“İcra başçısı bizi ölümə məhkum edib” – Daşkəsəndən şikayət var
Hal-hazırda yaşadığımız bina təhlükəli vəziyyətdədir, biz binanın hər an uçub-dağılacağı qorxusu ilə yaşayırıq. Başqa bir evimiz yoxdur ki, gedib orada yaşayaq. Binada bədbəxt hadisə baş verərsə bir neçə sakinin öləcəyi halı qaçılmazdır.
Daşkəsən şəhəri Mədənçilər 7a binasının sakinləri…
Daşkəsən Şəhəri Mədənçilər 7a binasının sakinlərinin yaşayış hüquqları bir neçə ildir ki, pozulmuşdur. Hətta hal-hazırdakı həyatları təhlükədədir desək yanılmarıq. Bu 8 mənzilli bina keçən əsrin ortalarında tikilib istifadəyə verilib. Bina qədim olsa da sakinləri xoşbəxt-firəvan yaşayırdilar. Binanın beş addımlığında rayonun əvvəlki icra başçısı Tahir Kərimovun göstərişi ilə böyük park layihəsinin icra olunduğu vaxtadək….
Sakinlərin həm rahatçılığı pozuldu həmdə yaşadıqları bina təhlükəli vəziyyətə düşdü.
Məsələ ilə bağlı bina sakinlərinin dedikləri; park yeni salınan vaxtı ərazidə iri tutumlu texnikalar işləyirdi.Biz yaşadığımız mənzildə yerin necə titrəməsini və binanın sirkələnməsini hiss edirdik. Dəfələrlə bu barədə Tahir Kərimovu məlumatlandırdıq, amma heç bir faydası olmadı.
Daha sonra, ərazidə Daşkəsən rayon İcra Hakimiyyətinin binası tikilməyə başladığı vaxtdan sakinlərin yaşayışı tamamilə bərbad vəziyyətə düşür, qara günlərimiz başlayır. Yeni tikilən inzibati bina sözügedən binanın 5 addımlığında və aşağıda yerləşir. Ərazidə sürüşmələr baş verdikdən sonra yaşayış binası tam qəzalı vəziyyətə düşür. Bundan sonra binanın daxilində və xaricində iri çatlar əmələ gəlmişdir. Vəziyyətin daha da acınacaqlı olduğunu görəndən sonra bina sakinləri 2012-ci ildən aidiyyatı qurumlara rəsmi olaraq şikayət ərizələri göndərib. Hətta sakinlərin müraciətinə əsasən Daşkəsən rayon İH Başçısı Əhəd Abıyev tərəfindən 24.06.2013-cü ildə Baş Nazirin müavini Abid Şərifova müraciət ünvanlanıb.
Baş Nazirə ünvanlanan müraciət
Müraciətdə deyilir: “Məlumat ücün bildiririk ki Daşkəsən Şəhəri Mədənçilər küçəsi 7a saylı 8 mənzilli yaşayış binası keçən əsrin ortalarında tikilmişdir. Uzun müddət istifadə olduğundan və atmosfer təsirləri nəticəsində bina qəzalı vəziyyətə düşmüşdür. Binanın divarlarında çatlar əmələ gəlmiş tavan və divarların birləşdiyi yerlərdə aralanmalar baş vermişdir. Binanın mərtəbəarası örtüyünün ağac konstruksiyaları çürümüşdür…..
Yuxarıda göstərilənləri və gələcəkdə baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə aidiyyəti üzrə müvafiq göstəriş verərək lazimi köməklik göstərməyinizi sizdən bir daha xahiş edirik”.
Həmin ərəfələrdə Fövqəladə Hallar Nazirliyinin rəsmiləri gəlib binaya baxış kecirən zaman, mütəxəssislər bina sakinlərinə bildiriblər ki, bu binada yaşamaq təhlükəlidir siz təcili küçürülməlisiniz. Amma hələ də heç bir tədbir görülməyib.
Başqa dövlətlərdən sığınacaq istədilər
Beləliklə yerli qurumlardan bir çarə tapa bilməyən bina sakinlər Rusiyanın, İranın Azərbaycandakı səfirliklərinə, Türkiyənin Gəncə şəhərindəki Konsulluğuna müraciətlər edərək ölkələrində sığınacaq vermələri üçün köməkliklər göstərilməsini istəyiblər…
Nazir şəxsən binanın vəziyyəti ilə tanış olub
2015-ci ildə “Birinci Avropa Oyunları”ərəfəsində Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Daşkəsən rayonuna rəsmi səfəri zamanı şəxsən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevlə birgə qəzalı vəziyyətdə olan binanın vəziyyəti ilə tanış olmuşdur. Bildirilmişdir ki, yeni tikilən icra hakimiyyətinin binası yaşayış binasının bu qədər yaxınlığında olmamalıdır, sizin binanın problemi ilə məşğul olunacaq. Nazirliyin əməkdaşı isə bina sakinlərinin şəxsiyyət vəsiqələrinin sürətlərini götürmüşdür. Hadisədən illər keçsədə bugünədək Daşkəsən Şəhəri Mədənçilər küçəsi 7a saylı 8 mənzilli yaşayış binasının qəzalı taleyi olduğu kimi qalır.
Qeyd edək ki, biz də həmin binada olduq. Binanın vəziyyəti olduqca təhlükəlidir və normal bir zəlzələ hadisəsi baş verdiyi halda bina hər an uçub-dağıla bilər.
Bəlkə də, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev və aidiyyatı qurum rəsmiləri gözləyir ki, bina uçub-dağıldıqdan sonra sakinlər arasında kütləvi ölüm halı baş verə və prezidentimiz İlham Əliyev cənablarıda kimlərisə cəzalandıra?
410 dəfə oxundu