Britaniya-Rusiya kəşfiyyat müharibələrinin qurbanları - Blatterdən Trampa qədər

Britaniya-Rusiya kəşfiyyat müharibələrinin qurbanları -


İki ölkə arasında casus qalmaqallarının tarixi barədə sensasion bilgilər; Kristofer Stillin Ağ Evin yeni sahibinin yataqda nə oyunlardan çıxdığını necə dosyeləşdirib yaydığı barədə detallar üzə çıxır

Ötən həftə Böyük Britaniyanın məşhur, qalmaqallı “BuzzFeed” saytında ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı 30 səhifəlik kompromat məlumatlar dərc edilib. Mövzu anındaca dünya mass-media qurumlarının diqqətini çəkdi. Oxunma sayına görə ağlasığmaz reytinq qazandı. Az sonra dosyenin müəllifi bəlli olub. Tanış olun, bu şəxs, Britanya M-6 kəşfiyyatının sabiq əməkdaşı Kristofer Stilldir.

***

Arvadı Lora uzun zaman Moskvadakı “British Airways” nümayəndəliyində işləyib, özü Rusiyadakı İngiltərə səfirliyində. Özü də gör harda - səfirliyin ən müqəddəs yeri sayılan arxiv şöbəsində. Bioqrafiyaları ilə elə üzdən, ötəri tanışlıq bəsdi ki, bu ailəni casus cütlüyü sayasan. Belələri istefalarından sonra da dinc durmurlar adətən. Başlayırlar ayrı-ayrı qızmar mövzuları gündəmə çıxarıb şərh etməyə.

Arxivlərdə çalışmaq təcrübəsi Kristoferi avtomatik olaraq özü kimi kəşfiyyatçılardan bir boy yuxarı qaldırır. Belələri kompromat yığmaq, məxfi sənədləri şifrələmək və s. işlərdə başqalarına ancaq nümunə ola bilərlər.

Trampa qarşı kompromat yığmaq vəzifəsinin məhz beləsinə - arxivləşmə işinə yaxşı bələd bir kəşfiyyatçıya tapşırılmağı da, görünür, təsadüfi deyildir.

***

Dünyada çoxsaylı qatı açılmamış müəmmalı qətl hadisələri mövcuddur. Kristofer Still kimi minlərlə araşdırmaçı, sabiq kəşfiyyatçı bu cür qətllərin düyünlərini açmaq, cinayətkarı üzə çıxarmaq, son nəticədə öz adını qəzet, sayt manşetlərində görmək istəyərək, dəridən-qabıqdan çıxırlar. Misal üçün, 2010-cu ilin avqustunda Londonda müəmmalı bir qətl hadisəsi baş verib. Şəffaf idman çantası içindən Britaniya kəşfiyyatçısı Haret Uilyamsın cəsədi aşkarlanıb. Mərhum postsovet oliqarxlarının maliyyə transferlərini güdürmüş.



“Formula-1" yarışlarında adı hallanan Qazaxıstan milyarderi Alican İbrahimovun oğlu Furqatla yaxın münasibətdə imiş. Meyit üzərində zorakılıq izləri əsla mövcud deyildi. İşdə qəliz tapmaca var - zərərçəkən çantanın içinə lüm-lüt soyunaraq özü girib. Çantanın zəncirini məhz özü içəridən çəkib bağlayıb. Hadisə çoxlarını, hətta MOSSAD-ı da maraqlandırıb. Dünyanın ən məşhur kriminalistləri, patoloqanatomları Haret Uilyamsın qətlini açmaq naminə sıraya düzülüblər. Əfsus, bu tapmacada hələ də müsbət irəliləyiş yoxdu.

Kristofer Still sırf peşəkar əks-kəşfiyyatçı olsaydı, o, ilk növbədə çox ciddi cinayətlərin - tutaq ki, Boris Berezovskinin, Haret Uilyamsın qətli ilə məşğul olar, konspiroloqlar arasında azdan-çoxdan yaxşı hörmət qazanardı özünə.



Yox... Kristofer Still, təklif etdiyimiz fəaliyyət marşrutunu, çəkməsinin ucuyla kənara itələyib. Gedib girişib pullu-paralı Donald Tramp mövzusuna. “Dosyeni özü yığıb? Yaxud qara əlcəkli naməlum əl verib ona bütün bu informasiyanı” suallarına cavab verməzdən öncə qeyd edim ki, Kristofer Still əslində kəşfiyyatçılara yaraşmayan dərəcədə qorxaqdı. Dosyeni mətbuata ötürdükdən sonra deyilənə görə, bərk diksinib. Məxfi araşdırmalarla məşğul şəxs “Orbis Business Intelligence” şirkətinin işıqlarını belə söndürmədən cəld Londonu tərk edib. Elə tələsib ki, sevimli pişiklərini yedirtməyi qonşularına tapşırıb. Qaçıb gedib Surrey qraflığındakı dədə-baba malikanəsinə. Səhlənkarlığı, qorxaqlığı, işıqları söndürmədən ofisini tərk etməyi jurnalistlərin diqqətindən qaçmayıb. Britaniya qəzetləri, saytları bu acı mənzərənin - ac pişiklərin, işığı yanan otaqların şəkillərini çap edib, sual veriblər bütün ingilis cəmiyyətinə:

“Bu cür qorxaq şəxs, özbaşına, təkbaşına hərəkət edib, Donald Trampa qarşı kompromat yığmağa girişərdimi heç?”

***

2009-cu ildə arvadı Lora qaraciyər iltihabından vəfat etdikdən sonar Still öz həmkarı Kristofer Berrouzla birlikdə “Orbis Business Intelligence” şəxsi kəşfiyyat şirkətini açır. Sifariş zəmbili çox da boş qalmır.



Şirkət Beynəlxalq Futbol Federasiyası FİFA-nın məxfi rüşvət xortumunu aşkarlamağıyla da məşhurdur. Məhz həmin kompromatlardan sonra Amerika Federal Tədqiqatlar Bürosunun Avrasiya şöbəsi əməkdaşları şirkətlə əlaqəyə girib Kristofer Stili bir fincan qəhvəyə qonaq edirlər. Deyilənə görə, görüş zamanı Still kompromat dolu dosyanı amerikalılara ötürüb. Nəticədə FİFA rəhbərliyinə qarşı məlum cinayət tədqiqatı başlayıb, Zepp Blatter istefaya göndərilib.

Stilin bank hesabı bundan sonra 1 milyon funt sterlinqə qədər şişib. Niyə şişib? Necə şişib? İnanın, indiyədək bunu bilən yoxdur.

Xatırladıram - məhz Zepp Blatterin sərt mövqeyi növbəti futbol çempionatının Rusiyada keçirilməsinə hər cür şərait yaradıb. Putin bundan sonrakı müsahibələrində Blatteri xeyli tərifləyib. Təklif edib, Blatterə Nöbel mükafatı verilsin. Qısası, Kristofer Stilin FBR-in sifarişi ilə Putinə, Rusiyaya qarşı fəaliyyəti bu günün deyil, hələ dünənin faktıdır.



Kristoferin ağzı bir dəfə bu sahədə bala batıb. Necə deyərlər, bir arxa su gəlibsə, ümid var bir də gələ... Ümid var bir də bank hesabı yekəlib, şişə...

***

Beləliklə, yazımızın pik nöqtəsinə gəlib çatdıq - Kristofer Still Kreml tanrılarına qarşı kompromat yığmağa hələ Moskvada ikən başlayıb. İlk uğurlar sonradan Still üçün bir növ vərdişə çevrilib. Kəşfiyyatçı üçün çox vacib bir şərt - analitik təfəkkürün reflektor təfəkkürlə əvəzlənməsi prosesi, Stildə məhz bu zaman baş verib. Antirus qüvvələr Stillin bu cəhətini ciddi dəyərləndirib onu müxtəlif antirus, antimoskva projelərinə qatıblar. O cümlədən həm də növbəti anti-Tramp, anti-Putin layihələrinə.




***
Kristalina Qeorqeyevna - moskvayönümlü bolqar diplomatı, BMT sədri kürsüsünə qalxmaq istərkən yada yenə Kristofer düşüb. Sifariş, anında icraata götürülüb. Bəlli olub ki, Bolqarıstanın mütəşəkkil cinayətkar qruplaşmaları ilə Kristalina arasında təkzibolunmaz əlaqə telləri mövcuddur.

Still həm də sabiq FSB agenti Aleksandr Litvinenko ilə sıx əməkdaşlıq edib. Bu səbəbdən, Litvinenko zəhərləndiyi vaxt, Britaniya kəşfiyyatının rəhbəri Con Skarlet məhz Kristoferə müraciət edərək ondan öz suallarına dəqiq cavab gözləyib. O da yumub gözlərini, açıb ağzını. Litvenenko qətlində poloniy izi versiyasını ilk dəfə mətbuata ötürüb. Nəticədə, bütün dünya mətbuatını hələ o zaman Rusiyaya qarşı səfərbər etməyi bacarıb.



Görünür, ondan növbəti dəfə bu idman rekordunu təkrarlaması tələb olunur.

***

Anti-Tramp dosyesindən əldə etdiyimiz kiçik çıxarışlarla tanış olun indi.

TAM MƏXFİ. GİZLİ MƏNBƏLƏRDƏN.

SƏNƏD 2016/080

MÖVZU - RESPUBLİKAÇI NAMİZƏD DONALD TRAMPIN RUSİYADAKI FƏALLIĞI. KREMLLƏ İFŞAEDİCİ MÜNASİBƏTLƏR.

QISACA

Rusiya rejimi ən azı 5 ildir ki, Trampı öz nəzarət dairəsində saxlayaraq onu uzaqdan-uzağa idarə etməyə çalışır. Tramp üzərində nəzarət, əvvəlcə Rusiya Xarici İşlər Nazirliyi səlahiyyətləri çərçivəsində idi. Məsələ ciddiləşincə, dosye keçir FSB-nin ixtiyarına. Lap şişəndə, Rusiya Prezident Administrasiyası, şəxsən Dmitriy Peskovun iti caynaqlarına...
Peskov, Tramp avantürasının, anti-Klinton təbliğatının ana nüvəsidir. Türkiyədə artmış Rusiya fəallığı da məhz Peskovun adıyla bağlıdır. Türkiyədəki bütün əməliyyatlar onun nəzarəti altındadır...

Rusiya Prezident Administrasiyası rəhbəri Sergey İvanovun 2016-cı ilin avqustunda öz vəzifəsindən getməsi faktı onun anti-Peskov mövqeyi ilə əlaqəlidir... İvanov Trampla bağlı kəşfiyyat fayllarının Peskova ötürülməyini həzm etmək istəməyib. Baş nazir Dmitriy Medvedyev də Tramp avantürasını qəbul etməyənlər sırasındadır. Hesab edir ki, Amerika ilə belə oyunlara getmək olmaz...

Rusiyada 15-ə yaxın haker dəstəsi FSB-nin göstərişi ilə gizli şəkildə Trampa yardım göstərib. Dəstələr içində ən fəalları “Anunak”, “Buktrap”, “Metel” qruplaşmalarıdır...



İstefada olan FSB zabiti iddia edir - Trampa qarşı kompromat Kreml tərəfindən sənədləşdirilib. Tramp 2013-cü ildə Moskvada gözəllik yarışması keçirərkən bəzi xoşagəlməz seksual əyintilərə yol verib. Başına yığdığı rus seks agentlərini - əslinə qalarsa, FSB əməkdaşlarını, Moskvadakı “Ritz Carlton” hotelinə gətirib. Vaxtilə Barak Obamanın arvadı Mişellə qaldığı otağa girib orda min bir oyun çıxarıb. Obamanı təhqir etmək naminə ordakı çarpayını murdarlayıb. Fahişələrə əmr edib hamısı birlikdə eyni anda bu çarpayı üzərinə “çiş” eləsinlər...

“Ritz Carlton” hotelindəki biabırçılıqlar, digər müstəqil qaynaqlar - anonim FSB zabiti, çox saylı hotel xidmətçiləri tərəfindən təsdiqlənib...



***

Dosyedəki ən maraqlı müəmmalar, məncə, 2016/134 saylı sənəddə öz əksini tapıb:
“İqor Seçinə - ”Rosneft" şirkətinin sahibinə yaxın mənbə bildirir: Kreml, müəyyən şərtlər daxilində, “Rosneft” səhmlərinin böyük qismini Trampa vermək istəyir. Danışıqlar İqor Seçinlə Karter Peyj - Trampın nümayəndəsi arasında aparılıb. Nəticə bilinmir. Tarix: 2016-cı il 7-8 iyul...

Kremldəki insayder, Trampın vəkili Maykl Koeni, Rusiya ilə məxfi əlaqələrdə ən vacib halqa bilir... Koenin həyat yoldaşı rus mənşəlidir. Atası, Moskvanın ən bərkgedən tikinti maqnatıdır...

İqor Seçin gələcək əməkdaşlıq müqabilində Trampa “Rosneft” şirkətinin 19 faiz səhmlərini vəd edib... Deyib, Rusiyaya qarşı sanksiyaların ləğvinə Tramp yardım edərsə, biz ona səhmləri verməyə hazırıq...

***

FİFA prezidenti Zepp Blatteri nokauta salmaq Kristofer Stilə öz əhatəsi çərçivəsində böyük şöhrət gətirib, cüzdanına 1 milyon funt sterlinq pul. Lakin onun bu xətti indi də təqib etmə cəhdi o qədər də inandırıcı görünmür. 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının Rusiyada keçiriləcəyi faktı, bəli, təkzibolunmazdı. Amma deyəsən çoxları hələ də bununla razılaşmaq fikrində deyillər.

Dosyedəki “Donald Trampa, Rusiyada ötürüləcək əmlak payları, gələcək futbol çempionatının infrastrukturu ilə bağlıdır” iddiası, bu baxımdan gələcək gərgin hadisələrin anonsu da sayıla bilər.

O ki qaldı Trampın “Ritz Carlton” hotelində murdarladığı çarpayıya...

Məncə, o çarpayı tezliklə Ginnesin rekordlar kitabına düşəcək. Trampı təkrarlayan müştərilər, görərsiz, itinətök qədər çox olacaq bu hoteldə.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...