Makkeyndən Trampa xəbərdarlıq – “Sanksiyaları ləğv etməyə cəhd etsən…”

ABŞ Respublikaçıların qabaqcıl simalarından olan Arizona senatoru Con Makkeyn Putini qatil və quldur olaraq xarakterizə edib. Avropa.info xəbər verir ki, respublikaçıların qabaqcıl simalarından olan Arizona senatoru Con Makkeyn prezident Donald Trampa Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etməklə bağlı xəbərdarlıq etdi.
Makkeyn verdiyi yazılı açıqlamada Trampın Rusiyaya tətbiq olunan sanksiyaları ləğv edəcəyi halda Konqresi hərəkətə gətirəcəyini və sanksiyaların yenidən bərpa olunmasını təmin edəcəyini söyləyib. “Reuters”in yaydığı məlumata görə Makkeyn Rusiya prezidenti Vladimir Putini ABŞ-ın müttəfiqi olmağa çalışan qatil və quldur adlandırıb və İŞİD-ə qarşı mübarizədə heç bir zaman birlikdə hərəkət etməyəcəklərini deyib.
Trampın məsuliyyətsizcə davrandığını bildirən Makkeyn bunları yazıb: “ABŞ-ın və müttəfiqlərimizin milli təhlükəsizliyi adına, ümid edirəm ki, Tramp mövzu ilə bağlı yayılan dedi-qodulara bir son verəcək.” Makkeyn Trampın sanksiyaları ləğv edəcəyi təqdirdə Konqres üzvləri ilə görüşərək Rusiyaya tətbiq olunan sanksiyaların yenidən qüvvəyə minməsini tələb edəcək. Tramp və Putinin şənbə günü telefon danışığı aparması gözlənilir.
Tramp isə Britaniyanın baş naziri Terezza Mey ilə birlikdə təşkil etdiyi mətbuat konfransında mövzunun gündəmə gəlməsindən sonra “Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğv olunmasının müzakirəsi üçün hələ çox tezdir” deyə bildirib.
444 dəfə oxundu