Vidadi İsayev Qarabağ əlilini süründürür- ŞİKAYƏT
Bərdə rayon, Sələbilər kənd sakini, II qrup Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü çavuş Əsədov Elman Yunis oğlu AFN-in redaksiyasına şikayət məktubu ünvanlayıb.
Məktub müəllifi qeyd edir ki, mənzil növbəsinə dayanmaq üçün Bərdə Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müxtəlif bəhanələrlə müraciətinə baxılmır. 2016-cı ilin oktyabrında sənədlərini icra hakimiyyətinə təqdim edən Qarabağ əlili bildirir ki, hələ də mənzil növbəsinə duranların siyahısına daxil edilməyib: “1992-ci ilin dekabrından 1994-cü ilin martınadək 772 saylı hərbi hissədə xidmət etmişəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam, 2-ci qrup Qarabağ müharibəsi əliliyəm, prezident təqaüdçüsüyəm. Ailəliyəm, 3 azyaşlı övladım var. Qanuna müvafiq olaraq, Ali Baş Komandanın göstərişlərinə əsasən, güzəştli qaydada mənzil növbəsinə dayanmağım və mənzillə təmin olunmsağım barədə Bərdə rayon İcra Hakimiyyətinə müraciət etmişəm. 07.12.2016-cı il tarixdə Bərdə rayon İcra Hakimiyyətinə məni qəbula dəvət etdilər. İcra hakimiyyətinin Memarlıq şöbəsinin rəisi məni qəbul etdi, müxtəlif bəhanələrlə məni başından edərək, növbəyə götürmək istəmədi. Hazırda mən 5 nəfər ailə üzvümlə birlikdə yaşamağa yerim yoxdur, mənzillə təmin edilməmişəm. Mən Vətən uğrunda sağlamlığımı “uf” demədən itirmişəm, amma Bərdə rayon İcra Hakimiyyəti mənə qarşı ədalətsiz mövqe tutur, ölkə prezidentinin Qarabağ əlillərinə qarşı humanist göstərişlərini icra etmir, mənə və Ali Baş Komandanın sərəncamlarına qarşı etinasızlıq edirlər. Məcbur qalıb bütün dövlət orqanlarına müraciət edirəm, mənə kömək edəcəyinizə inanıram”.
Qarabağ əlili iddia edir ki, Sələbilər kənd icra nümayəndəliyi rayon İH-dən gələn tapşırıqla ona arayış verməyi ləngidir. E.Əsədov icra hakimiyyətinin biganəliyindən şikayətlənir. Onun sözlərinə görə, bütün sənədlərini təqdim etsə də, ona sənədləri təqdim etmək təklif edilir: “Bu biganə cavabı yazana demək istəyirəm ki, mən sənədləri tam vermişəm, mənim mənzil növbəsinə götürülməyim və sənətlərimin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəırilməsi, bu barədə cavab məktubu yazmaq onların işidir”.
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
464 dəfə oxundu