Parabank-da kredit oyunu İLGİNC

Xatırlayırsınızsa, ötən saylarımızın birində "Parabank" ASC-nin S.Vurğun küçəsi 60 ünvanında yerləşən baş ofisində yaşanan neqativ hallarla bağlı ətraflı məlumat vermişdik. Əldə etdiyimiz bilgilər əsasında qeyd etmişdik ki, filialın Nicat Baxşəliyev adlı əməkdaşı bir sıra müəmmalı bank əməliyyatlarında aktivlik nümayiş etdirir. Məhz onun fəaliyyəti nəticəsində "Parabank"ın baş ofisində istehlak kreditlərinin verilməsi zamanı bir sıra əyrintilərə imza atılır.
Mövzu ilə bağlı redaksiyamıza verilən ən son məlumatlarda isə bildirilir ki, "Parabank" faizsiz kredit adı altında müştərilərinə kələk gəlir. Belə ki, "Parabank"ın faizsiz kredit kampaniyası zamanı güzəştə getdiyi faizin əvəzini komissiya haqlarında artıqlaması ilə çıxdığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, ASC tərəfindən kredit verilərkən müştərilərdən elə yüksək məbləğdə komissiya haqqı tutulur ki, nəticədə bu kredit yüksək faizli kreditə çevrilir: "Parabank" kampaniya zamanı kredit üçün müraciət edən şəxslərə kreditlərin illik 0 faiz dərəcəsi ilə veriləcəyini bəyan ətsə də, əslində bunun əvəzində müştərilər xüsusi komissiya ödəməlidirlər. Elə məsələnin maraqlı tərəfi də budur. Məsələ ondadır ki, "Parabank" adi vaxtlarda nağd pul kreditini müştərilərinə 28-38 faizlə ayırır. Faizsiz kredit kampaniyası çərçivəsində isə "Parabank"ın kreditləri faizsizdir. Əvəzində bankdan krediti 1 il müdətinə götürən müştərilər kredit məbləğinin 17 faizi, 2 illik müddətinə kredit götürənlər 28 faizi, krediti 3 il müddətinə götürənlər isə 38 faizi qədərində komissiya haqqı ödəməlidirlər. Yəni "Parabank" ASC-dən 1000 manat krediti 1 illik götürənlər cəmi 830 manata, 2 illik götürənlər 720 manata, 3 illik götürənlər isə cəmi 620 manata sahib olacaqlar. Beləcə, kreditin müddətini və aylıq ödənişin məbləğini nəzərə alanda "Parabank"ın bu kreditləri faktiki olaraq müştərilərə 34-36 faizlə verilir. Bir sözlə, müştəriyə faizsiz kimi təqdim olunan kreditlər əslində elə faizlə verilən kreditə bərabər olur".
Məlumatlı şəxsin iddiasına görə, "Parabank" ASC ilə bağlı digər bir maraqlı məqam isə ipoteka əməliyyatları zamanı yaşanır. Mənbə qeyd edir ki, dövlət büdcəsindən ASC üçün İpoteka Fonduna ayrılan vəsaitlərdən yalnız "Parabank"ın əməkdaşları yararlanır: "Bankın baş ofisinin əməkdaşı Nicat Baxşəliyev bu işdə də digərlərindən fərqlənir. Belə ki, o, ipoteka əməliyyatları zamanı bir sıra üsullara baş vuraraq şəxsi maraqlarını əməlli-başlı təmin etməyə nail olur. İş o yerə çatıb ki, bu gün nadir hallarda "Parabank"da kənar şəxslər ipoteka kreditlərindən istifadə edə bilirlər. Şübhəsiz, bütün vətəndaşlar kimi bank işçilərinin də ipotekadan faydalanmaq hüququ var.
Lakin ipoteka kreditlərinin verilməsində yalnız öz işçilərinin hüququnu tanıyıb, başqalarına isə qapını arxadan örtməyi tapşırmaq heç bir qanuna və məntiqə sığmır. Əgər "Parabank" öz işçilərinin sosial problemlərini həll etmək istəyirsə, o zaman bunun üçün daxili imkanları hesabına güzəştli kreditlər təşkil edə bilər. Onu da nəzərinizə çatdırım ki, "Parabank"da yaşanan ən dəhşətli hal isə vətəndaşların girovlarının su qiymətinə əldən çıxması üçün qurulan mexanizmdir. Belə ki, bu zaman ilk öncə kreditini ödəyə bilməyən müştərinin girov kimi qoyduğu əmlak qiymətləndirilir. Qiymətləndirmə ikili aparılır. Birinci qiymətləndirmə açıq olur, onu məhkəmə icraçılarının təyin etdiyi qiymətləndirici təşkilatlar edir. Bu halda, əmlakın dəyəri müştəriyə bəlli olur. Lakin bu "şəffaflıq" heç də hər kəsi məmnun etmir.
Çünki qiymətləndirmədən öncə qiymətləndirici təşkilatlarla "Parabank" ASC arasında danışıqlar həyata keçirilir. Bununla da, əldə olunmuş razılığa əsasən əmlak real dəyərindən xeyli ucuz qiymətləndirilir. İkinci qiymətləndirmə isə "Parabank"ın özü tərəfindən aparılır və rəsmiləşdirilir. Bu, ona görə edilir ki, bankın girovlar şöbəsi əmlakı özü istədiyi qiymətə satıb, rəsmiyyətə kefi istəyən qiyməti yazmasın. Müştərilərin mülkiyyətinin real dəyərindən dəfələrlə ucuz göstərilməsi hələ "proses"in hamısı deyil. Məsələn, tutaq ki, sizin avtomobiliniz girovdadır, 10 min manat kredit borcunuzu ödəyə bilmədiyinizə görə onu əlinizdən alıblar və qiymətləndirmə təşkilatı onu 11 min manata dəyərləndirib. Əksər hallarda bu əmlak 35-38 min manata satılır, amma guya, 8 minə satıldığı rəsmiləşdirilir.
Yəni "Parabank"ın bu qədər artıq pul əldə etməsi belə, tamahkarlık ucbatından müştərinin borcunu tam bağlamağa imkan vermir. Bu minvalla bir müddətdən sonra daha bir məhkəmə qətnaməsi ilə müştərinin başqa bir əmlakına həbs qoyulur. İş bununla yekunlaşmır. Daha bir fırıldaq isə "Parabank"ın avtomobil sığortası ilə bağlı həyata keçirilir. Belə ki, bu zaman dəymiş ziyan dəyərindən yüksək qiymətləndirilir və vətəndaşla sövdələşmə bağlanır. Real ziyan ödənildikdən sonra yerdə qalan vəsait mənimsənilir. Əgər aidiyyəti qurumlar obyektiv araşdırma aparsalar, onda bir çox digər məqamlara da aydınlıq gətirilə bilər…" \\ gundelik-baku.com \\
1325 dəfə oxundu