"Mənə zəng edib ağzına gələni dedi..."

"Mənə zəng edib ağzına gələni dedi..."

Sabiq millət vəkili, Azərbaycanın İstanbuldakı keçmiş konsulu Xeyrəddin Qoca ilə Bakı Nəqliyyat Agentliyi arasında qalmaqal davam edir.

X.Qoca “Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə at oynadırlar” açıqlamasına qarşı tərəfin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən cavab gecikməmişdi.

BNA-dan verilən məlumata görə, X.Qocanın söylədikləri şər və böhtandır.

Problem isə ondan başlayıb ki, Xeyrəddin Qocanın qızı idarə etdiyi dövlət qeydiyyat nişanı 90 VB 565 olan avtomobili Parlament prospektində, 20 nömrəli məktəbin qarşısında park edib. BNA parklanma üçün seçilən ərazinin avtobus dayanacaq məntəqəsinin ərazisi olduğunu bildirib.

10 dəqiqə 9 saniyədən sonra Qanunsuz Parklanmaya İntellektual Nəzarət Sisteminin kameraları vasitəsilə qayda pozuntusu qeydə alınıb və sürücü barəsində cərimə sanksiyası tətbiq edilib.

Xeyrəddin Qoca isə qızının qayda pozuntusunu qəbul etməyib.

Agentlik rəsmisinin bu açıqlamasından sonra münasibətlər daha da gərginləşib. X.Qoca bildirib ki, mətbuatda çıxış etdikdən sonra Mais Ağayev onu telefonda təhqir edib:

“Mənə zəng edib ağzına gələni dedi. Bu, birinci hal deyil. Məndən əvvəl Rəşad Məcid, Səfər Alışarlı və digərləri də bu mövzuda yazıb. Bu, lazımsız bir qurumdur və ləğv olunmalıdır. Ancaq küçələrdə camaatdan pul yığmaqla məşğuldur”.

Cebhe.info-ya daxil olan məlumata görə, Xeyrəddin Qoca və Bakı Nəqliyyat Agentliyi arasında artıq məhkəmə çəkişməsi başlayır.

Məlumatı dəqiqləşdirmək üçün Xeyrəddin Qoca və vəkili Elçin Sadıqovla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Cebhe.info-ya açıqlamasında məhkəmə ilə bağlı məlumatlı olmadığını bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
82 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...