“Xadiməni ixtisar edib, özlərinə müşavir təyin edirlər” - Parlamentdə gərgin müzakirə

“Xadiməni ixtisar edib, özlərinə müşavir təyin edirlər” -


Milli Məclisin bu gün keçirilən plenar iclasında "2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. BakiPost.az xəbər verir ki, deputat Jalə Əliyeva müzakirələr zamanı dünyada baş verən böhranın Azərbaycandan yan keçmədiyini, amma ölkədə bununla bağlı müvafiq tədbirlər görüldüyünü vurğulayıb: "Hamımız dövlətimizin, Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Prezident sosial mənzillərin tikilməsi ilə bağlı sərəncam verdi. Bu, təqdir olunmalıdır”.

Millət vəkili büdcə gərginliyinin sosial evlərin tikintisini ləngitməyəcəyinə ümidvar olduğunu qeyd edib. Bundan əlavə, J. Əliyeva məişət zorakılığından əziyyət çəkənlər üçün sığınacaqların yaradılmasını təklif edib. Milli Məclisin deputatı Tahir Rzayev isə ölkədə müəyyən qədər iqtisadi çətinliklərin mövcud olduğunu deyib. T. Rzayev iş yerlərindəki ixtisarlarla bağlı narazılığını dilə gətirib. O bildirib ki, bəzi iş adamlarının işçiləri ixtisar etmələri doğru deyil: "Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır”.

Deputat vəzifəli şəxslərlə bağlı da iradını dilə gətirib: "İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Özəl sektor inkişaf etdirilməlidir, xüsusilə tikinti sektoruna dəstək verilməlidir”.

Millət vəkili Musa Quliyev isə əlavə edib ki, Azərbaycanda qeyri-neft sektoru - nəqliyyat, kənd təsərrüfatı inkişaf etdirilməlidir: "Büdcədən ayrılan sosial xərclər 40,3 faiz təşkil edir. Bu da onu göstərir ki, sosial rifahın yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Ünvanlı Sosial Yardımın verilməsi ilə bağlı diqqət artırılmalıdır, ünvana çatmama, kənaraçıxma halları olmamalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...