Putinin rəqibi Navalnı seçkilərdə iştirak hüququndan məhrum edildi

Putinin rəqibi Navalnı seçkilərdə iştirak hüququndan məhrum edildi


Qərb mətbuatı onun Vladimir Putinə yeganə alternativ ola biləcəyini yazıb. Rusiya məhkəməsi 2018-ci ildə prezident seçkilərində Putinə rəqib ola biləcək yeganə namizədi sıradan çıxarıb. “Vladimir Putinin yüksək reytinqlərinə və hakimiyyətin bütün tələ və tryuklarına rəğmən iqtidar müstəqil bir namizədin ortaya çıxmasına izn vermədi”- Qərb mətbuatı yazır.

“2018-ci il prezident seçkiləri ilə bağlı yarış Rusiyada hələ başlamayıb. Lakin Rusiya məhkəməsi artıq ilk potensial iştirakçını yarışlardan kənarlaşdırdı. Məhkəmə Navalnıya verdiyi 5 illik şərti cəza ilə onun namizədliyini əngəlləmiş oldu”,- Almaniyanın Sueddeutsche Zeitung qəzetinin imalçısı Yulian Hans qeyd edib.

“Əgər hakimiyyətdə olan avtokrat 70%-dən az səs toplasa onun legitimliyi təhlükə altına düşür. Seçkilərin nəticələri belə insanlar üçün “xalq qarşısında hakimiyyətin qüdrətinin nümayişi”ndən bir şey deyil,-məqalədə deyilir.

“Bu insanlar xalqın əhval-ruhiyyəsinin hansı sürətlə dəyişdiyini çox gözəl bilirlər. 2011-ci ilin qışında on minlərlə rusiyalı seçki saxtakarlığına etiraz etmək üçün küçələrə çıxdı. 2013-cü ildə Aleksey Navalnı Moskva merliyinə namizədliyini irəli sürüb səslərin 27%-ni toplaya bildi. Lakin yerli televiziyalar bunu görməzliyə vurdular”,- Yulian Hans yazır.

Britaniyanın “The Times” qəzeti də Aleksey Navalnının 2018-ci il seçkilərinə buraxılmamasını təssüflə qarşılayıb.

“Kremlin liderini “neft borusundakı qurbağa” adlandırmaqdan çəkinməyən rusiyalı dissident Aleksey Navalnı 2018-ci il prezident seçkilərində iştirak məsələsində məğlubiyyətə uğradı”, - qəzet davam edib: “Putinin daxili və xarici işlərdəki manipulyasiyası cəmiyyətə uzun müddətli biganəlik, qeyri-dözümlülük və durğunluq gətirib. Bu atmosfer minlərlə rusiyalı gənci siyasi təlxəyə çevirib. Navalnının gücü heç olmasa bəzi gənclərdə ümid işığını yandıra bilmək qabiliyyətində idi”.

Yazı müəllifləri Navalnının Kremlin korrupsiyasına qarşı mübariz kimi ad çıxardığını, habelə “kütləvi etiraz aksiyalarını səfərbər etmək qabliyyətində” olduğunu və bunun sayəsində 2013-cü ildə Moskva şəhərinin meri postu uğrunda seçkilərdə Rusiya şərtlərində görünməmiş halda 27% səs aldığını xatırladırlar.

“Rusiya fəallarının yeni nəsli Rusiyanın Putindən sonrakı dövrdə ədalətli və səmərəli idarəçilik problemləri haqqında düşünməlidir. Navalnı səhrada fəryad edən səs deyil. O, Rusiyada dəyişikliklər üçün uzunmüddətli oyun aparmağın gərəkli olduğunu yaxşı bilir. Biz ona bu yolda uğurlar arzulayırıq”, - “The Times” yazır.
ABŞ-ın “The Wall Street Journal” qəzeti də Aleksey Navalnını Rusiya müxalifətinin ən populyar lideri adlandırıb, lakin onun 2018-ci ildə Putinə rəqib ola bilməyəcəyini qeyd edib.
“The Wall Street Journal” Navalnıya verilən hökmün Rusiyanın demokratiya uğrunda digər fəalçısı Vladimir Kara-Murzanın zəhərlənərək xəstəxanaya düşməsindən dərhal sonra verildiyinə diqqət çəkib.

“İndi Donald Trampdan tutmuş Fransua Fiyon və Marin Le Penə qədər bəzi Qərb liderləri Vladimir Putinlə əməkdaşlıq etmək istəklərində Ronald Reyqanı örnək gətirirlər. Lakin Reyqan heç vaxt Navalnı və Kara-Murzanın müdafiəsindən çəkinməzdi”- qəzet yazır.
Fransanın “Le Temps” qəzetinin jurnalisti Emmanuel Qrinşpan Kremlin Rusiyanın aparıcı müxalifətçisini həbsə atmaqdan çəkindiyini, lakin ən azı seçicilərin gözündə etibarlı namizədlərdən birinin yolunda sədd çəkdiyini qeyd edib.

“Rusiya politoloqu Aleksandr Morozov hesab edir ki, Kreml insanların Navalnının Sankt-Peterburqdakı seçki qərərgahında könüllü olmaq üçün uzun növbələrə düzülməsindən qorxuya düşə bilər. Antikorrupsiyaçı fəalın ölkənin böyük şəhərlərindəki populyarlığı prezident Putinin çəkməsində çıxan əsas mismardır”, - məqalə müəllifi bildirir.

“Politoloq Qleb Pavloski Navalnıya qarşı edilən hərəkəti istehza ilə belə qiymətləndirib: “Hər halda onu Gividən daha yumşaq üsulla seçkidən kənarda qoydular”, -qəzet sitat gətirib.
Emmanuel Qrinşpan 64 yaşlı Putinin 2024-cü ilə qədər 4-cü dəfə prezident mandatı almaq istədiyini qeyd edərək seçkilərə hər dəfə olduğu kimi eyni ssenari ilə, yəni hakimiyyətə real alternativ olmayan və bir-birləri ilə yarışan yaşlı namizədlərlə girəcəyini yazır.

“Putinin sparrinq-partnyoru rolunu oynayacaq Vladimir Jirinovski, Gennadi Züqanov və Sergey Mironov 90-cı illərdən bu yana seçkilərdə iştirak edirlər. Onlar Rusiya prezidentinə toz qondurmadan bir-birləri ilə mübahisə edərək Kreml tərəfindən tam nəzarət altına alınan seçkilərə demokratik don geyindirirlər”, - məqalə müəllifi qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...