Qazaxda bir kəndin 70 sakini aclıq aksiyasına başladı

Qazaxda bir kəndin 70 sakini aclıq aksiyasına başladı

Qazaxın Xanlıqlar kəndində uşaq bağçasının müdirəsi Xatirə Əsgərova tərəfindən aldadılaraq adlarına kredit götürülmüş sakinlər bu gündən aclıq aksiyasına başlayıblar. Bu barədə virtualaz.org saytına aksiya iştirakçısı Nazəndə Həmşəyeva məlumat verib. Kənd sakini dedi ki, 70-dən çox narazı sakin hələlik 10 günlük aksiya elan edib: “Tələblərimiz yerinə yetirilməzsə, aksiyanı dayandırmayacağıq. Bu gün səhər saatlarında iki nəfərin səhhəti pisləşdi. Buna görə də təcili yardım çağırdıq. Amma həmin şəxslər də aksiyanı davam etdirirlər.

Hazırda hamımız küçədəyik. Elə küçədə də qalacağıq, heç kim evinə getməyəcək. Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məmməd Alıyev və bir neçə polis də kəndə gəlib. Onlar sakinlərlə danışıqlar aparmağa çalışırlar. Lakin biz aksiya keçirməkdə israrlıyıq”.

Şikayətçinin sözlərinə görə, 200-dək həmkəndlisinin adına müxtəlif yollarla və fərqli məbləğlərdə kredit götürən Xatirə Əsgərova həbs edilib. Lakin cavabdeh kreditləri ödəməkdən imtina edib: “Xatirə Əsgərova deyib ki, həbs olunmağa razıyam, amma kreditləri qaytarmayacağam. Məhkəmə bizim iştirakımız olmadan kreditlərin ödənilməsinə dair qərar çıxarıb. Xatirə mənim adıma “Kapitalbank”dan 2200, “Zaminbank”dan isə 2000 manat götürmüşdü.

Bundan əlavə, evimi satıb ona 20 min manat vermişəm. “Zaminbank”a olan borcdan 840 manat qalmışdı. Məhkəmənin qərarı ilə indi faizlər də daxil olmaqla 2207 manat ödənilməlidir. Kiminin məvacibindən, kiminin təqaüdündən pul tutulur. Tam müflis olmuşuq. Artıq bir parça çörək almağa da gücümüz çatmır, sosial vəziyyətimiz ağırdır. Buna görə də aclıq aksiyası keçiririk”.

Narazı sakinlər dedi ki, Qazax Rayon İcra Hakimiyyətinə, rayon prokurorluğuna, polis şöbəsinə müraciət etsələr də köməklik göstərilməyib. Sakinlər deyir ki, aclıq aksiyasından sonra da tələbləri yerinə yetirilməsə, daha sərt vasitələrə əl atacaq, lazım gələrsə, beynəlxalq təşkilatlara da müraciət edəcəklər.

Qazax Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun rəhbəri Məhəmməd Orucov virtualaz.org saytına açıqlamasında aclıq aksiyasının keçirilməsi ilə bağlı məlumatsız olduğunu dedi: “Ola bilər ki, bir-iki nəfər tədbir keçirsin. Aksiya haqqında məlumat olsaydı, mən bilərdim”.

Qazax Rayon Polis Şöbəsindən də aksiya ilə bağlı suallara cavab vermək istəmədilər. Qeyd edək ki, təkcə Xanlıqlar kəndində 183 nəfər X.Əsgərovanın “kredit əməliyyatı”nın qurbanı olub. Bağça müdirəsi bu insanların ona olan etimadından sui-istifadə edərək adlarına “Zaminbank”, “Beynəlxalq Bank”, “Kredaqro” Qeyri-Bank Kredit Təşkilatı, “Finca-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı və “Kapital Bank”ın Qazax şöbələrindən kredit götürüb. Elə adam var ki, onun adına bu bankların hamısından kredit götürülüb. X.Əsgərovanın adına kredit götürdüyü şəxslər arasında ümumiyyətlə heç yerdə işləməyən, bu kreditlərdən xəbəri olmayan, hətta fiziki qüsurlu insanlar da var.

Qazaxda bir kəndin 70 sakini aclıq aksiyasına başladı
Qazaxda bir kəndin 70 sakini aclıq aksiyasına başladı
Qazaxda bir kəndin 70 sakini aclıq aksiyasına başladı
Qazaxda bir kəndin 70 sakini aclıq aksiyasına başladı


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...