər sizin doğma valideynləriniz deyil…

– Anam mənim 1 yaşım olanda vəfat edib. Sovetski deyilən məhlədə yaşayıblar. Soba partlayıb, tindən boğulub. Xalam məni atamdan alıb ki, sən gəncsən, biz baxarıq. Xalamın və ərinin övladı olmayıb. 3 yaşıma çatanda, məni doğma atama göstərməyiblər, deyiblər öyrəşərəm. Atam da küsüb başqa ölkəyə köçüb. Mən də onları ata-ana bilib böyümüşəm. 15 yaşım olanda kənddə bir qadın ağzından qaçırtdı. Onda bildim ki, valideynlərim başqasıdır. Atamı ilk dəfə 21 yaşım olanda gördüm. O, Ankarada yaşayır, tanınmış dizaynerdir. Özü də milyonçudur.
“TOVUZLU ÇUŞKA” DEYİRLƏR, MƏN SOVETSKİDƏ DOĞULMUŞAM”
– Tovuzlu kimi təqdim edilirsiniz, demək əslində Sovetskidə doğulmusunuz?

– Mənə “çuşka” deyirlər. Ancaq mən oxumuş, milyonçu qışının qızıyam. Anam isə rus dilini bitirib, müəllimə olub. “Tovuzlu çuşka” deyirlər, amma “Sovetski” məhəlləsində doğulmuşam. “Tovuzlu” sözündən də utanmıram. Məni böyüdən, atam-anam dediyim insanlar üçün həyatımı verərəm. Doğma atam mənə soyadını vermək istədi, imtina etdim. Məni böyüdən kişiyə bunu necə edə bilərəm? O kişi məni kənddəki bütün uşaqlardan üstün böyüdüb.
– Atanız ikinci dəfə evlənməyib?

– Evlənib, iki qardaşım var. Konsertimdə gəlmişdilər. Deyiblər qardaşıyıq, heç kim inanmayıb. Mənə dedilər, anladım ki, onlardı. Atam hətta dəfələrlə mənə ev almaq istəyib, icazə verməmişəm. Onun heç bir şeyini almaram. Qızım Günelə ev bağışlamaq istədi, dedi, yeganə nəvəmdir. Razılaşmadım. Düzdür, onun bir günahı yoxdur, amma yenə də istəmirəm…
– Bəs, indi valideyn dediyiniz insanlardan heç incimədiniz ki, sizi doğma atadan uzaqlaşdırıblar?

– Yox. Onları o qədər çox istəyirəm ki… Onlara nəsə olsa, mən ölərəm.

“RÖYA TOYDA “BALA NƏRGİZ” OXUMUR?”
– Şəbnəm də bu gün “bayağı mahnı” ifaçısı kimi adlandırılır. Düşünmürsünüz ki, dediyiniz “qıjı, çuşka” ifadələrinə səbəb də bunlardı?

– Muğam, vokal bitirmişəm. Amma mən götürə bilmirdim, yadımda qalmırdı. İndi mən muğam oxuya bilirəm. Təhsilim də var. Sadəcə, bu gün gündəm nədir, ona işləyirəm. Gedib toyda “Dəsgah” oxuyub pul qazanmıram. Məni şən mahnılarıma görə toya aparırlar. Bizdə hamı da toyla qazanır. Niyə buna bayağı deyirlər? Guya Röya “Bala Nərgiz”, “Buleyli” oxumur? El şənliklərində oxunur da. Röya toyda öz repertuarını oxumur. Bunu bayağı, qıjı deyəndə nə olur? Bu gün reallıq odur ki, sevilməsəm, heç kim cibindən 5-10 min verib məni toyuna dəvət etməz. Ona görə ayda 10-15 toyum olur. Elə müğənni var dua edir ki, bir dənə toya aparsınlar, “Buleyli” də oxuyaram.
– Bir ciddi bəstəkardan mahnı almağı düşünmürsünüz?

– Ciddi bəstəkarın mahnısını niyə heyif edim? Efir üçün Faiq Sücəddinovdan da oxumuşam. Mən Şəmkir, Gürcüstan toyunda “Neylərsən”i kimə çatdırım? Elə estrada oxuyanlarımız var ki, toyda bir yerdə olmuşuq, onlara “Cancana” oxutdurublar. Həmin insan efirdə deyirdi ki, öldür məni “Cancana” oxumaram. Amma toyda bir-iki bakal içənlər, “paçkanın” ucunu göstərən kimi, “Cancana” da oxuyublar, başqa şey də. Bəs, “paçkanın” ucunu görəndə niyə oxudun? Toya gedirsənsə, oxumalısan.
“XATİRƏYƏ YAZIĞIM GƏLDİ”
– Bir ara arıqlayıb-kökəlmə mövzularınız da gündəmə gəldi… Bu yaxınlarda bir çox sənət adamı plastik əməliyyatla gündəmdədir. Siz də Xatirə İslam kimi piylərdən xilas olmaq istəmirsiz?

– Alnıma baxın, qırış var, onu belə botoks etmirəm. Xatirəyə yazığım gəldi. İki övladımı belə keysəriyə yolu ilə dünyaya gətirməmişəm. Yeddinci sinifdə kor bağırsaqdan əməliyyat oldum. Yeganə əməliyyat odur. Adicə xəstələnirəm, iynə vurdurmuram. İynədən qorxuram. Deyirlər, burnunuzu kəsək, qəti etiraz etdim. Burnumda əyrilik var, amma əl vurmuram. Maskalarla üzümə qulluq edirəm. Dərmanla 15 kiloqram arıqladım. 71 kiloqram idim. İndi yaxşıyam.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...