Abbas Bağırovun köməkçisi məhkəmədə ifadə verib

Abbas Bağırovun köməkçisi məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

O qeyd edib ki, tanınmış müğənni, əməkdar artist Abbas Bağırovla bir yerdə işləyib: "Qarajı 15 500 manata həkimdən almışdım. Abbasın bir neçə əmlakı da mənim adımadır. Onun mənə 3500 manat borcu var idi, güclə ondan aldım. Sonra qarajı onun adına keçirməsini istədi. Yeznəsi Emili göndərdi. Qarajı onun adına keçirməyimi və 15 500 manat pulumu verəcəyi vədini verdi. Mən əvvəl qarajı etibarnamə ilə Emilin adına keçirdim, sonra ləğv etdim. Əgər mən dələduz olsaydım, Abbasın digər əmlaklarını da ələ keçirərdim. Onun bahalı avtomobili də məndə idi".

Suallara cavab verən O.Mehrəliyev deyib ki, A.Bağırov toylara 4 500 manata gedir. Digər epizodlar üzrə danışan təqsirləndirilən şəxs bildirib ki, nə iş üzrə zərərçəkmiş Maman Nadirovadan, nə də Xətai Yusubovdan pul alıb: "Maman işini həll etmək üçün Xətaiyə 2500 manat pul verib. Guya Xətai onun cinayət işini həll edəcəkdi. Sonra Maman Xətai ilə bağlı prokurorluğa müraciət etdi. Bir qədər keçəndən sonra Maman məndən şikayətçi oldu. Guya onun pulunu mən ələ keçirmişəm".

Məhkəmənin növbəti iclası aprelin 16-na təyin edilib. İttiham aktına əsasən, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.
Həmçinin, o, müğənni A.Bağırova məxsus, qarajı Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb. Cinayət materialına görə, O.Mirəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat pul alaraq, onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq, onun cinayət işinə xitam verdirəcəyini vəd edib. O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...