Qazsız Biləsuvarın qazlı müdiri...

Biləsuvar rayonunda oktyabr ayından bəri rayon mərkəzində qazlar mütəmadı olaraq kəsilir. Üstəlik, borcunu ödəyən abonentlərin qazı xəbərdarlıq edilmədən dayandırılır.
Sakinlər Musavat.com-a açıqlamasında son 10 ildə ilk dəfədir ki, belə bir halla rastlaşdıqlarını deyiblər. Onların sözlərinə görə, Biləsuvar rayon Qaz İdarəsinə 6 ay əvvəl müdir gələn Famil Mehdiquliyev rayonu qaz üzünə həsrət qoyub: Müxtəlif bəhanələrlə, gün ərzində 2-3 dəfə 1-2 saatlıq aralıqlarla qaz kəsilir. Şikayət edən vətəndaşları aşağlayaraq idarədən qovduran müdir onlara “gedin ən başda oturan kimə istəsəniz şikayətinizi edin. Bağdadda da kor xəlifə, burda da mənəm” deyir”.
Sakinlər bildirib ki, artıq bir neçə ailə rayonu tərk edərək qonşu rayonlardakı qohumlarının evinə sığınıb. Məsələ ilə bağlı Biləsuvar rayon Qaz İdarəsi ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Bu gedişlə Biləsuvar rayonunda yaşlı, xəstə sakinlər evlərini tərk etməyə davam edəcəklər. “Azadlıq” küçəsinin sakini Əliyar Seyidov bildirib ki, aldıqları maaşın hamısını iynə-dərmana verirlər. Onu da qeyd edək ki, Azadlıq küçəsi rayon İcra Hakimiyyətinə bitişik küçədir.
435 dəfə oxundu