“Tapşırığı nazir vermişdi” – Vidadi Zeynalov
“Rabitə işi” üzrə məhkəmədə şahidlər ifadə veribVidadi Zeynalov: “Nazir demişdi ki, get işlə, qayda da budur”
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, prosesdə Vergilər Nazirliyinin nümayəndəsi qismində Nail Xəlilov iştirak edir. Onun iş üzrə tibarnaməsi qəbul edilib və anket məlumatları dəyişdirilib. N.Xəlilov bildirib ki, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərin hazırda Vergilər Nazirliyinə borcu yoxdur. Hakim bildirib ki, hazırda borc mövcud olmadığı üçün mülki iddiadan imtina ilə bağlı rəsmi ərizə verilməlidir. Qeyd edək ki, həmin şirkətin təsisçisi və direktoru təqsirləndirilən Bayram Vəliyevdir. Vergilər Nazirliyi vergi borcu ilə əlaqədar ona qarşı 255 min manatlıq mülki iddia qaldırmışdı.
“O, kimə pul verdiyini yaxşı bilir”
Daha sonra şahid qismində “Azərpoçt”un Ağstafa poçt fililalının rəhbəri Əsəd Orucov ifadə verib. O istintaqa ifadəsini təsdiq edib.
Şahid Vaqif Hacıyev isə tikinti-təmir işləri ilə məşğul olduğunu deyib. O ifadəsində qeyd edib ki, tenderlərdə qalib gələndən sonra “Aztelekom”un baş mühasibi Oqtay Rüstəmova pul verib.
Təqsirləndirilən Oqtay Rüstəmov isə bildirib ki, ona pul verilməyib. “Mən ad çəkmək istəmirəm, amma o, kimə pul verdiyini yaxşı bilir, əgər deyə bilirsə, özü adını desin”.
Hakim şahidə sual ünvanlayaraq görülən işlərdən nazirliyin vəzifəli şəxslərinə pul verilməsi ilə bağlı tapşırığın kim tərəfindən verildiyini soruşub.
Şahid bildirib ki, qayda belə idi. Hakimin “Kim müəyyənləşdirmişdi o qaydanı? Yatıb yuxuda görə bilmzəsən ki, belə bir qayda müəyyənləşib. Sizə bu qaydada işləməyi kimsə deməli idi də, kim demişdi” sualına şahid cavab verə bilməyib.
Vidadi Zeynalov söz alaraq müdaxilə edib. “Görürəm ki, şahid bu suala cavab verə bilmir. Ad çəkə bilmir deyə əziyyət çəkir. Mən deyim. Ona bu işləri görməyi nazir tapşırmışdı. Nazir demişdi ki, get işlə, qayda da budur...”
Şahidin biri ölüb, biri yataq xəstəsidir, o biri isə ölkədən qaçıb
Daha sonra hakim bildirib ki, şahidlərin məhkəməyə gəlməməsi ilə bağlı məhkəməyə sənəd daxil olub. Onun sözlərinə görə, şahidlərdən biri dünyasını dəyişib, biri onurğa əməliyyatı olunduğu üçün yataq xəstəsidir, digəri isə aliment borcunu ödəyə bilməyib və ölkəni tərk edərək Rusiyaya gedib.
Vidadi Zeynalov bildirib ki, ittiham aktında ittihamlar yer alıb və bu məsələləri yenidən şahidlərlə araşdırmağa ehtiyac görmür. “Orada müəyyən nöqsanlar, qüsurlar var ki, onları araşdırmaq lazımdır. Bizim təadiq etdiyimiz məsələlərlə bağlı yenidən şahidlərin dindirilməsinə nə ehtiyac var?”
Vəkillər də bildirib ki, şahidlərin böyük əksəriyyəti dindirilib və gəlməyən şahidlərə görə prosesi uzatmağa ehtiyac görmürlər.
Hakim Vidadi Zeynalova ifadə verməyi təklif edib. Təqsirləndirilən bildirib ki, hazırda çıxış üşün hazır deyil: “Həmçinin Maliyyə Nazirliyinin yoxlayıcılıları dindirilmədən ifadə vermək istəmirəm. O yoxlamalarla bağlı kifayət qədər ziddiyyətli məqamlar var. Ona görə də bəzi rəqəmləri aydınlaşdırdıqdan sonra danışacağam”.
Hakim bildirib ki, Maliyyə Nazirliyinin yoxlamaları ilə bağlı sənədlər tədqiq edilmədiyi üçün bununla bağlı kiminsə dindirilməsi mümkün deyil. “Məhkəmə istintaqı yekunlaşanadək ifadə verməsəni və imtinaya davam etsəniz məcburi qaydada sizin istintaqa verdiyiniz ifadə elan ediləcək” – deyə hakim bildirib.
“Spesifik sahə olan rabitə işlərini görmək üşün məhdud sayda MMC vardı”
Məhkəmədə Beytulla Hüseynovun müdafiəsinə yeni vəkilin qoşulduğu da elan edilib. Vəkil Beytulla Hüseynovdan rabitə sahəsində görülən işlərin niyə bir neçə MMC-yə tapşırıldığını soruşub.
Beytulla Hüseynov isə bildirib ki, rabitə spesifik sahədir. Bura hər kəsi buraxmaq olmaz. Bu sahədə məhdud sayda şirkət var. Elə kabellər var ki, dövlət əhəmiyyətlidir. İşlərin görülməsi üçün şəxslərin adları əvvəlcədən müəyyənləşdirilirdi, yoxlanılırdı. Çox az sayda MMC var ki, onlar rabitə sahəsində işlər görə bilər. Burada deyilir ki, tenderlər formal keçirilib, bəzi şirkətlərə şərait yaradılıb. Amma bu belə deyildi. Səbəb bu spesifik sahə ilə bağlı şirkət sayının məhdud olması idi".
Vəkili bildirib ki, ittiham aktında bəzi ziddiyyətlər və texniki səhvlər var. “Beytulla Hüseynovun ittihamında bir yerdə yazılır ki, "Eurovision 2012" ərəfəsində ölkənin müxtəlif ərazilərində və Bayraq Meydanında görülən işlərlə bağlı 17 min şişirdilmə var, digər yerdə isə məbləğin tam mənimsəmnildiyi qeyd edilir. Əgər iş görülübsə, bəbləğin hamısı necə mənimsənilə bilər?
Beytulla Hüseynov isə bildirib ki, qeyd edilən bütün işlər yerinə yetirilib: "İşlərin görülməməsi mümkün deyil. Bu, ölkə rəhbərliyinin göstərişi idi. Bayraq Meydanı ərazisində işlər tam şəkildə görülüb".
Sonra şahid qismində Zirəddin Kərimov ifadə verib. O, bildirib ki, binaların tikintisi ilə məşğul olub. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Proses fevralın 15-də davam edəcək.
Xatırlatma:
Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da həbs edilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şəri cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
501 dəfə oxundu