Azərbaycan üçün 1-ci Avropa Oyunları böyük uğurdur

Azərbaycan üçün 1-ci Avropa Oyunları böyük uğurdur

Təbii ki, Azərbaycanın uğuru yalnız və yalnız azərbaycanlılara - bu ölkədə yaşayan və bu ölkə ilə ürəyi döyünənlərə aiddir. Yəni Azərbaycan adına olan bütün nailiyyətlərə yalnız ən azından Azərbaycan adına sayğı ilə yanaşan sevinə bilər.

Sual edirik: Bu gün Azərbaycanda mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ziyanlıdırmı? Bunun hansısa formada Azərbaycan adına mənfi təsiri varmı?

Təbii ki, ən azından düşmən Ermənistanın və Azərbaycan dövlətinə düşmən mövqedə dayanan digərlərinin istənilən bir uğurumuzu qıcıqla qarşılamasından da aydın görünür ki, onlar ölkəmizin adını ucaldacaq hansısa hadisəni həzm edə bilmirlər eləcə də 1-ci Bakı Avropa Oyunlarını.

Bu, çox mühüm bir hadisədir. Ən azından mühümlüyü şübhəsizdir. Hər halda, Avropa kimi bir geosiyasi məkanın idman ənənəsinin olsa belə təməlinin Azərbaycanda atılması ölkəmiz adına böyük bir tarixi nailiyyətdir. Bununla Azərbaycan özünü həm də bir neft ölkəsi, eyni zamanda da müsəlman ölkəsi olaraq bir çox neqativ proseslərdən sığortalamış olur.

Diqqət yetirin. Bu gün dünyanın çərxi tamam fərqli əhvalda dövr etməkdədir. Biz də müsəlman ölkəsiyik. Dünyada belə tanınırıq və hətta ən «allahsız» vətəndaşımız belə bu gün dünya statistik göstəricilərinə görə müsəlman cameənin sayını artırmaqda, sıralarını genişləndirməkdədir.

Yəni bizi müsəlman olaraq hədəfə alırlarsa, biz bu dəyərimizdən imtina edə bilmərik.

Belə olan təqdirdə dünya düzənində mövcudluğumuzu, həm də elə dini dəyərlərimizi qoruma naminə bu gün Azərbaycan dövləti tərəfindən üyrüdülən xarici siyasət kursunun ötəsi mövcud deyil. Kimsə bundan ağıllısını bilirsə, söyləsin.

Bu bir faktdır ki, «demokratik dəyərlər» kimi nağıllar yalnız söyləntidir. Bunu bu gün Azərbaycanda bəzi qüvvələrin nicat yeri kimi gördüyü Avropanın özünü belə bütün dünyaya elə bir neçə gün əvvəl sərgiləmiş oldu. Onlar bir yandan «gəl-gəl» dedikləri qardaş Türkiyəni hədəfə alın absurd erməni «soyqırımı» iddialarını tanımaları ilə hansı mövqedə dayandıqlarını nümayiş etdirdilər. Əslində bu qərarın ardından qardaş Türkiyə Avropaya inteqrasiya siyasətindən bilmərrə imtina etməli idi.

Amma görünür, bu gün elə Türkiyənin özünə də «Avropa Birliyi sevdası» bir hədəf olaraq lazımdır. Bəlkə də Türkiyəyə həmin hədəfə ulaşmaq yox, həmin hədəfə doğru yürümək ən gərəkənidir. Yəni buna görə, Avropa Birliyinin absurd tanıma qərarının ardından da Türkiyədə mövcud olan Avropa Birliyi üzrə Nazirlik ləğv olunmadı. Çünki həqiqətən də absurd olanı həm də odur ki, Türkiyə Avropa Birliyinə - onu açıq şəkildə soyqırımda - həm də yalan olaraq bir törətmədiyi cinayət əməlində ittiham edən birlikdə təmsil olunur…

Belə bir gərginliklə geosiyasi məntəqədə və təlatümlü olayların şqahidi olaraq mövcudluğunu bir gənc dövlət kimi nəinki qoruyan, həm də öz müstəqil siyasətini çoc ciddi ünvanlarda prioritet şərt kimi qəbul etdirməyə müvəffəq olan Azərbaycan dövlətinin istənilən bir uğurunu qısqanclıqla qarşılayan Azərbaycan vətəndaşı -m azərbaycanlı varsa, bizdən deyildir… - anlamına gəlir.

Bəli, bu gün Azərbaycan dövləti özünün elə bir inkişaf mərhələsindədir ki, sıralarımızda çeşidləmənin həyata keçirilməsi zamanı yetişib. Əgər kimlərsə, özlərini bu dövlətin, bu millətin bir parçası hesab etmirlərsə, hətta gərəkərsə, əllərinə fürsət düşərsə, xain Əlikram Hümbətov kimi «Yaşasın böyük ermənistan» deyəcək qədərində şərəfsizləşibsə, onların qayğısını nə bir dövlət olaraq, nə də bir cəmiyyət olaraq çəkmək zorunda deyilik.

Qapılarımız açıqdır. Həm bizi sevən dostların üzünə… Həm də bizdən üz döndərən özümüzünkülərin üzünə. Birilərinə qonaq gəlmələri üçün, digərlərinə dəf olmaları üçün…

P.S. Azərbaycan dövləti bu millətə nə göydəndüşmə fürsətdir, nə də hansısa illüzionistin hədiyyəsi. Bunun uğruna canlar fəda olub. Və daha yüz minlər fəda olmağa hazırdır.

Sevin bu ölkəni…

Nazim - DİA.AZ


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...