"Azərbaycan qazı gec-tez Avropa bazarına çıxacaq" - Ekspert

"Azərbaycan qazı gec-tez Avropa bazarına çıxacaq"

"Azərbaycan qazının Avropaya ixracı və bunun ətrafında bir müddət yaranmış –iqtisadi-siyasi “duman” deyəsən yavaş-yavaş çəkilməyə başlayır. Buna cəhd edən də rəsmi Bakı oldu. Bu il mayın 27-də Respublika Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev gözlənilmədən qaz mövzusuna keçib və bəyan edib ki, “əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik”. Prezident daha sonra əlavə edib ki, gərək TAP iştirakçılarının hamısı məsuliyyətli davransın və süni şəkildə problem yaratmasın.”

ANS PRESS-in məlumatına görə, bunu Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz üzrə ekspert İlham Şaban bildirib.

O, "Avropaya dirənmiş Azərbaycan qazı" adlı yazısında deyir: "İlk baxışda belə görünür ki, İlham Əliyev heç də TAP boru kəmərini tikən şirkətin fəaliyyətindən razı deyil. Buna görə də onları məsuliyyətli olmağa çağırır. Ancaq məsələ bundadır ki, TAP konsorsiumunda 40% səhmlər “Şahdəniz” layihəsi iştirakçılarina (SOCAR – 20%, BP-20%) məxsusdur və onların kifayət qədər marağındadır ki, layihə vaxtında həyata keçsin. İkincisi, bu boru kəməri layihəsində digər iştirakçıların heç biri 20%-dən artıq səhmə malik deyillər."

“Şahdəniz-2” layihəsi üzrə Azərbaycan qazının ən böyük alıcısı İtaliyadır. Bu layihə çərçivəsində hasil ediləcək qazın 50%-i (8 milyard kub metr) İtaliya bazarına getməlidir. Ancaq İtaliya hökuməti TAP-ın bu ölkəyə “gəlməsinə” heç də lazımi diqqət və qayğını indiyə qədər nümayiş etdirməyib. Hətta bu ölkənin baş naziri belə “Cənub qaz dəhlizinin” təməlqoyma mərasiminə qatılmağa vaxt tapa bilmədi və əvəzində buna görə İtaliya erməni icmasından təşəkkür dolu məktub da aldı. Nəticədə, bu il mayın 20-də İtaliya iqtisadi inkişaf nazirinin imzaladığı sərəncamdan belə məlum oldu ki, TAP-ın tikintisinə 16 may 2016-cı ildə başlanılıb 2020-ci il 31 dekabr tarixində bitəcək. Yəni reallıqda Azərbaycan qazı 2021-ci ildə bazara daxil olacaq.

Onun sözlərinə görə, Azərbaycan qazı gec-tez Avropa bazarına çıxacaq. Ancaq məsələ burasındadır ki, bəlkə də çoxları Bakıda heç də bunun mürəkkəbliyini bu səviyyədə proqnoz edə bilmirdi. Çünki qaz sadə əmtəə deyil. Avropa Rusiyanı XXİ əsr başlayandan qazdan siyasi vasitə kimi istefa etməkdə suçlayıb və 2005-ci ildə “özünün enerji təhlükəsizlinin təmin edilməsi üçün – şaxələndirilmə siyasəti” kimi sənəd qəbul edib. Bu sənədin mahiyyəti Avropa bazarına müxtəlif mənbələrdən enerji daşıyıcılarının daxil olmasını təmin etməklə, burada rəqabətmühitli bazar formalaşdırmaqla istehlakçıların fasiləsiz, stabil enerji təminatını təmin etməkdir.

Ekspert bildirib ki, günün reallığı onu göstərir ki, Avropa əslində bu ötən 10 ildə özü ustalıqla qazdan siyasi vasitə kimi istifadə etməyə yiyələnib. Əvvəlcə mücərrəd “Nabucco” qaz kəməri, sonra “Cənub qaz dəhlizi”, daha sonra onun Transxəzər qaz kəməri vasitəsilə Türkmənistana qədər uzadılması ideyası – bütün bunlar Avropanın qaza artan tələbatını ödəmək, Avropanın Rusiyadan qaz asılılığını azaltmaq, Avropanın enerji bazarlarına böyük həcmlərdə qaz gətirmək kimi şüarlardan başqa bir şey deyilmiş.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...