AST Telman müflis olma səbəbini açıqladı

AST Telman müflis olma səbəbini açıqladı

Mən öz biznesimi kreditlər cəlb etməklə yaratmışam. Banklar hər hansı bir əmlakın girova qoyulması əsasında kredit verir və mən əsas aktivlərimi - Moskvada üç böyük binanı - "Praqa" restoranını, "İzmaylovo"da ticarət mərkəzini və "Krasnaya Presnya" adlanan ərazidəki ticarət-ofis mərkəzini girov qoymaq məcburiyyətində qaldım.

Axar.az xəbər verir ki, bu sözləri azərbaycanlı iş adamı Telman İsmayılov APA-ya müsahibəsində deyib.

İş adamı artıq bir neçə ildir ki, ona kredit verən Bank VTB-nin sözügedən obyektləri əlindən almaq istədiyini bildirib:

“Buna görə də bütün gücümü bu problemin həll olunması istiqamətinə yönəltməli oluram. Bank yalnız mənim aktivlərimi almaq istəmir, həmçinin kreditin tam məbləğini geri qaytarmağımı tələb edir. Bu səbəbdən sözügedən məsələ həllini tapanadək Rusiyada biznesimi tamamilə dayandırmışam. Vəziyyət mənim üçün ən xoşagəlməz hal alıb. Şirkətlərim əsas aktivlərimi girov qoymaqla "Bank Moskva"dan kredit alıblar. Mən zamin idim. "Çerkizov" bazarı bağlandıqdan sonra mənim üçün "Bank Moskva"ya krediti qaytarmaq və faizləri ödəmək çətin oldu. Lakin bankla münasibətlər çox konstruktiv olub. Bu banka 50 milyon dollar əsas borc və 70 milyon dollar faiz ödəmişdim. Bank üç binamın onlarda girovda olduğunu bildiyindən mənimlə görüşməyə və kreditin qaytarılması ilə bağlı problemin həllinə hazır idi. Birgə səylə üç binamdan ikisinə alıcı tapmışdıq. Hətta alıcı 15 milyon dollar məbləğində banka avans yerləşdirmişdi. Əgər bu sövdələşmə baş tutsaydı, onda kreditlərin qaytarılması ilə bağlı problem həll olunardı. Amma bu zaman "Bank Moskva"nın özündə problemlər başladı və onun bütün aktivləri Bank VTB-yə verildi. Nədənsə Bank VTB üç binamı əlimdən almağa üstünlük verdi və kredit borcunu tam həcmdə ödəməyi tələb etdi. Hüquqşünaslarım hesab edirlər ki, Bank VTB güc yolu ilə daşınmaz obyektləri zəbt edib və biz hazırda bütün qanuni üsullarla bununla mübarizə aparırıq. Ədalətsizlik ondadır ki, bankın zəbt etdiyi binalar hər ay sabit olaraq 1 milyon dollara yaxın gəlir gətirir. Bank bu sabit gəlir hesabına borcun məbləğini azalda bilərdi. Lakin bank bunun əvəzinə mənim binalarımdan əldə etdiyi gəlirləri hüquqşünaslara pul xərcləməklə mənə qarşı istifadə edir. Bank VTB-nin zəbt etdiyi daşınmaz obyektlərindən biri Kremldən bir az uzaqlıqda yerləşən, Moskvada məşhur olan "Praqa" restoranıdır. Bu böyük binanın ümumi sahəsi 10 min kvadratmetrdir. Bu bina daim kiminsə hədəfində olub. Bir zamanlar “Praqa” restoranına 500 milyon dollar təklif edirdilər. Hətta ərəb ölkələrindən biri orada öz səfirliyini yerləşdirmək istəyirdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...