Əliyevlə Ərdoğan Atatürkün yaxtasında şam edəcək

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Ölkə başçısı səfər zamanı aprelin 24-də Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcək. Virtualaz.org saytı Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, sabah keçiriləcək tədbirlərdən sonra Bakı vaxtı ilə saat 21-də Ərdoğan qonaqlara “Savarona” gəmisində axşam yeməyi verəcək. Ziyafətə dövlət rəsmiləri və tədbirə dəvət olunan qonaqlar qatılacaq.
Yemək zamanı “Savarona” gəmisi Çanaqqala sahillərində hərəkət edəcək. Bayram tədbirlərində bir çox dövlət rəsmilərindən əlavə prezidentlər də iştirak edəcək. İlham Əliyevdən başqa İraq prezidenti də mərasimə qatılacaq.
Yeni Zelandiya və Avstraliyanın baş nazirlərinin də tədbirlərdə iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, qonaqların gəzəcəyi və axşam yeməyi yeyəcəyi “Savarona” gəmisi Mustafa Kamal Atatürkün yaxtası kimi tanınır. Həmin gəmi hazırda İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab tərəfindən icarəyə götürülüb. Qeyd edək ki, bu gəmi muzey kimi istifadə edilmək üçün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə verilmişdi. Sonradan Rza Zərraba məxsus “Royal Dənizçilik” şirkəti tərəfindən həftəsi 350 min avroya oliqarxlara kirayəyə verilir.
Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) 2013-cü ildə keçirilən iclasında “Savarona”nın alınıb Mədəniyyət və Turizm Nazirliyinə qaytarılması haqda qərar qəbul edilmişdi. Yaxtanın alınması işi TOBB rəhbərinin müavini və İstanbul Ticarət Birjası sədri Əli Kopuza tapşırılmışdı. Ə.Kopuz Atatürkün yaxtasını 49 illiyinə kirayəyə götürən və işlətdiyi 25 ildən sonra xərcinin çox olması səbəbindən satmaq istəyən Qəhrəman Sadıqoğlu adlı iş adamından təxminən 7 milyon dollara alıb. Nazirlik yaxtadan muzey kimi istifadə etməli idi. Lakin o, sonradan icarəyə verilib.
Xatrıladaq ki, “Savarona” 1938-ci ildə Türkiyə hökuməti tərəfindən alınaraq Mustafa Kamal Atatürkə hədiyyə edilmişdi. O zamanlar vəziyyəti ağır olan və səhhəti günbəgün pisləşən Atatürk ölümündən əvvəl yaxtada yalnız altı həftə vaxt keçirə bilmişdi. “Savarona” 1931-ci il, martın 28-də suya salınanda dünyanın ən böyük yaxtası idi. Hazırda da dünyada ən iri yaxtalardan biri sayılır.
560 dəfə oxundu