“20 min manatı hardan tapım?!” Şeyxin qardaşı

“20 min manatı hardan tapım?!”

GUNDEMİNFO.AZ millət vəkili Cavanşir Paşazadənin “Ekspress” qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Qarşıdan parlament seçkiləri gəlir. Yenidən namizədliyinizi irəli sürəcəksinizmi?


- Mən özbaşına namizədlik irəli sürmürəm. Namizdəliyimi partiya irəli sürür. Əgər yenidən qismət olarsa, Yeni Azərbaycan Partiyasının rəhbərliyi uyğun bilərsə, yəqin namizədliyim irəli sürüləcək. Artıq 10 ildir ki, YAP-dan millət vəkiliyəm. Bildiyiniz kimi, Lənkəran-Masallı dairəsindən millət vəkili seçilmişəm. Müstəqillik əldə ediləndən sonra Azərbaycan çox çətin günlər yaşadı. Amma son 10 ildə, demək olar ki, inkişaf edir. Bakı şəhərində hiss edilən inkişaf regionlarda da var. İnkişaf regionlarda da eyni formada, hər rayona uyğun, coğrafi mövqeyinə uyğun gedir.

- Bir millət vəkili kimi seçicilər sizə ən çox hansı problemlərlə müraciət edir?

- Əvvəllər, məsələn, 8-10 il qabaq seçici tələb edirdi ki, qaz olsun, işıq olsun. Kənd təsərrüfatı ilə məşğul olan insanlar su problemi yaşayırdılar. Yolların problemli olması, məktəblərin yoxluğu, uşaqların məktəbə gedə bilməməsi problemləri var idi. Təbii ki, bu suallar, məsələlər cəmiyyətə çox əziyyət verirdi. Hal-hazırda isə bu məsələlərin əksəriyyəti yoxdu. Cənab prezident İlham Əliyev bu məsələlərin, demək olar ki, həllini tapır və tapmaqdadır. İnsanlar artıq başa düşürlər ki, millət vəkili yol çəkmək, ona hansısa xəstəliyin müaalicəsi, digər bu kimi məsələlərlə bağlı müraciətlər etmək deyil, qanun qəbul etmək üçündür. Təbii ki, bunlar da öz yoluna düşür. İnsanlar çox vaxt kənd yerlərində belə bir müraciət edirlər: "Mənim qapıma asfalt çəksinlər" və ya ucqar bir dağ kəndində, içməli suyun problem olduğu bir kənddə sakin istəyir ki, su onun həyətinə gəlsin. Onlar quyudan su çəkmək istəmirlər. Təbii ki, bu, insanların tələbləridir. Sosial məsələlər həllini tapdıqca, televiziyalarda, mətbuatda bu problemin həllini tapdığını görüb onlar da istəyir. Niyə də istəməsinlər? Bu, onların haqqıdır. Biz də çalışırıq ki, onların haqqını onlara verək.

- Bir problem olan kimi hər kəs həmin ərazinin deputatını günahlandırır ki, seçicilərlə maraqlanmır. Bu, nədən irəli gəlir?

- Bu, insanların özünün maariflənməməsindən irəli gəlir. Yəni bu insan istər prezident, istər deputat, istərsə də bələdiyyə seçkilərində sandıq başına getmir. Belələri seçkiyə getməyi özlərinə aid etmirlər. Amma nə vaxt ki, külək gəlib onların küçələrindən əsir, sel onların üzərindən axır, bu zaman deputat, bələdiyyə yada düşür, dövlət başçısı yada düşür. Onlar özlərini bu xalqın bir hissəsi kimi hiss etmirlər. Deyirlər "o, nəyimə lazım, bu, nəyimə lazım". Lazımlı dövrdə isə çıxıb deputatı, bələdiyyəni, dövlət başçısını günahlandırırlar.

- Şəxsən sizə də belə qınaqlar olurmu?

- Milli Məclisdə belə bir qanun var ki, millət vəkillərinin köməkçiləri ildə iki dəfə hesabat verirlər. O hesabatlarla maraqlansanız görərsiniz ki, mən nə qədər iş görmüşəm. Hərənin bir xüsusiyyəti var. Bir insan danışmır,iş görməyi bacarır və ya bir başqası iş görə bilmir, ancaq danışır. Əsas seçildiyin yerin, getdiyin ərazinin problemlərini qaldıra bilmək, diqqətdə saxlaya bilməkdir. Təbii ki, mən bu problemləri komissiya iclaslarında, illik hesabatlarda qaldıra bilirəm. Seçildiyim ərazinin müəyyən problemləri var ki, mən bunları diqqətdə saxlayıram.

Bu yaxınlarda cənab prezident də Lənkəranda yolların, obyektlərin açılışında iştirak etdi. Bir il ərzində üç kənddə üç məktəb tikildi. Şağlaser, Separadi və Tükəvilə kəndlərində tikilən məktəblər sentyabrda açılacaq. Və 4 məktəb təmir edildi. Və yaxud cənab prezident Vilvan kəndi ilə bağlı bir ildə iki dəfə sərəncam imzaladı. Yolların çəkilməsi üçün 3 milyon 300 min bir sərəncamda, digər sərəncamda isə 3 milyona qədər vəsait ayrıldı. Təbii ki, ondan 6-7 ay öncə mən yolların çəkilməsini cənab prezidentdən xahiş etmişdim. Nərimanabad qəsəbəsi 4 kənddən ibarətdir və 6 minə yaxın əhalisi var. Ora 19 km yol çəkildi. Cənab prezident onun açılışında iştirak elədi. Kəndin qazlaşdırılması, içməli su ilə təmin olunması, xəstəxananın, məktəbin təmir edilməsi, yaşlılar evinin tikilməsi, təmir edilməsi yaxın günlərdə reallaşdırılıb.

Demək olar ki, mənim seçildiyim bölgədə - Masallıda böyük bir məktəbin tikilməsi və onun qazlaşdırılması, sonra qonşu kəndlərdə kənd yollarının çəkilməsi həyata keçirilib. Mən prezidentdən xahiş edirəm bölgənin qazlaşdırılması üçün, amma hər şeyi də demək olmur axı. Bunu da insanlar başa düşməlidir. Bütün işlər planlı şəkildə görülməlidir. Planlı şəkildə iş gedirsə, o iş davam edəcək. Cənab prezident hələ gənc yaşlarında o kənddə olmuşdu deyə yadında çox gözəl qalmışdı yollar. Mən ona deyəndə ki, biz bu kənddə sizinlə bir yerdə olmuşuq, o dedi ki, aradan 17 il keçib. Doğrudan da o vaxtdan 17 il keçmişdi, amma onun yaddaşında necə qalmışdısa, dedim, cənab prezident, siz o vaxt gördüyünüz yol necə görmüsüzsə, o cür də qalıb. Dedi ki, o yolu çəkməliyik. Xalq, cəmiyyət sevinir ki, cənab prezident gənclik dövrlərində bizim kənddə olub, bununla fərəh duyurlar. Mən cənab prezidentdən xahiş etdim və cənab prezident də buna çox önəm verdi. Bu yaxınlarda bunun açılışında oldu. Gördüyümüz işləri saymaqla qurtaran deyil. Mətbuata deyilməsi mümkün olmayan işlərimiz də olur. Biz imkanlarımız çərçivəsində bacardığımızı edirik. Amma elələri də var ki, nə özünün imkanı var, nə də olduğu imkanın dəyərini bilir. Bizə bəzən elə müraciətlər olur ki, imkanlarımız onu həyata keçirməyə yol vermir. Məsələn, biri yazır ki, mənim uşağım xəstədir. 20000 manata xaricdə müalicə olunmalıdır. Bir millət vəkili 20 min manatı hardan gətirib verə bilər ki? Deyirəm mən sizə necə kömək edim, bu qədər vəsaiti tapa bilmərəm ki. Deyir, o nədi ki? O nədisə niyə o "nədi" səndə yoxdur? Belələri də olur. Bu da bizim insanlardır. Bu da bizim insanların fikirləridir. Biz onları da qınamırıq. Ehtiyacdan doğulan şeylərdir hamısı. Təbii ki, artıq Azərbaycanın özündə böyük xəstəxanalar tikilib. O xəstəxanalarda elə aparatlar var ki, heç xaricdə də yoxdur. Azərbaycanda da elə müalicələr də həyata keçirilir. Bu insanları qınamıram. Amma o insanlar bilməlidirlər ki, millət vəkilləri qanun qəbul etmək üçündür. Millət vəkilləri sizin sözünüzü dövlətə çatdırmaq üçündür. Bəzən görürsən, biri dövlət başçısına, Mehriban xanıma, spikerə və s.-ə məktub yazır, axırda millət vəkilinə müraciət edir. Yaxşı, millət vəkili olaraq, mən sizin müraciətinizi kimə etməliyəm? Siz yuxarı instansiyalara müraciət edəndən sonra mən kimə müraciət etməliyəm?

Yəqin ki, bu da əsəbdən irəli gəlir. Sonra da deyirlər ki, biz millət vəkilinə müraciət etdik, müraciətimizə baxılmadı. Başa düşmürlər ki, müraciəti düzgün etməyiblər.

Bizim bir problemimiz var - biz hər şeyi bilirik, bilmədiyimiz heç nə yoxdur. Amma bir yerə çıxanda anlayırıq ki, əslində heç nə bilmirik. Qışqırmaqla, fors etməklə, özündən razı gəzməklə deyil. Təbii ki, bu da keçəcək.

- Sizi çox zaman şeyxin qardaşı kimi təqdim edirlər. Reaksiyanız necə olur belə təqdimatlara?

- Bu, belə də olmalıdır. Cənab prezident İlham Əliyevi Heydər Əliyevin oğlu kimi tanıyırlar. Atanı oğulla tanıyırlar, oğulu atayla. Əgər bu gün cənab prezidenti Heydər Əliyevin oğlu kimi bilirlərsə, görün Heydər Əliyev nə boyda bir nəhəng olub ki, ondan sonrakı nəhəngi onun oğlu kimi qəbul edirlər.

İndi siz görün ki, şeyx nə qədər böyük insandır ki, mən nə qədər oluramsa-olum, özüm ola bilmirəm. Yenə də onun adıyla təqdim olunuram. Bir ailənin üzvüyüksə, biz bir-birimizlə fəxr etməliyik.

- Qarşıdan I Avropa Oyunları gəlir. Sizin bir millət vəkili kimi buna baxışınızı bilmək istərdik.

- Avropa Oyunlarına artıq sayılı günlər qalıb. Avropa Oyunları dünyada böyük bir siyasətdir. Bu siyasət Azərbaycan üçün daha böyük bir siyasətdir. Avropa Oyunları böyük bir inkişafın nümayişidir. Biz artıq iki ilə yaxındır ki, Avropa Oyunlarına hazırlaşırıq. Avropa Oyunları cəmiyyətdə hansı mövqeni tutmasından asılı olmayaraq hər bir azərbaycanlının bəşəri işidir, qürurudur. Bu, onun övladının başının ucalığı deməkdir. Hər birimizin borcudur ki, əlimizdən gələn hər hansı işi görək.

Bəzən mətbuatda oyunlarla bağlı bizi istəməyən, üzdəniraq dövlətlər mənfi fikirlər yazırlar. Mən bunu təbii qarşılayıram. Bu gözlənilən bir şeydir. Hələ mən öz içimizdə olanları demirəm. Sapı özümüzdən olanlar olmasa, kimsə bizi məğlub edə bilməz. Belə söhbətlər Avropa Oyunlarından sonra da davam edəcək. Mən bunu da təbii qəbul edirəm. Bu, hamının marağına səbəb olur. Mənfi fikirlər ola bilər. Biz gərək bu fikirlərə heç əhəmiyyət verməyək. Üzr istəyirəm, deyir, "it hürər karvan keçər". Amma bizə karvan lazımdır.

- Son iki ayda paytaxtda yaşayış binalarında iki böyük yanğın hadisəsi yaşandı. Bu yanğınları Avropa Oyunları öncəsi təxribat adlandıranlar da var. Siz bu barədə nə düşünürsüz?

- Əvvəla, bu hadisədə yaxınları həlak olan insanların hamısına başsağlığı verirəm. Bizim balalarımız, bacılarımız, qardaşlarımızdır. Doğrudan da böyük faciədir. Orada körpələr dünyasını dəyişdi. Bu hadisə 3-5 günə yaddan çıxan bir şey deyil. Cənab prezidentin də bu hadisə ilə bağlı başsağlığını oxudum. Prezidentin bu məsələyə nə qədər sərt yanaşdığının da şahidi olduq. Böyük komissiyalar yaradıldı. Təbii ki, bu o insanların yaralarını sağaltmayacaq. Onların dərdi ömür boyu içlərində qalacaq.

İkinci məsələyə gəlincə, mən inanmıram ki, bir insan olaraq, yəni bədənindən qan axan hansı partiyaya, hansı bir fikrə, hansı dövlətə qulluq etməyindən asılı olmayaraq, kimsə bu hadisəni törədə bilər. Mən buna inanmıram. Körpələrin ölümünə səbəb olan bir insan nə insandı? Mən yenə buna inanmıram.

Cənab prezident tapşırıqlar verib və tədbirlər görülüb. Bundan qabaq da bina yanmışdı. O bina haqqında Milli Məclisdə də o vaxt söhbətlər, danışıqlar oldu. Təbii ki, o işləri yerinə yetirən adamlar gərək müəyyən qədər reaksiya verəydilər.

Bu işdə kimin günahkar olduğu ortaya çıxarılacaq. İnsanlar öz cəsasını çəkəcəklər. Mən inanıram ki, bu belə buraxılmayacaq. Bir tədbir görüləcək.

- Avropa Oyunları qabağı oliqarxların həbsi də birmənalı qarşılanmadı...

- Buna oliqarxların həbsi deməzdim. Tutulmaq başqa şeydir. Bu, məcburi saxlanılmadır. Bu insanlar dövlətdən aldığı borcları qaytarmayıblar. Bəziləri yazır ki, Avropa Oyunları öncəsi dövlətin çətinlikləri olduğu üçün oliqarxlar saxlanılır. Bundan böyük ajiotaj yaratmağa ehtiyac yoxdur. Dövlət borc verəndə də yazırlar ki, borc verdi. Geri istəyəndə də yazırlar ki, belədir. Sadəcə, birinin birinə 15 manat borcu olanda deyir "a balam, borcun var, qaytar". Bunlar da götürübsə, qaytarılmalıdır. Burada elə də böyük bir problem yoxdu. Bunu siyasiləşdirmək də lazım deyil.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...