“Akademik Milli Dram Teatrına qarşı çirkin kampaniyanı Nurəddin Mehdixanlı təşkil edir”

“Akademik Milli Dram Teatrına qarşı çirkin kampaniyanı Nurəddin Mehdixanlı təşkil edir”


GUNDEMİNFO.AZ Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın APA-ya müsahibəsini təqdim edir:

- Bəsti xanım, Nurəddin Mehdixanlı müsahibəsində sizin də adınızı narazılar arasında çəkib. Bir müddət əvvəlki müsahibənizdə teatrdakı yaradıcılıq prosesindən razılıq edib demişdiniz ki, direktor İsrafil İsrafilovun fəaliyyətini təqdir edirsiniz. Bu, mövqe dəyişikliyidir?

- Əvvəla, mənim adımın narazılar içərisində çəkilməsi cəfəngiyatdır. Bir müddət öncə mən öz mövqeyimi açıq-aşkar bildirmişəm. Bütün bu kampaniyalar teatrımızın uğurunu həzm edə bilməyən adamların mənasız qalmaqal yaratmaq cəhdləri, əsassız iftiralarıdır.

- Akademik Milli Dram Teatrı ətrafında söz-söhbətlər səngimək bilmir. Səbəb nədir?

- Bu gün Akademik Milli Dram Teatrında sözün əsl mənasında yaradıcılıq prosesi gedir. Yaradıcılıqla məşğul olmaq istəməyən, ifa texnikasını, oyun prinsiplərini yeniləməyi bacarmayan ətalət basmış adamlar köhnəldiyini hiss edir və bununla heç cür barışa bilmirlər.
Dövlət başçısının Sərəncamı ilə təsdiq edilən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı Azərbaycan teatrının inkişafına imkanlar açır. Amma həmin prosesləri ləngitmək istəyirlər. Yeniləşmək istəməyənlər həmin proseslərə qənim kəsilirlər.

- Bir az konkret danışaq...

- Sadəcə, belə adamlar əvvəlki rahat mövqelərini itirməkdən qorxurlar. Ənənə hesab etdikləri və çağdaş estetik meyarlara cavab verməyən oyun tərzinin gərəksizliyini yaxşı başa düşürlər. Başa düşürlər ki, meydana yeni teatr düşüncəsinin praktik daşıyıcıları olan nəslin gəlməsi onların mövqeyini laxladır, ona görə də ən bədxah əməllərə, iftira və böhtanlara əl atırlar. Ümumi danışmaq istəmirəm. Söhbət konkret olaraq, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlıdan gedir. Çünki teatra qarşı olan çirkin kampaniya onun tərəfindən təşkil olunur.

- Nurəddin Mehdixanlının teatrın rəhbərliyinə qarşı radikal mövqeyinin səbəbi nədir?

- O aktyor qorxur, çünki köhnəldiyini, əvvəlki bacarığını itirdiyini etiraf etmək asan iş deyil. Həmişə qürrələndiyi ifa tərzinin artıq işə yaramadığı həqiqəti ilə barışmaq ona ağır gəlir. Sırf psixoloji qatda yaşadığı tərəddüdlər təklikdə və həmkarlarının əhatəsində ağrılı təəssüflərlə keçir. Ona görə də yeganə çıxış yolu kimi ancaq hər şeyi qaralamaq, hətta sənət yoldaşlarının belə səhnə işlərinin üstündən xətt çəkməklə yüngülləşməyə çalışır. Nurəddin Mehdixanlı tamaşaları uğursuz, aktyorları istedadsız elan edir, görülən işlərə səviyyəsiz möhürlər vurur. O adam hətta dünyasını dəyişmiş insanın adı ilə də möhtəkirlik etməkdən çəkinmir. Bütün hay-küylər, bağırtılar gülünc ittihamlar, məhz həmin qorxudan törəyir. Aktyor sözünü səhnədə deməli, mövqeyini, hünərini səhnədə göstərməlidir. Bu aktyor bunu bacarmadığı üçün dil pəhləvanlığını saytlarda nümayiş etdirir. Onun son illərdəki rolları ədəbi cəhətdən zəngin olsa da, ifaçılıq baxımından naqis və bəsitdir. Hər kəs onun ifasındakı ştampları, açıq-aşkar köhnəliyi yaxşı bilir.
Hüseyn Cavidin qəhrəmanı Əmir Teymuru, Samuel Bekketin Kreppini uğurlu rejissor yozumlarını pozub primitiv oynadı. “Oliqarx” tamaşasındakı ifasında isə özfəaliyyət səviyyəli çıxışı ilə həvəskar aktyor təsiri bağışlayırdı. Təkəbbürü yerə-göyə sığmayan bu aktyor səhnə ilə həyatı qarışıq salıb. Bu adam indi “həqiqətpərəst” rolunu oynamağa cəhd edir. Amma bunu da son rolları kimi qeyri-peşəkar səviyyədə edir.
İlham Əsgərovun ölümü hamımızı sarsıtdı. Amma məni daha çox sarsıdan İlham Əsgərovun ölümünün şouya çevrilməsi cəhdləri oldu. Nurəddin Mehdixanlı mərhum aktyorumuzun ölümü ilə də spekulyasiya etməyə, onun əziz xatirəsini çirkin oyunlarının alətinə çevirməyə cəhd edir. Guya İlham dünyasını dəyişən gün mənimlə Ramiz Novruz qırmızı geyinmişik. İnsan nə qədər prinsipsiz olmalıdır ki, belə bir dezinformasiyanı yaysın. İlham bizim düşmənimiz idi? Biz İlhamla birlikdə təhsil almışıq, uzun illər sənət yoldaşı olmuşuq. Belə şeylər məni incidir və danışmağa məcburam. Çirkin iftiralar atmaq, suyu bulandırmaq üçün sənətkara və kişiyə yaraşmayan bütün alçaq vasitələrə əl atan, populist çıxışlarla, onun-bunun evinə zəng etməklə özünə havadar axtaran bu adamın sənət yoldaşının ölümündən də istifadə etmək, şou yaratmaq cəhdləri göstərir ki, onun üçün heç bir mənəvi dəyər mövcud deyil. Əslində, onun bu cür hərəkətləri teatrda nifaq salmağa, düşmənçilik yaratmağa, yaradıcılıq ahəngini pozmağa xidmət edir. Məni ən çox hiddətləndirən məqam odur ki, belə ucuz hərəkətlərlə o, tək özünü yox, bütünlükdə teatr sənətini nüfuzdan salır.

- Yəni Nurəddin Mehdixanlının narazılığının kökündə şəxsi motivlər dayanır?

- Bəli, Nurəddin Mehdixanlının bütün çirkin əməllərinin kökündə onun pozuculuq fəaliyyəti dayanır. Teatrın uğurlarını görmək istəməyən, hər şeyi qara rəngdə təqdim edən, məlumatsız auditoriya qarşısında teatrın təəssübkeşi rolunu oynayan bu adam əslində, teatrın fəaliyyətini pozmağa cəhd etməklə dövlətin mədəniyyət siyasətini pozmağa çalışır. Amma təbii ki, bunların hamısı xam xülyadır.
Azərbaycan teatrında böyük nüfuz sahibi olan rejissor Azər Paşa Nemət teatrımıza bədii rəhbər-baş rejissor təyin edilib. Bir zamanlar teatrın baş rejissoru olmadığını əlində bayraq edən Nurəddin Mehdixanlı yenə də öz pozuculuq fəaliyyətindən əl götürmür. Bu dəfə o, gündəmdə qalmaq, suyu bulandırmaq üçün başqa bəhanələr axtarır. İyrənc əməllərini həyata keçirmək üçün gah sənət yoldaşlarının adından istifadə edir, gah aktyorları bir-birinə qarşı qoyur, gah əlaltıları vasitəsi ilə ictimai rəyə dezinformasiyalar təsir etməyə çalışır, gah da sənət yoldaşının ölümünü şou predmetinə çevirir.
Maraqlıdır, doğrudanmı, çayxana populizmini ağıllı fikir çələngi hesab edir bu aktyor? O, ötən illər ərzində inkişafdan qalıb və sürətlə ötən zamanın yeni ahəngini qavraya bilmir. İşlədiyi teatra, onun sənətçilərinə, qazanılan uğurlara düşmən münasibəti bəsləyir. Əslində, bu aktyor susmalıdır. Səbəbi özünə də bəllidir, başqalarına da. İllərlə onun eyiblərini ört-basdır edib, ictimai rəydən gizlətməyə çalışan teatr kollektivinə qarşı çıxır.
Qəribədir, sərhədlərimizdən bir metr o yana kimsənin tanımadığı bu aktyor, dünyanın neçə-neçə ölkəsində tanınan və ölkəmizin layiqli teatr mütəxəssisi kimi dəyərləndirilən bir sənət və elm xadiminə ədəbsiz istehzalar edir. Uzun illər boyu neçə-neçə tamaşada tərəf-müqabil kimi çalışdığı, dost adlandırdığı, həmkarlarının rejissor qismində müstəqil tamaşa hazırlaması onda açıq-aşkar paxıllıq hissi yaradır. Görünür, burada düşüncə və tərbiyə qıtlığı özünü göstərir. Bəzi müsahibələrində az qala, hökumət adamlarına da teatra kimi rəhbər təyin etmək barədə məsləhətlər verir, naşı olduğu məsələlər barəsində “müdrik” mülahizələr söyləməyə cəhd edir. Heç vaxt yaddaşından şikayət etməyən bu aktyor başqalarına aid olan hər şeyi eşələyib axtarıb, tapıb, xatırladığı halda, özü ilə bağlı hadisələri, nədənsə, “unudub”, xatırlamır.

- Özü ilə bağlı məsələlər deyəndə nəyi nəzərdə tutursunuz?

- Teatra gəldiyi dövrü, xidməti qapını kəsdirən borcluların əlindən arxa qapıdan necə qaçdığını, teatrdan necə çıxarıldığını, sonralar həmin teatra kim tərəfindən, hansı şəraitdə işə qəbul olunduğunu, əvvəllər qarşısında müti dayandığı adamlara qarşı sonralar nankor ədəbsizliklərini, içkili halda törətdiyi əməlləri, həmkarlarını indi bəyənmədiyi müdiriyyətə necə pislədiyini, sifarişlə ona-buna qarşı “alovlu” çıxışlarını, kiməsə bir vaxtlar “Ulu Xaqan” deyib, qarşısında ayaq üstə durub, sonra arxasınca hədyanlar söylədiyini, tez-tez mövqeyini dəyişdiyini, boğazdan yuxarı irad etdiyi nitqlərini, lazım gələndə qatığa qara dediyini “unudub”. Onu da unudub ki, bütün bu olayların canlı şahidləri bu gün onunla bərabər teatrda çalışır. Əgər istəsə, həmkarları onun yaddaşını təzələyə bilərlər.
Milli teatr mədəniyyətimizin, o cümlədən Akademik Milli Dram Teatrının təəssübünü çəkən minlərlə teatrsevərdə onun hazırkı inkişaf tempinə, qazanılan uğurlarına namərdcəsinə xor baxılması ikrah hissi oyadır. Bu aktyorun teatrın son illərdəki fəaliyyətinə bu sayaq diş qıcamaları acı təəssüf doğurur.

- Nurəddin Mehdixanlı deyir ki, İsrafil İsrafilov direktor kimi yerində deyil…

- İsrafil İsrafilovun uzun illik pedaqoji, elmi, idarəetmə təcrübəsi bəhrəsini verməkdədir. Bunu görməmək mümkün deyil, dəyərləndirməmək nankorluqdur. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi İsrafil İsrafilovun teatr direktoru kimi fəaliyyətinə müsbət münasibətini bildirib.
Odur ki, aktyorun sırf peşə ilə məşğul olmaqdansa, çalışdığı kollektivin fəaliyyətini ləkələmək cəhdləri onun özünü hörmətsiz edir. Onun səhnədən gəlməli olan səsi sayt səhifələrindən gəlir. Hər bir müəssisə və təşkilatın daxili problemləri olur. Amma həmin problemləri şişirtməyi, xəstə hikkə ilə ictimai fikrə sırımağı özünə sığışdırmağa hər kəsin vicdanı yol verməz.

- Bəsti xanım, son vaxtlar yaranan vəziyyətlə bağlı adınız tez-tez hallanır. Qalmaqalla gündəmə gəlmək necə hissdir?

- Mən bir sənətçi kimi sözümü səhnədə deməyə öyrəşmişəm. Sənətdə olduğum 37 ildə heç vaxt qalmaqallarla gündəmə gəlməyə çalışmamışam. Amma son zamanlar mənə qarşı təzyiqlər, hücumlar artıb. Susduqca görürəm ki, haqqımda daha çox həyasız iftiralar yayırlar. Gah mətbuatda haqqımda “istedadsız” dedilər, gah tamaşa hazırlamağımı az qala, Azərbaycan teatrının bütün problemlərinin səbəbi kimi təqdim etdilər. Gah dedilər ki, mən gənclərə paxıllıq edirəm, guya kiməsə ayaqqabı atmışam. Bu iftiraların sayını artırmaq da olar...
Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu kimi xalq nağılları əsasında uşaq tamaşası hazırlayıb 10 istedadlı gənc aktyoru teatra qazandırdım. Hazırda həmin gənc tələbə-aktyorlardan bir çoxu teatrın müxtəlif tamaşalarında məşğuldur. Görəsən, gənc aktyorlara dəstək olmaqla, kömək etməklə cinayətmi etdi Bəsti Cəfərova? Görəsən, həmkarlarının əldə etdiyi nailiyyətləri görməkdən niyə qorxur bu aktyor? Görəsən, gözəl işlərin xoş əks-sədası altında niyə əzilir?

- Özünüz bu suallara cavab verə bilərsiniz?

- Bu suallara dəqiq cavab vermək üçün gərək ya psixoloq, ya da psixiatr olasan. Bir rəvayəti xatırlayıram. Qədimlərdə bir vilayətdə qız və oğul övladı olan bir kişi yaşayırmış. Namuslu, müdrik olan bu kişinin övladları, nədənsə rəngləri qara, xasiyyətcə ətiacı olublar. Ona görə də heç biri ailə qura bilmir. Kişinin qızı hara baxırdısa ər, hər kəsdə kişi görürdü. Yuxusuna da cürbəcür cilddə, cürbəcür kişilər gəlirdi. Oğlu da qəribə idi, hara baxırdısa, hər şeyi və hər kəsi qara rəngdə görürdü. Kişi həmişə susur, gözlərini bir nöqtəyə zilləyib durur, nə haqdasa düşünürdü. Bir dəfə ondan düşüncələrinin səbəbini soruşanda köks ötürüb deyir ki, “qara qızın dərdi bəlli, bəs qara gədənin dərdi nədir?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...