Ukrayna Krımı bombalayır - 2024-dəki əsas hədəf...

Ukrayna Krımı bombalayır -
İlhaq edilən yarımada müntəzəm vurulur, dəmiryol dağıdılıb, dron zərbələri ara vermir; Rusiyanın atəş altında olan Belqorod şəhərindən isə təxliyə başlanıb - Zelenski əsas məqsədi açıqladı

Gələn ay Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının ikinci ili tamamlanacaq. Bir sıra təhlilçilərə görə, 2024-cü il münaqişə ilə bağlı çox mühüm, hətta həlledici gəlişmələrlə yadda qala bilər. Kimin xeyrinə? Hələlik bu xüsusda konkretlik yoxdur. Bir şey aydındır ki, hər iki tərəf ötən iki ildə buraxılan səhvlərdən dərs çıxarıb üstün mövqe qazanmağa çalışacaq. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Silahlı Qüvvələrin 2024-cü ildə əsas məqsədi Krımın təcridi olacaq.

Onun sözlərinə görə, bu, Ukrayna tərəfi üçün, o cümlədən Rusiyanın Krım ərazisindən hücumlarının sayını azaltmaq üçün son dərəcə vacibdir. Zelenski “The Economist”ə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin bu və ya digər hədəflərinə çatması üçün vaxt çərçivəsini açıqlamayıb. Nəşrin qeyd etdiyi kimi, Ukrayna prezidenti ərazi məsələləri ilə bağlı daha vaxt çərçivəsi müəyyən etmir və heç bir vəd vermir. Aprel ayında Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatı çərçivəsində “Rusiya qüvvələrini dəf etmək, həmçinin Krım yarımadasını nəzarətə qaytarmaq” planlarından danışmışdı.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ 2024-də (seçki ilində) Ukraynanı əvvəlki 2 ildəki kimi dəstəkləməyəcək. “Biz Ukraynanı lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyik. Lakin bu o demək deyil ki, biz onları 2022 və 2023-cü illərdə olduğu kimi hərbi maliyyələşdirmə səviyyəsində dəstəkləməyə davam edəcəyik”, - Miller qeyd edib. ABŞ-dan maliyyə dəstəyinin zəifləməsi Ukrayna ordusunun döyüş qabiliyyəti və ruhuna necə təsir edə bilər? Yaranmış boşluğu Avropa Birliyi ölkələri, özəlliklə Almaniya, Fransa doldura biləcəkmi? Onu da qeyd edək ki, Ukrayna hərbçilərinin təlimində 30-dan çox ölkə iştirak edir. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Doktrinalar və Hazırlıq Baş İdarəsinin rəisi Aleksey Taran bildirib. “Hazırda 34 ölkədən ibarət tərəfdaş koalisiyası Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti üçün xaricdə təlim tədbirlərinin təşkilində iştirak edir. Bunlar ABŞ, Böyük Britaniya, AB ölkələrinin əksəriyyəti, Kanada, Norveç, Avstraliya, Kosova, Şimali Makedoniya, Gürcüstan, Moldova və Albaniyadır”, - o qeyd edib.

Bu arada, Rusiyanın Belqorod şəhərində dinc əhali təxliyə edilir. Müvəqqəti olaraq şəhəri tərk etmək qərarına gələn Belqorod sakinlərinə həm vilayətin öz ərazisində, həm də qonşu bölgələrdə təşkil edilmiş müvəqqəti yaşayış mərkəzlərinə köçməyə kömək edilir. Belqorod vilayətinin Starıy Oskol şəhər dairə administrasiyasının rəhbəri Andrey Çesnokov məlumat verib. Onun sözlərinə görə, 100-dən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib. Yanvarın 5-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov şəhəri tərk etmək istəyənlərin təhlükəsiz yerlərə köçürüləcəyini demişdi.

Rusiya ordusu isə Primorsko-Axtarsk bölgəsindən Ukraynaya 28 PUA ilə hücum edib. Yanvarın 7-də olan əsas xəbər ondan ibarət idi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu dağıdıb. Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko teleqramda yazıb. O bildirib ki, Ukrayna ordusu Qranitnoye kəndi ərazisinə məqsədyönlü və dəqiq zərbələr endirib. Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb. Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir. Dron zərbələri də ara vermir və son əməliyyatda 23 rus hərbçi həlak olub. Zelenski Qərb dövlətlərini Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra dondurulmuş Rusiyanın xaricdəki təxminən 300 milyard dollar aktivini ölkəsinə verməyə çağırıb. Zelenskinin fikrincə, bu, Rusiyanın təcavüz üçün ödəyəcəyi ədalətli bədəl olardı. “Financial Times” qəzeti yazıb ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyin yollarını fəal şəkildə araşdırır. Son həftələrdə ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı özəl danışıqlarda daha iddialı mövqe tutduğu deyilir. G7 iclaslarında ABŞ tələb edir ki, aktivlərin müsadirəsi üçün “beynəlxalq hüquqa uyğun” bir yol var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...