Standarta uyğun... qətliam

Standarta uyğun... qətliam


Qış gəlməmiş Azərbaycanda dəm qazı faciələri bir-birini əvəz etməyə başladı Qaz keçən ildən yarımçıq qalan “öldürmək missiyası”nı davam etdirir

Qışın gəlişi ilə yenə məişət qazı canlar almağa başlayıb. Coğrafiyası da genişdir, hər gün müxtəlif bölgələrdən belə bəd xəbərlər alırıq. Oktyabrın 19-da gedən məlumatlara görə, Göygöldə qaz bir ailənin faciəsinə səbəb olub. Ana və iki azyaşlı övladı qazdan boğulub. 4 yaşlı Xədicə və 2 yaşlı Yusif dünyasını dəyişib. Anaları Bahar Abbasova isə Göygöl rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir, vəziyyətinin ağır olduğu bildirilir. Hacıqabulda qaz cihazından sızan dəm qazının ailənin 6 üzvünü zəhərlədiyi bildirilir. Onlar zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Sabunçuda da 2 nəfər dəm qazından zəhərlənib. Artıq yenə günə bir və bir neçə qaz faciəsi ilə başlayırıq. Hər qış eyni kabus təkrarlanır. Amma faciələri önləmək üçün dövlət qurumları tərəfindən xüsusi profilaktik tədbirlər ğörülmür.

Təbii qaz insanı zəhərləmir, boğur

«Bizim Yol»un araşdırmasına görə, boğulmanın səbəbi kimi çox vaxt dəm qazının tüstü bacasından bayıra deyil, geriyə - içəri qayıtdığı göstərilir. Karbon monoksid iysiz, rəngsiz, dadsızdır, rahatsızedici deyil və asanlıqla hava ilə qarışıb sərbəst paylanır. Bu kimyəvi birləşmə ilə boğulma riski yüksəkdir. İddia olunduğunun əksinə təbii qaz insanı zəhərləmir. Təbii qaz zəhərlənməsi olaraq qələmə verilən hadisələr əslində boğulmadır. Qazın havadan yüngül olması nəticəsində tənəffüs ciyərlərdə incə bir film təbəqəsi meydana gətirib alveol səthlərini örtür və havayla təması kəsir. Nəfəs alıb vermə davam etsə də, oksigen ciyərlər tərəfindən əmilmir və beyindəki oksigen miqdarının azalması nəticəsində əvvəl baş gicəllənməsi yaranır, görmə və eşitmə qabiliyyəti zəifləyir. Qurban bunun sadə bir yorğunluq və ya nasazlıq olduğunu düşünüb yuxuya gedərsə, boğulma ölümlə nəticələnir.

“Azəriqaz” İB qaz qurğularını mütəmadi yoxlamalıdır

"Qaz təchizatı haqqında" Qanuna görə qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq tələblərə cavab verməlidir. Həmin qurğular qazın atmosferə buraxılmaması, onun təzyiqi, temperaturu, tərkibi və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər və podratçılar icra hakimiyyəti orqanının qərarlarına əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün tələb olunan bütün tədbirləri görməlidirlər. İstehlakçı qurğuları yalnız qaz ekspertləri və qaz paylayıcısının mütəxəssisləri tərəfindən yoxlanılmaqla sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra hər hansı qaz kəmərlərinə qoşula bilər. Qanunun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. İcra hakimiyyəti orqanı qaz qurğuları və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

Aktda qaz xətləri yararlıdır, amma... qapının dəliyi yoxdur

Çox tənqiddən sonra yalnız bu ilin fevral ayında “Azəriqaz” İB-nin işçiləri Bakının bəzi rayonlarında qapı-qapı gəzərək abunəçilərə təlimat olan kağızlar təqdim ediblər. Bir sıra sakinlərin dəvəti ilə mənzillərdə qaz xətlərinin durumunu monitorinq edib, daxili qaz avadanlıqlarına texniki baxış xidməti işlərinin keçirilməsinə dair akt imzalayıblar. Əlimizdə belə aktlardan bir nümunə var. Xidmət sahəsinin nümayəndəsi A.Şahverənovun imzası ilə tərtib olunmuş sənəddə qeyd edilir ki, “mənzildə olan qaz xətləri və cihazlar istismara yararlıdır, sabun köpüyü və qazanalizator ilə kipliyə yoxlamanın nəticəsinə görə sızma yoxdur”. Aktın vanna, mətbəx və yerli isitmə cihazları quraşdırılmış otaqlarda, tüstü borularında, ventilyasiya kanallarında hava çəkiminin (sormanın), nəfəsliklərin mövcudluğu hissəsində qeyd edilib ki, “yararlıdır, yalnız vanna otağının qapısında hava çəkimi üçün dəliklər mövcud deyil”. Baxış zamanı aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilir ki, “vanna otağında qaz xətti qapalıdır, vanna otağının qapısında dəlik yoxdur, Q.S.Q.-nin (qaz işlədici avadanlıq) qazı şəffaf plombla kəsildi”. Vəssalam.

Olmayan problemə görə pul ödəmək

Burada söhbət nə tüstü bacasının dolu olmasından gedir, nə də başqa bir ciddi problemdən. Nə var, nə var, qapıda dəlik yoxdur. Odur ki, qaz plombla kəsilib. Bundan sonra vətəndaşa bildirilib ki, bəs təmir üçün 60-70 manat lazımdır. Nəyin təmiri, aktda bu, qeyd edilmir. Bəziləri həmin puldan keçib qaz idarəsinin nümayəndələrini çağırıb, “nöqsanlar”-ı aradan qaldırsalar da, proses sadə vətəndaşa maliyyə bahasına başa gəldiyindən çoxları möhürü açıb qazı işlətməyə davam edib. Göründüyü kimi, yenə vətəndaşın sağlığının qeydinə qalmaq yox, qazanc məqsədi güdülür. Əslində bu xidmət pulsuz olmalıdır, abunəçi qazdan istifadə etdiyinə görə onsuz da ödəniş edir. Keyfiyyətli xidmət almaq onun haqqıdır. Misal üçün, elektrik xətlərində qəza olanda biz “Azərişıq” təmirçilərini çağırırıq və bu xidmətdən dolayı pul ödənmir. Qaz da eynilə onun kimi, göstərilən xidmət üçün əlavə ödəniş tələb olunmamalıdır. Amma bu məsələdə də “Azəriqaz” gəlirini düşünür, vətəndaşın həyatı göründüyü kimi ikinci plandadır. Abunəçi də qaz mütəxəssisi olmadığından təhlükənin ciddiliyini o qədər dərk etmir. Ya da bu gün kimsə evində 60-70 manat əlavə pulun olmadığını deyirsə, biz buna şübhə etmirik. Statistik rəqəmlər də deyir ki, gəlirlərimizin 80 faizi istehlak xərclərinə gedir. Bu halda hansı əlavə və ya ehtiyat vəsaitdən danışmaq olar?

Günahı tüstü bacasının üstünə atmaqda davam edin, cənablar!

Bir faciə olan kimi təqsiri tüstü bacasının üstünə atırlar. Bizim barəsində söhbət açdığımız aktda buna dair heç bir irad bildirilməyib. Yalnız sənədin digər üzündə nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”ndan çıxarışda qeyd olunur ki, istehlakçı tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin, tüstü bacalarının girişlərinin vəziyyətinin vaxtlı-vaxtında, xüsusilə qış aylarında mütəmadi olaraq yoxlanılmasını, ildə bir dəfədən az olmayaraq təmizlənməsini təmin etməli, görülmüş işləri müvafiq qaydada sənədləşdirməlidir. Burada söhbətin ödənişli xidmətdən gedib-getmədiyi bəlli deyil. Bir də aktda həmin tarifləri yazsaydılar, daha yaxşı olardı. Amma görünür, bu, qanuni olmadığından sənəddə qiymət göstərmirlər.

Qaza zərərli qatqıların vurulduğu qənaətini möhkəmləndirən məntiq

Yaxşı, faciə niyə başqa fəsillərdə baş vermir, yalnız qış aylarında vüsət alır? Hamam otağında insanlar qışdan daha çox yayda vaxt keçirirlər. Öldürürsə qaz başqa fəsillərdə də insanların canını alsın, daha qışı niyə gözləyir ki? Faciələrin belə aylarda intensivləşməsi qış vaxtı qazın tərkibinə zərərli qatqılar vurulduğu barədə iddiaların heç də əsassız olmadığı qənaətini möhkəmləndirir. Çox güman ki, qatqını insanları boğmaq üçün vurmurlar, məqsəd yəqin ki, qənaətdir, əlavə pul qazanmaq istəyidir və s. Lakin çoxsaylı ölümlərdən dolayı kimsə məsuliyyət daşımır, faciələr bədbəxt hadisə kimi qeydə alınır. Başqa ölkələrdə belə boğulma halları çox nadir rast gəlinir. Hətta yaxın qonşularımızda da belə faciələr bu intensivlikdə baş vermir. Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi ilin yekununda belə faciələrin də statistikasını versələr yaxşı olar.

Standarta uyğundursa, bəs niyə öldürür?

Təbii qazın satışını həyata keçirən paylayıcı qurum "Azəriqaz"dan iddia ediblər ki, ölkədə istehlakçılara verilən qazla xarici ölkələrə ixrac olunan eyni tərkiblidir və onlar indiyədək keyfiyyətlə bağlı narazılıq etməyiblər. Dediklərinə görə, qaz Azərbaycan Dövlət Neft Şirkətinin müəssisələrində təmizlənir və standartlara uyğun satılır. Qazdan gələn iylə bağlı qurumun müvafiq qaz paylayıcı stansiyalarda məhsula vacib odorant deyilən kimyəvi maddənin norma əsasında əlavə olunduğu deyilir. Bildirilir ki, bu maddə Sovet dövründə də qaza əlavə edilib, əks halda təbii qaz borularında sızmaların aşkar edilməsi mümkün olmaz. Mənzillərdə dəm qazının yaranma səbəblərinə gəlincə, onun yanacağın natamam yanma prosesindən əmələ gəldiyi, qazın tərkibi ilə bağlılığı olmadığı iddia edilir. Bizim də sadəcə bir sualımız var: vətəndaşa verilən məişət qazı standarta uyğundursa, bəs niyə öldürür?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...