Hökumət rəsmiləri xəbərdarlıq etdi - "Ölsələr də xilas etməyin"

İndoneziyalı balıqçılar hökumətin dənizdə boğulmağa məhkum olan arakanlı müsəlmanları və banqladeşli köçkünləri xilas etməyi qadağan etdiyini irəli sürüb.
Avropa.info xəbər verir ki, balıqçılar dövlət rəsmilərinin onları tənbeh edərək dənizdə batan miqrantlar haqda "boğulsalar da xilas etməyin" deyə xəbərdarlıq etdiklərini bildirib. Banqladeş və Myanmanın Arakan bölgəsindən qaçan minlərlə köçkün bölgə ölkələri onları qəbul etmədiyi üçün günlərdir dənizdə gözləyirlər. Arakan bölgəsindəki müsəlmanların buddistlərin zülmündən, banqladeşlilərin isə daha çox iqtisadi səbəblərlə köç etməyə çalışdığı bildirilir.
BBC-nin yaydığı xəbərə görə İndoneziya, Tailand və Malayziya sahillərində minlərlə köçkün qayıqlarda yemək və su problemi ilə qarşılaşır. Köçkünlər adıçəkilən ölkələrdən birini onları qəbul edəcəyini gözləyirlər.
BMT-nin çağırışına baxmayaraq hər üç ölkə köçkünləri qəbul etməkdən imtina edir. Keçən həftə ən az 700 banqladeşli və arakanlı İndoneziyanın Açe əyalətində balıqçılar tərəfindən xilas edilib.
Beləcə Açe əyalətindəki düşərgələrə yerləşdirilən köçkünlərin sayı 1500-ə yaxınlaşıb. İndoneziyalı bir hərbi dövlət rəsmisi isə daha çox miqrantın sahilə çıxmasının qanunlara zidd olduğunu söyləyib.
473 dəfə oxundu