Sahibkarlar üçün gömrük BATAQLIĞI

Dekabr ayının 21-də milli valyutanın ikinci dəfə kəskin devalvasiyaya uğraması iqtisadiyyatı iflic vəziyyətinə gətirib. Prezident İlham Əliyev manatın növbəti dəfə dəyərdən düşməsinin labüd olduğunu bildirərək qaçılmaz qərarın fəsadlarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılacağını bəyan edib. O, qeyd edib ki, gömrük və vergi sistemində maksimum şəffaflığı təmin etmək üçün inhisarçılıq ləğv ediləcək.
Prezident dəfələrlə bu məsələnin zəruriliyini bəyan etsə də, nə bu sahəyə nəzarət edən məmurlar lazımi addımlar atıb, nə də inhisarçı nazirlər öz əməllərindən çəkiniblər. Amma ölkə başçısının axrıncı xəbərdarlığından sonra bu sahədə neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar atıldığı bildirilir. O da qeyd edilir ki, növbəti il yanvar ayının 1-dən etibarən gömrükdəki inhisarçılıq tam olaraq aradan qaldırılacaq.
İqtisadçı Samir Əliyev Modern.az saytına gömrük sistemində inhisarçılığın tam aradan qalxacağına inanmadığını desə də, müəyyən işlərin görüləcəyini bildirib:
“Ölkədəki problemlərin səbəblərindən biri də gömrük sistemindəki inhisarçılıqdır. Milli valyuta fevral və dekabr aylarında iki dəfə kəskin devalvasiyaya uğrayıb. Bu, avtomatik olaraq qiymət artımına gətirib çıxaran amildir. Bahalaşmanın qarşısını inzibati yolla nə qədər almağa çalışsalar da, mümkün olmayacaq. Çünki bu, təbii prosesdir. Hazırkı bahalaşmanın iqtisadi əsasları var. Səbəb odur ki, məhsulların və xammalın böyük hissəsi xaricdən dollar və avro ilə alınır. Manat devalvasiyaya uğrayıbsa, məhsullar da avtomatik bahalaşmalıdır”.
Samir Əliyev deyib ki, devalvasiyanın məhsulların qiymətinə təsirini minimuma endirməyin yollarından biri də, gömrükdəki inhisarçılığın aradan qaldırılmasıdır:
“Bahalaşmanın qarşısını ala biləcək əsas açarlardan biri məhz gömrük sistemidir. Heç kimə sirr deyil ki, Azərbaycanın gömrük sistemi inhisarçıdır. Fiziki və hüquqi şəxslər gömrükdən mal, məhsul keçirmək istəyərkən mütləq onlardan əlavə ödənişlər tələb olunur. Hansısa məhsulu rəsmi şəkildə ölkəyə gətirmək çox çətindir, qeyri-rəsmi şəkildə isə çox böyük vəsait hesabına başa gəlir.
Fikrimcə, gömrük sisteminin sadələşdirilməsi ölkəyə ucuz mal daxil olmasına imkan yaradar ki, bu da devalvasiya nəticəsində baş verən qiymət artımının qarşısını al bilər. Bəzi mallar gömrükdən keçiriləndə 30-40 faiz, bəziləri isə dəyərindən 3-4 dəfə baha başa gəlir. Hətta hər adam onu gətirə bilmir.
Digər məsələ tədiyyə balansı ilə bağlıdır. Bizdə idxal malları tam rəsmiləşdirilmədiyindən rəsmi olaraq ölkədən çıxan dollar ölkəyə gətirilən dollardan azdır. Amma bütün mallar rəsmiləşdirilsə, məlum olacaq ki, ölkədən xaricə kifayət qədər böyük pul kütləsi daşınır. Kapital axınına nəzarət etmək üçün gömrük sistemində inhisarçılığın aradan qaldırılması şərtdir. Tam əmin olmasam da, inanmaq istəyirəm ki, bu sahədə müəyyən addımlar atılacaq və öz bəhrəsini verəcək. Bu artıq düşdüyümüz böhrandan çıxış yollarından biridir”.
Ekspert hesab edir ki, “ASAN xidmət” modeli nümunəsində şəffaf gömrüyün formalaşması mümkündür: “Nəzərə alaq ki, Gürcüstan gömrüyü Azərbaycan gömrüyündən də pis vəziyyətdə idi. Amma indi demək olar ki, neqativ hallar aradan qaldırılıb.
Düşünürəm ki, hökumətin məqsədi korrupsiyanı aradan qaldırmaqdırsa, bu addımı atacaq və buna da nail olacaq. Ən azından Azərbaycanda “ASAN xidmət” nümunəsi var. Heç kim deyə bilməz ki, bu xidmətdə korrupsiya, rüşvət var. Heç kim də deyə bilməz ki, əhalinin təfəkküründə rüşvət var.
Əgər kiçik model yarada bilmişiksə, deməli, daha böyüklərini də etməyə qadirik. Deməli, digər sahələrdə də bu modeli yaratmaq olar. Amma istək olan yerdə. Bu o deməkdir ki, problem sistemdədir. Hətta kifayət qədər qısa müddətdə buna nail olmaq mümkündür”.
489 dəfə oxundu