Rusiya dövləti Haaqada mühakimə olunur – Krımın ilhaqı, Donbasın işğalı…

Rusiya dövləti Haaqada mühakimə olunur –


Ukrayna Rusiyanı Krımın işğalı və Donbasda törətdiyi vəhşiliklərə görə beynəlxalq məhkəməyə verib.
Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Haaqa Məhkəməsinə verdiyi iddia ilə Kiyev Donbasa silah tədarükünü durdurmaq və Krımda etnik ayrı-seçkiliyin qarşısını almaq niyyətindədir.
Ukrayna tərəfi bazar ertəsi öz arqumentlərini məhkəməyə təqdim edib. Rusiya tərəfi buna həftənin 2-ci və 4-cü günü cavab verəcək.
Ukrayna nümayəndə heyətinə ölkənin xarici işlər nazirinin müavini Yelena Zerkal rəhbərlik edir.
Beynəlxaq məhkəmədə hakimlər qarşısında çıxış edən Yelena Zerkal “Rusiyanın beynəlxalq hüququ pozduğunu və insan hüquqlarını istismar etdiyini, habelə Ukraynanın şərqində və işğal olunmuş Krımda qeyri-qanuni silahlı dəstələrə yardım göstərdiyini” söyləyib.

Ukraynalı diplomat ölkəsinin 3 ildən çoxdur ki bu situasiya ilə üzləşdiyini bildirib.
Ukraynanın iddiası üzrə məhkəmə dinləmələri martın 9-na qədər davam edəcək. Hər bir tərəf öz mövqeyini ifadə etməkdə bərabər hüquqlara malikdir. İclas Haaqada, məhkmənin yerləşdiyi Sülh sarayında açıq rejimdə keçiriləcək.
Rusiyalı ekspert, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) Avropa hüququ üzrə dosenti Nikolay Toporninin fikrincə, Ukrayna bu iddia ərizəsi ilə iki məqsəd güdür.
“Bir tərəfdən Ukrayna Rusiyanın təkcə siyasi deyil, həm də hüquqi olaraq işğalçı, BMT norma və standartlarını pozan, terrorizmi dəstəkləyən dövlət kimi tanınmasına nail olmaq istəyir.
Digər tərəfdən isə Kiyev Krım məsələsinin və Donbasdakı situasiyanın beynəlxalq münasibətlər arenasında hökm edən Avropa Birliyi, ABŞ, Almaniya, Fransa kimi oyunçuların diqqət mərkəzində saxlanmasına çalışır”.
Xatırladaq ki, Krım Rusiya tərəfindən martın 16-da keçirilən qondarma referendumla qeyri-qanuni olaraq ilhaq edilib.
Ukrayna dövləti üçün isə Krım Ukraynanın müvəqqəti işğal edilmiş ərazisi sayılır.
Rusiyanın Krımı işğalına qarşı yalnız yarımadada yaşayan etnik tatarlar və onların siyasi təşkilatı sayılan Məclis qarşı çıxıb. 2016-clı ildə Krım tatarlarının Məclisi Rusiya tərəfindən ekstremist təşkilat olaraq tanınıb.

Bu faktın özü Ukraynanın iddiasının əsas müddəalarından birini təşkil edir.
Ukraynanın Rusiyaya qarşı iddiası 2016-cı ilin yanvarın 16-da prezident Petro Poroşenkonun tapşırığı ilə ölkənin xarici işlər nazirliyi tərəfindən verilib.
İddia ərizəsi iki mövqeyə əsaslanır. Bunlardan birincisi BMT-nin “Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında” konvensiya, ikincisi isə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiyadır.
Ukrayna Haaqa məhkəməsindən əlavə digər beynəlxalq məhkəmə instansiyalarına da müraciət edib.
2014-cü ildə baş verən böhrandan sonra Kiyev Rusiya əleyhinə Avropa İnsan Hüquqları Məhkəməsində 4 iddia qaldırıb.
İlk iddia Krım və Donbasdakı hadisələrlə bağlıdır. Kiyev Rusiya tərəfindən Ukraynanın mülklərinin qaytarılmasını və bu mülklərdən istifadə etməkdən qeyri-qanuni olaraq məhrum edilməsi səbəbindən 1 trilyon dollar məbləğində təzminat tələb edir.

İkinci iddia Donbasdan yerli yetim uşaqların qeyri-qanuni olaraq Rusiya Federasiyasına aparılması ilə bağlıdır.
Üçüncü iddia ərizəsi Krım tatarları Məclisinin sədri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmilovun oğlu Hayser Cəmilovun Rusiya məhkəməsi tərəfindən həbs edilməsi ilə əlaqədardır. Ukrayna Rusiyaya qarşı 4-cü iddiasında onu Krım və Donbasdakı hadisələrdə iştirak etməkdə ittiham edir.
AİHM Krım və Ukraynanın şərq vilayətləri ilə bağlı olan 1-ci və 4-cü iddiaları ayrıca icraata qəbul edib.
Sonda onu qeyd edək k, BMT Beynəlxalq Məhkəməsi 1946-cı ildə təsis edilib. O, 1920-ci ildə Millətlər Cəmiyyəti nəzdində yaradılan Beynəlxalq Ədalət Daimi Palatasını əvəz edib.

Məhkəmə tərkibi sədr və müavini daxil olmaqla müxtəlif ölkələrdən 9 il müddətinə BMT Baş Assambleyası tərəfindən seçilən 15 hakimdən ibarətdir.
BMT Beynəlxalq Məhkəməsinin hazırkı sədri Fransadan Ronni Abraamdır.
Məhkəmənin hazırkı tərkibində Rusiyadan da hakim var. Bu 64 yaşlı diplomat, Rusiya xarici işlər nazirliyinin hüquq departamentinin keçmiş direktoru Kirill Gevorkyandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...