"Azərişıq" sahibkarları işıq üzünə həsrət qoyub - ŞİKAYƏT VAR

“Mən Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ətrafında olan “Gülbaxt” daş karxanasında fiziki şəxs qismində fəaliyyət göstərirəm. Fəaliyyət növü mişar daşı istehsal etməkdir. Mart 2016-cı il tarixdə mənə məxsus olan transformatorun üstündə olan maxaniki sayğacı heç bir problemi olmadan “Azərişıq” satış departamentinin əməkdaşları tərəfindən elektron sayğacla əvəzlənib və bizdən sayğaca görə 420 manat nəğd pul tələb edirlər”.
Bu fikirlər sahibkar Təbriz Həmidovun redaksiyamıza etdiyi şikayət ərizsində yer alıb. Ərizədə daha sonra bildirilir: “Mən onlara bildirdim ki, mənə sayğacı dəyişməyə ehtiyacım yoxdur. Sizə lazımsa öz hesabınıza dəyişin, mən pulu vermədiyimə görə məni və digər sahibkarları çox incitdilər. Bir neçə dəfə işiqlarımızı kəsdilər ki, pulu verin. Vermədiyimiz halda başqa bir metoda keçdilər. İstifadə etdiyimiz işıq pulunun bildirişinin üstünə qanunsuz olaraq əlavələr edirlər. Mən əgər bir ayda 1000 manatlıq elektirk enerjisindən istifadə etmişəmsə, onun üstünə 420 manat da artırılır və rəqəmləri şişirdib 1400 manata çatdırırlar”.
Sahibkar bildirir ki, dəyişdirdikləri (Marker markalı) elektro sayğacın 5 amper 3 fazalısı bazarlarda 60-70 AZN arasındadır: “Bunlar isə abonentlərə 420 manata satırlar. Məndən 2012-ci ildən indiyə kimi əlavə sərfiyyat adı altında (adını itki qoyublar) itki pulu 15800 AZN artıq pul alıblar. Məgər satış departamentinə bu bəs etmir? İndi sayğac dəyişib abonentlərdən pul yığırlar. Bir mən deyiləm, mənim kimi abonentlər çoxdur. Bu məsələ ilə bağlı satış departamentinin rəis müavini Vahid müəllimin yanına iki dəfə getmişəm. Qeyd etdiyim kimi bu, məsələni Vahid müəllimə bildirdim və cavabında dedi: “Hamı ödəyir səndə ödəməlisən. Mən təkrarən gedərkən 09.09.2016 tarixdə bu məsələ ilə bağlı yenədə bildirdim. Dedi ki, işlətdiyin sahənin sənədlərini gətir. Dedim sayğacın, yerin sənədinə nə aidiyyatı var? Mən Kristal firmasından icarəyə götürdüyüm 40 sot torpağın Notariusda təsdiq edilmiş sənədi verdim. Dedi ki, surətini çıxar. Mən sənədin surətini çıxartdırdım və Vahid müəllimə təqdim etdim. Təzədən nəzərdən keçirtdi və “Sənəd sırf öz adına olmalıdır. Get az-az ödə”,- deyə bildirdi. Bildirdim ki, məni niyə incidirsiz? Mən bir fiziki şəxs kimi bu ödənişdən azadam. Çox qəzəbləndi və yüksək tonla bidirdi ki, ödəməlisən. Mən ona “səsinin tonunu aşağı sal, biz bura problemimizdən ötəri gəlmişik. O əyləşdiyin müvəqqəti kreslonu sənə veriblər ki gələn abonentin problemini yoluna qoyasan”, - deyə bildirdim. O daha da hiddətlənərək mühafizəçiləri çağırdı və “buranı tərk edin”,- deyə qışqırdı”.
T.Həmidov vurğuladı ki, o sayğaca görə üç dəfə “Azərişıq” ASC- nə ərizə ilə müraciət etsə də, aldığı cavablarda nəyə görə sayğacın 420 manata satılması barədə heç bir açıqlama verilməyib: “Azərişıq” ASC-dən aldığım cavablar yuxarıda qeyd etdiyim problemlərlə uyğun olmadığına görə nazirlər kabinetinə ərizə ilə müraciət etdim. Cavab aldım ki sizin müraciətinizə cavab verilməsi üçün “Azərişıq” ASC-yə göndərilib. Bundan2 ay keçsə də hələ ki, cavab verilməyib. Ona görə sizə müraciət etməyi üstün tutdum ki, siz bu məsələni işıqlandırasınız. Bəlkə bu məsələ ilə bağlı maraqlanan tapıla və bu qanunsuzluğun qarşısı alına”.
Qeyd edək ki. sözügedən məsələ ilə bağlı aidiyyəti qurumun Qaradağ rayon şöbəsinə zəng vursaq da bəhs edilən Vahid adlı şəxslə danışmağımız və problem barədə qarşı tərəfin mövqeyini öyrənməyimiz mümkün olmadı.
387 dəfə oxundu