Azərbaycandan köçən məşhurlar: Kimisi kuryerlik edir, kimisi - müğənnilik, aktrisalıq
2017-ci ildə “Green card” udan müğənni Elariz Məmmədoğlu artıq Amerikaya köçüb. Restoranların birində işə başlayan ifaçı Nyu-Yorkdan video paylaşaraq təəssüratlarını bölüşüb: “Burada hər şey yaxşıdır. Azərbaycanlılarla görüşürük, söhbət edirik. Hər şey çox yaxşıdır. Narahatlığa gərək yoxdur”.
Elarizlə eyni ildə köhnə “Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov da “Greencard” qalibi olub. O da artıq Amerikada yaşayır.
Ötən il isə xalq artisti, “Natiq” ritm qrupunun solisti Natiq Şirinov və 21 yaşlı model, 2018-ci ildə “Mister Azərbaycan” seçilən Şakir Əhmədzadə sözügedən kartı əldə ediblər. Lakin onlar hələ də ölkəni tərk etməyib.
Bəs , son illər ölkəni tərk edən məşhurlar kimlərdir?
Musavat.com xarici ölkələrə köçən məşhurların siyahısını hazırlayıb.
Müğənni Səbinə Əskərova ABŞ-da yaşamağa başlayıb. O, iki illik təhsil almaq üçün ölkədən getdiyini bildirib.
“Eurovision” təmsilçimiz Fərid Məmmədov ailə qurduqdan sonra Amerikaya köçüb. Onun kuryerlik edərkən çəkilən fotoları sosial şəbəkədə yayılıb.
Müğənni İlhamə Qasımova da Amerikaya köçən məşhurlardandır. Onun hazırda hansı sahə üzrə çalışdığı bəlli deyil.
Aparıcı Aynur Talıbova ailəsi ilə Amerikaya yerləşib. Orada təhsil aldığını açıqlayan aparıcı sosial şəbəkədə müxtəlif peşələrdə çalışdığını açıqlayıb.
Müğənni Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, aparıcı Şəhriyar Əbilov, aktrisa Könül Nağıyeva, Cəmilə Tağızadə İstanbula yerləşib.
Ayan biznes quraraq, müğənnilikdən qismən uzaqlaşıb.
S. Ağaşirinova isə Seva adı ilə müğənniliyini Türkiyədə davam etdirir.
Könül aktrisalıq fəaliyyəti ilə məşğuldur. O bir neçə filmdə və serialda rol alıb. Aktrisa sonuncu dəfə “Diriliş Ərtoğrul”da oynadığı obrazla gündəmə gəlmişdi.
C. Tağızadə Türkiyə vətəndaşı ilə ailə qurub. Hazırda evdar xanımdır.
Aparıcı Şəhriyar Əbilov isə aktyorluq dərsləri alaraq, karyerasını Türkiyədə davam etdirməyi planlayır.
Müğənni İradə İbrahimova 2009-cu ildə ailə quraraq Türkiyə köçüb. Onun bu evlilikdən iki övladı var.
1163 dəfə oxundu