“Anar Məmmədov İlhamə Quliyeva üçün mahnı yazıb”

Əməkdar artist Abbas Bağırov “Qafqazinfo”nun suallarını cavablandırıb:
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Nüsrət Kəsəmənlinin sözlərinə yazılmış, Vüsal Qurbanovun bəstələdiyi “Uşaqlığın havası” mahnısını yenidən ifa etmişəm. Daha öncə Nüşabə Ələsgərli oxuyub. “Xızı dağları” mahnısını da repertuarıma daxil etmişəm. Daha çox köhnə mahnılara müraciət edirəm, buna məcburam. Heç kim məndən inciməsin. Köhnə mahnılarda musiqi duyulur. İndiki mahnılar daha çox bir-birinə bənzəyir. Məni sevgi, məhəbbət mahnıları bezdirib. Özüm “Yaxşı ki, varsan” mahnıma klip çəkmişdim. İndi xalq artisti Ənvər Sadıqov üçün musiqili rolik çəkmişəm. Tezliklə mediaya təqdim edəcəyik.
- Abbas Bağırov bir müddət əvvəl fotoqraflıqla məşğul olurdu. Fəaliyyətiniz davam edir?
- Fotoqraflıq edirəm,video-roliklər çəkirəm. Rəssamlıq bacarığım da var. Amma buna vaxtım yoxdur. Vaxtımı musiqiyə həsr edirəm. İdman həyatımda musiqi qədər önəmlidir.
- Gələcəkdə özünüzü rejissor kimi sınamağı düşünürsüz?
- Rejissorluq çətindir, ideya verə bilərəm, fantaziyalarım güclüdür, ssenari yaza bilərəm. Amma peşəkarlar yanımda olmasa, film çəkə bilmərəm. Elə film çəkmək istəyirəm ki, bütün dünyada sevilsin, bəyənilsin. Film çəksəm, ingilis dilində ekranlaşdıracam.
- Yeni çəkilən filmləri bəyənirsinizmi?
- İndi çəkilən filmlərin 70 faizini bəyənmirəm. “Ay brilliant” filmini bəyəndim, komediya janrında idi. “Xoca” filmi də təsirli alınıb. Bəyənmədiklərim də oldu. Amma heç yoxdansa, zəif filmlər çəkmək müsbət haldır. Filmlərdə 5-6 peşəkar aktyor varsa, 100 qeyri-peşəkar insanlar var. Bu detal filmi süniləşdirir. Köhnə filmləri sevirəm, çox peşəkar çəkilib.
- Abbas özünü hansı obrazda görür?
- Aktyorluğu bacarıb-bacarmadığımı bilmirəm. Özümü dedektiv obrazında görürəm.
- Nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovla yeni işbirliyiniz olacaqmı?
- Anar müəllim mənə çox mahnı verib. “Geri dön”, “Azərbaycan” mahnılarının müəllifi də odur. İlhamə Quliyeva üçün mahnı yazıb, hazırda aranjeman olunur. Yazdığı mahnılar çoxdur, hazırda mahnıları vermək üçün müğənni seçir. Mənə isə 3 mahnı verib.
- Nazir oğlu müğənniləri hansı xüsusiyyətlərinə görə seçir?
- Anar müəllim musiqi məktəbini bitirib, 9 il gitara çalmağı öyrənib, peşəkar musiqiçi sayıla bilər. O da yazdığı mahnıları qeyri-peşəkar, sənətdə yeni addımlayan müğənnilərə verə bilməz. Onun mahnıları sınaq üçün deyil, o peşəkar müğənnilərə mahnı vermək istəyir. İlhamə Quliyevə məmnuniyyətlə onun mahnısını ifa etdi.
- Abbas Bağırov ötən il kredit borcu ilə bağlı gündəmə gəlmişdi. Borcu problemini həll etdiniz?
- O haqda danışmaq istəmirəm.
1185 dəfə oxundu