Əmisi arvadını bu görüntülərlə şantaj edən “kişi” - VİDEO
Nizami Kino Mərkəzində rejissor Elvin Rüstəmzadənin "Dalan" filminin qala gecəsi keçirilib. Kult.az xəbər verir ki, gecədə millət vəkilləri, aktyorlar, rejissorlar və media nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən rejissor Elvin Rüstəmzadə bildirib ki, “Dalan” onun ilk tammetrajlı bədii filmidir: “İlk tammetrajlı bədii filmi çəkmək mənə 24 yaşımda qismət oldu. Təbii ki, mən bunu tək bacarmadım. Bu işdə mənə film heyəti, komandamız çox yaxşı kömək etdi”.
Elvin Rüstəmzadə film heyətini iştirakçılara təqdim etdikdən sonra filmin nümayişinə başlanıb. Film bütövlükdə bu və ya digər şəkildə insan faciələrinin fərqli və ağrılı rakurslardan təsvirindən, birləşməsindən ibarətdir. Filmdə hər kəsin taleyi dalana dirənir. Hər kəsin özünün ayrı-ayrı faciəsi var. Onlardan bəziləri bu faciəyə öz əməlləri ucbatından məhkum olsalar da, bəziləri başqaları tərəfindən məhkum ediliblər.
Xəyanət, sevgi, yalan, ölüm, ağıl və hiyləgərliyin bir-birini əvəzlədiyi, saflığın, təmizliyin bu qara və qanlı xüsusiyyətlər arasında boğulduğu filmdə karma effekti çox maraqlı şəkildə özünü göstərir.
Filmdə qəribə obrazlar var:
Öz qadınına vaxt ayırmayıb, gününü ona xəyanət edən sevgilisinə həsr edən və sonradan bunun şokunu yaşayan Cabbar...
Əmisi Cabbarın arvadı Arzunun başqa kişi ilə (Yusif) görüntülərini çəkərək onu şantaj edib, yatağa salmaq istəyən qardaşoğlu...
Uşağı xəstə yatan və pula ehtiyacı olan birini işdən çıxartdırıb, qardaşını həmin işə gətirən qadının başına gələn dəhşət...
...və daha nələr, nələr...
Filmin əvvəlində olduğu kimi, sonda da hadisələr dalana dirənir... və görünür, bu “Dalan” hələ çox insanı çıxılmaz durumda qoyacaq.
Filmin ssenari müəllifi Səbinə Əhmədlidir. Ekran işində Rasim Cəfər, Ziya Ağa, Sevinc Əliyeva, Oqtay Mehdiyev, Manaf Dadaşov, Münəvvər Əliyeva kimi aktyor və aktrisalar rol alıb.
Qeyd edək ki, “Dalan” filminə bu gündən, yəni aprelin 4-dən etibarən “Park Sinema” kinoteatrlarında baxa bilərsiniz.
1118 dəfə oxundu