Qan davasından qaçıb, Bakıya gəlmişdi: 34 yaşlı Dudunun başına gələnlər

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan və Azərbaycanda saxlanılan şəxsin təhvil verilməsi məsələsinə baxılıb. Musavat.com xəbər verir ki, Türkiyə vətəndaşı olan Engin Said Dudunun öz ölkəsinə təhvil verilməsi işinə hakim Fikrət Qəribov sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılıb.
Onun öz ölkəsinə təhvil verilməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə prosesi keçirilərkən Engin Saidin hansı cinayət əməlinə görə axtarışda olması da məlum olub.
Məhləmədə danışan Engin Said Dudu 1984-cü ildə Mardində anadan olduğunu deyib. O, qan davasına görə universitetdə oxuduğu zaman cinayət törətdiyini söyləyib: "Bizdə qan davası var idi. 2008-ci ildə universitetdən çıxanda üstəmə hücum çəkdilər. Mən də vurdum. Mənə qəsdən sağlamlığa ağır zərbə vurma ilə cinayət işi başladılar. Barəmdə həbs-qətimkan tədbiri seçilmədi. 3 il 4 ay həbs cəzası verildi".
Təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilmədiyi halda niyə Azərbaycana qaçmasını belə izah edib: "Qan davalı olduqlarım məni axtarırdı. Ona görə də Azərbaycana qaçmağa məcbur oldum. Sonra İnterpol xətti ilə axtarışa verildim".
Azərbaycana gəldikdən sonra Bakıda ailə həyatı qurduğunu deyən E.Said 7 aylıq körpəsinin olduğunu bildirib.
Təqsirləndirilən şəxs Türkiyədə amnistiya aktı imzalandığını qeyd edib. Amnistiyaya düşdüyünü deyən E.Said Türkiyəyə ekstradisiya olunmasını istəyib: "Özüm Türkiyəyə getmək istəyirəm. Ona görə də bilet alıb, hava limanına getdim. Orada saxlanıldım. Ailəm Türkiyədədir. Məni tez bir zamanda Türkiyəyə getməyimə kömək edin. Xahiş edirəm ki, məni ekstradisiya edəsiniz".
Məhkəmə müşavirəyə yollanıb və sonra qərar elan olunub. Məhkəmə Engin Said Dudunun öz ölkəsinə ekstradisya olunması ilə bağlı qərar verib.
299 dəfə oxundu