Eldar Mahmudova 10 min cib xərcliyi təklif edən biznesmendən 1 milyon alıblar

MTN-in şöbə rəisi olmuş Vüsal Ələkbərov hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Bahəddin Sultanov mülki iddia qaldırıb. Hakim onun mülki iddiasını qəbul edib.
Məhkəmədə MTN zabiti Vüsal Ələkbərov bir neçə vəsatət qaldırıb. O, barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş edib.
Prokuror İlqar Quliyev çıxışında deyib ki, V.Ələkbərovun cinayət işi üzrə zərərçəkmişlər mülki iddia ilə çıxış ediblər.
“Vüsal Ələkbərova mütəşəkkil dəstə tərkibində ittiham verilib. Dəstənin digər üzvləri bu gün azadlıqdadırlar. Vüsal Ələkbərova mütəşəkkıl dəstənin digər üzvləri ilə əlaqə saxlayıb, zərərçəkmişlərə, şahidlərə təsir göstərə, sübutları saxtalaşdıra bilər. Bu səbəblərdən də vəsatət təmin edilməməlidir”- deyə prokuror çıxışına əlavə edib.
Vəsatət təmin edilməyib.
Vüsal Ələkbərov daha sonra prokurora da etiraz edib: “Mən hərbi qulluqçuyam, hərbi rütbəm var. Bu səbəbdən işimə hərbi məhkəmədə baxılır. İşə çıxan prokuror Hərbi Prokurorluğun yox, Baş Prokurorluğun prokurordur”.
Prokuror isə etirazın əsassız olduğunu deyib. Məhkəmədə MTN zabitinin etirazını qəbul etməyib.
Məhkəmədə prokuror ittiham aktını elan edib. Vüsal Ələkbərov özünü təqsirli bilmədiyini deyib.
Vüsal Ələkbərova ifadə vermək təklif olunub. O, isə zərərçəkmişlər və şahidlərin dindirilməsi başa çatandan sonra ifadə verəcəyini deyib.
Zərərçəkmişlərin dindirilməsibaşlayarkən Vüsal Ələkbərov vəsatətlə çıxış edərək prosesin qismən qapalı keçirilməsini istəyib. O bildirib ki, zərərçəkmiş Akif Qurbanovun dindirilməsi qapalı prosesdə baş tutmasını istəyir. Vüsal Ələkbərov qeyd edib ki, Akif Qurbanov dövlət əleyhinə çıxışlar edib və bununla bağlı sirlər var, həmin sirlərin yayılması qanunla nəzərdə tutulmuş qaydada mümkün deyil.
Prokuror prosesin qapalı keçirilməsinə əsas olmadığını qeyd edib.
“Burada Vüsal Ələkbərovun törətdiyi konkret cinayətlər araşdırılır və bu səbəbdən işdə dövlət əhəmiyyətli sirrin yayılması üçün əsas olan hissə yoxdur”- deyə prokuror münasibət bildirərkən deyib.
Məhkəmədə zərərçəkmiş Akif Qurbanov ifadə verib.
O, ifadəsində bildirib ki, MTN-nin baş istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevi 1992-ci ildən tanıyıb. Onun sözlərinə görə, toy mərasimində Mövlam Şıxəliyevlə rastlaşıb. Bu zaman həbsdə olan bankirlərin istintaq işi ilə maraqlanıb.
Zərərçəkmiş bu marağından sonra MTN-ə çağırıldığını deyib: “Səhəri gün MTN-dən mənə zəng gəldi və nazirliyə çağırdılar. MTN-də mənə dedilər ki, sən dövlətçilik əleyhinə çıxışlar edirsən, hökumətə qarşı çıxırsan. Ona dedim ki, məni belə işlərə ittiham edə bilməzsən, mən YAP-ın üzvüyəm. Partiyanın üzvlük vəsiqəsini də onlara göstərdim”.
Bundan sonra MTN zabiti Vüsal Ələkbərovla görüşən zərərçəkmiş deyir ki, söhbətin davamı onun şirkətləri ilə bağlı olub: “Adının Vüsal Ələkbərov olduğunu bildiyim şəxs mənimlə söhbətlər etdi. O, tikinti şirkətlərimi saymağa başladı. Məni axşama kimi MTN-də saxladılar. Axşam evə buraxanda dedi ki, səhər tikinti işləri ilə bağlı icazə sənədlərini də götürərək MTN-ə gəlim. Ona dedim ki, tikinti işləri ilə bağlı sənədləri bura gətirmək üçün bir “Kamaz” lazımdır. Sonra mən Mövlam Şıxəliyevlə görüşmək istədiyimi bildirdim. Məni onunla yox, onun müavini Təhsin Ağayevlə görüşdürdülər. Sonra Təhsinlə birlikdə Mövlam Şıxəliyevin otağına getdim. Otağa daxil olanda Mövlana salam vermədim. Mövlam ona salam verməməyiminsəbəbini soruşdu. Dedim ki, toyda sənən salam verdim, məni MTN-ə gətizdirdin, indi də salam versəm, məni həbs edəcəksən, ya da asacaqsan. Sonra mənə dedi ki, sən tikinti işi ilə məşğul olursan, yoxlasam, evindən 10 milyon manat çıxar. Dedim ki, sən məndən çox tikinti işi ilə məşğul olursan”.
Digər epizodlarda olduğu kimi iş adamından da həbs edilməmək üçün pul istənilib.
“Həbs olunmamağım üçün 1 milyon manat istədilər. Dedim ki, şefiniz Eldar Mahmudov toy edir, cib xərcliyi lazımdırsa, 10 min manat verim. Təhsin Ağayev dedi ki, boş-boş söhbətlər danışma, deyilən pulu düzəlt gətir”- deyə zərərçəkmiş ifadəsinə əlavə edib.
İş adamı MTN-nintəzyiqlərindən sonra Bakını tərk etdiyini və Moskvada tikinti ilə məşğul olduğunu bildirib.
Akif Qurbanov Vüsal Ələkbərova qarşı qaldırdığı mülki iddiasının müdafiə etdiyini bildirib. Sonra o, Vüsal Ələkbərovun vəkillərinin suallarını cavablandırıb. O, qeyd edib ki, pulu Vüsal Ələkbərova verib, ondan da geri istəyir.
Məhkəmədə digər zərərçəkmiş Nizami Kazımov da ifadə verib.
O, qeyd edib ki, MTN-də ondan 3 milyon manat tələb olunub, həmin pulu ödəmədiyi üçün 3 ay müddətinə həbsdə saxlanılıb.
“Məni Səbayel rayon Məhkəməsinə apardılar. Orada dedim ki, bankda pulu batan əmanətçiyəm, hakim üzümə baxıb dedi ki, “nə edim?”. Sonra Vüsal Ələkbərov məni zaldan çıxartdı. Mən olmadan barəmdə həbs qərarı çıxarıldı. 3 dəqiqə ərzində barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Sonra mənimlə MTN-də alver başladı. 2005-ci ilə kimi Hacı Məmmədov insanları evində olan bunkerlərdə saxlayırdı, pul alırdı. Amma bunlar Hacı Məmmədovan fərqli olaraq bir qədər işlərini qanuni görməyə başladılar. İnsanları MTN-də saxlayıb, pul alaraq buraxırdılar”- deyən Nizami Kazımov ifadəsində 2 milyon dollarının alındığını söyləyib.
Zərərçəkmiş Hüseyn Səfərov isə ifadəsində bildirib ki, bankda pulu batandan sonra MTN-ə çağırılıb və şantaj olunaraq 2 milyon manat alınıb.
Pulu ödəmədiyi üçün barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən H.Səfərov 2 milyon verdikdən sonra azadlığa buraxılıb.
“Mövlam Şıxəliyev dedi ki, bu, nazir Eldar Mahmudovun tapşırığıdır, pulu düzəltməlisən və Vüsala verməlisən. Dedim ki, qoy, 2 milyon dollar nəzir payınız olsun. Bundan sonra pulu düzəldib gətirmələri üçün evə sifariş verdim. 1 milyon dollar verəndən sonra həbs qərarım ev dustaqlığı ilə əvəz edildi, sonra isə qalan pulu ödədim, barəmdə olan cinayət işinə xitam verildi”- deyə zərərçəkmiş ifadəsində əlavə edib.
Növbəti məhkəmə proses fevralın 2-nə təyin edilib.
578 dəfə oxundu