Xorvatiyalı hücumçu: “Azərbaycanla matçda istənilən tapşırığa hazıram”
“Azərbaycan yığmasını izlədiyimdən bilirdim ki, boş qalan baş məşqçi postuna mütəxəssis axtarırdılar. Onların çox hiyləgər addım ataraq xorvat məşqçi ilə anlaşdıqlarını düşünürəm”. ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının futbolçusu Yosip Brekalo deyib.
Almaniyanın “Volfsburq” klubunda çıxış edən 21 yaşlı hücumçu AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb: “Nikola Yurçeviç ilk oyundakı rəqib olan Xorvatiya yığmasını çox yaxşı tanıyır, bütün güclü və zəif cəhətlərini bilir. Amma biz əsl gücümüzü göstərsək, heç bir problemimiz olmamalıdır. Azərbaycanla qarşılaşmada hansı mövqedə - hücumda, yoxsa yarımmüdafiənin cinahında oynamağım fərq eləmir. Buna məşqçilər korpusu qərar verməlidir. Mən istənilən tapşırığa hazıram. İnanıram ki, millimiz üçün faydalı olacağam. Biz Azərbaycanla görüşün favoritiyik. Yəqin bu matçda daha hücumameylli futbolçulara şans veriləcək”.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Zaqrebin “Maksimir” stadionunda keçiriləcək.
909 dəfə oxundu