Akif Çovdarovun işinə baxan hakimin oğlunun ölüm işi - şahidlər danışır

Akif Çovdarovun işinə baxan hakimin oğlunun ölüm işi -


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Musavat.com-un prosesdə iştirak edən əməkdaşı xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmədə təqdirləndirilən Rəhim vəkillərindən Adil Ağayev gəlmədiyi üçün prosesin təxirə salınmasını istəyib.

Hakim isə bildirib ki, qanunvericilik digər vəkilin iştirakı olduğu halda iclasın davam etdirilməsinə icazə verir. Prosesdə Nəsimi Rayon Mühafizə Xidmətinin əməkdaşı Şakir Quliyev şahid qismində ifadə verib. O deyib ki, qəza baş verən ərazidən təxminən 200 metr aralıda olub. Qəzadan səs eşidən zaman xəbər tutub: "Səs eşidib döndüm, tüstüdən heç nə görmədim. Ucaboylu bir adam maşının qabağında idi, qaçıb ondan soruşdum ki, nə olub, əli ilə maşını göstərdi. Maşına baxdım, heç kim yox idi. Sonra maşının qabağından Raufu dartıb çıxardıq, təcili yardıma zəng etdim. Raufun ayaqları sınmışdı, daxili qanaxması var idi. Sonra yol polisi gəldi, bu şəxs (təqsirləndirilən Rəhim Kərimovu göstərir-red.) sürücü olduğunu dedi və sənədləri təqdim etdi".

Prokurorun suallarını cavablandıran şahid deyib ki, hadisə yerindən başqa maşının sürətlə keçdiyini görməyib.

Digər şahid Rauf Şükürlü ifadə verərək hadisə zamanı qəza törədilən avtomobilin içində olduğunu deyib: "Rəhimi uşaqlıqdan tanıyıram. Hadisə günü gündüz Rəhimlə görüşdük, Nərimanov metrosunun yanına gedib Nəqliyyat Nazirliyində işləyən dostumuz Muxtarı götürdük, sonra da Musa gəldi. Biz şəhərdə gəzirdik. Musaya borcu olan bir adam vardı, onu götürmək üçün Biləcəriyə getdik, ordan da Muxtarı aparıb evə qoyduq. Hadisə olanda mən öndə sağda oturmuşdum".

Rauf Şükürlü deyib ki, maşında olanda onu yuxulayıb: "Mən sönmüşdüm, amma narkotik istifadə etməmişəm. Bir də eşitdim ki, qışqırırlar. Gözlərimi açanda gördüm ki, qəza olub. Şokdan ayıldım, amma zərərçəkənə heç nə kömək etmədik, ora-bura gəzirdim. Musa maşın vuran uşağı yerdə qucaqlamışdı, Rəhim sınmış əlini tutub dayanmışdı".

Qəzanı törədən maşını kimin idarə etməsi ilə bağlı suala cavab verən şahid deyib ki, Rəhimlə Musa yolda bir dəfə sükanı dəyişiblər.

Məhkəmə prosesi dekabrın 6-da davam etdiriləcək. Qeyd edək ki, qəza zamanı ölən 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. Onun atası Elbəyi Allahverdiyev Bakı Hərbi məhkəməsinin hakimidir. O, ləğv edilmiş MTN-nin generalı Akif Çovdarovun cinayət işi üzrə məhkəmə istintaqını aparan hakimlərdən biridir. Qəzanı törədən Rəhim Kərimovun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin rəyasət heyətinin də üzvü olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...