Göyçay sakini prezidentə müraciət etdi

Göyçay sakini prezidentə müraciət etdi

Göyçay rayonu Çərəkə kəndi sakini Məmmədov Ramiz Alı oğlu redaksiyamızın elektron ünvanına şikayət məktubu göndərib. O, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayevin qanunsuz əməllərindən şikayətçidir. Vətəndaş yazır ki, adıçəkilən hakim şəxsi və maddi maraqlarını dövlət qanunlarından ali tutub, qanunsuz hökm çıxarmaqla onun həyat və sağlamlığını ciddi təhlükə qarşısında qoyub:

"Buna görə mən həyatımı hər an itirə bilərəm. Belə ki, 01 noyabr 2014-cü il tarixdə Göyçay-Ucar yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli xəsarət aldım. Dalağımı çıxartdılar, qapalı kəllə-beyin tramvası, baş-beyin silkələnməsi, baş alın nahiyəsinin və sağ qulaq seyvanının yumşaq toxumalarının əzilmiş-sıyrılmış yaraları, sol böyrəyin zədələnməsi və sağ dizimin qapağının sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığıma ağır zərər vurulmaya aid xəsarət yetirilib. Avtomobilim tamam yararsız vəziyyətə düşdü və hazırda həmin vəziyyətdə həyətimdə saxlayıram. Yol nəqliyyat hadisəsinə görə açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Əmirov Qəzənfər Şahlar oğlunun mənə, avtomobilimə vurduğu maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə təqdim etdiyim mülki iddiamı hakim Elxan Babayev qanunsuz olaraq baxılmamış saxladı. Bu isə açıq-aşkar qanunsuzluq, özbaşınalıqdır. Hakim aldığı nəyinsə hesabına belə bir ədalətsiz hökm çıxarmaqla mənə sarsıdıcı zərbə vurdu". Narazı vətəndaş daha sonra yazır ki, bu qərardan sonra hələ də özünə gələ bilməyib: "Bəlkə də Azərbaycan tarixində ikinci belə bir saxta, qanunsuz məhkəmə hökmü olmamışdır ki, bunu aldığı nəyinsə hesabına hakim Elxan Babayev etdi. Bu cinayət işi əvvəldən ədalətsiz aparıldı. Yol-nəqliyyat hadisəsinə yerində baxış keçirib saxta akt tərtib ediblər ki, guya təqsirləndirilən şəxs avtomobilini saatda 70 km sürətlə idarə edirmiş. Amma bu yalandır.

Göyçay sakini prezidentə müraciət etdi

Çünki belə sürətlə idarə edilən avtomobillə törədilən avtomobil qəzası zamanı ağır dərəcəli xəsarət alınması və avtomobilin tamamilə yararsız hala düşməsi qətiyyən mümkün deyil. Təqsirləndirilən şəxs Qəzənfər Əmirov avtomobilini həmin vaxt saatda 120 km sürətlə sürdüyü üçün avtoqəza nəticəsində ağır dərəcəli xəsarət almışam və avtomobilim tamamilə yararsız hala düşüb. Aldığım xəsarətlərdən hələ də əziyyət çəkirəm, əmək qabiliyyətimi 90% itirmişəm. Avtoqəzadan sonra 11 gün reanimasiyada stasionar müalicə olunmuşam, xəstəxanadakı şəraitsizliyə görə isə məcbur olub 2 ay 4 gün isə evdə yataq xəstəsi olub müalicə edilmişəm. Hazırda da müalicə alıram. Uzun müddət Göyçay Televiziya Verilişləri Yayım Stansiyasında mühəndis vəzifəsində işləmişəm. 14 dekabr 2009-cu il tarixli sərəncamı ilə prezident cənab İlham Əliyev məni tərəqqi medalı ilə təltif edib. Çünki mən məsuliyyətli, zəhmətkeş işçi olmuşam.

Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev kimi öz maraqlarımı dövlət qanunlarından ali tutmamışam. Ekspertlərin qanuni sənədlə təsdiq etdikləri səhhətimə və avtomobilimə dəymiş maddi zərərin ödənilməsinə dair mülki iddiamı hakim Elxan Babayevin baxılmamış saxlaması üçün aldığı "şirinlik" demək olar ki, mənim qan pulumdur. Onun bu əməli barədə prezident cənab İlham Əliyevə, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova şikayət ərizəsi ilə müraciət etmişəm. Məsuliyyətli, qabaqcıl işci kimi "Tərəqqi" medalı ilə təltif olunmuş şəxs olaraq mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət edib xahiş edirəm ki, mənə kömək göstərsinlər. Ədalətsiz qərar çıxaran hakimin barəsində ciddi, təsirli tədbirlər görülməlidir. Onun çıxardığı hökm və qərarlar Azərbaycan Respublikasının ədliyyə sisteminin nüfuzuna zərbə vurur".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...