İlham Əliyev:"Böyük irəliləyişlərə nail olduq"

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin edilib”
"Müasir idarəçilik, siyasi transformasiya olmasa, uğura nail ola bilmərik”
“XX əsrin əvvəlində Rusiya imperiyasının süqutu nəticəsində müsəlman Şərqində ilk demokratik, müstəqil respublika Azərbaycanda yaranıb. İşğal nəticəsində müstəqilliyimizi 70 il itirdik və müstəqilliyimizi yenidən 1991-ci ildə qazandıq. Azərbaycan o zaman daxili gərginlik, iqtisadi çətinlik və Ermənistanın işğalı ilə üzləşmişdi”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankı (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi və iqtisadi islahatlara başlanıb: “Siyasi sistem sovet sistemi, iqtisadiyyat isə planlı iqtisadiyyat idi. Siyasi və iqtisadi sistemin transformasiyası vacib idi. 1990-cı illərin ortalarından başlayaraq bu sahədə böyük irəliləyişlərə nail olduq. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Sərbəst toplaşma azadlığı təmin edilib, əhalinin 75 faizi internet istifadəçisidir. Biz geniş zolaqlı interneti ölkənin ən ucqar nöqtələrinə belə çəkirik. Biz dərk edirik ki, müasir idarəçilik, siyasi transformasiya olmasa, uğura nail ola bilmərik”.
* * *11:40
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış mərasimində iştirak edirlər.
Virtualaz.org xatırladır ki, “İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında keçirilən İllik Toplantının Rəhbərlər Şurasının əsas iclasında, seminarlarda və panel müzakirələrdə bir çox qlobal əhəmiyyətli məsələlər diqqət mərkəzindədir. Belə ki, mayın 2-də açılan İllik Toplantının birinci günü AİB-nın prezidenti Takehiko Nakaonun açıq mətbuat konfransı, ardınca “Azərbaycan 2020-ci il: “Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru”, “AİB-BVF Seminarı: Asiya tərəqqisinin qorunub saxlanılması üçün maliyyə sektorunun inkişafı” mövzularında seminar və panel müzakirələr olub.
Mayın 3-də “Asiyanın İnkişaf Sütunları üçün Gələcək Aparıcılar - Çin Xalq Respublikası, Hindistan, İndoneziya”, “AİB-Almaniya Seminarı: Yaşayış üçün münasib olan Asiya şəhərlərində problemlər və imkanlar”, “İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” və digər mövzularda keçirilən seminar və panel müzakirələrdə Asiya regionunun tanınmış tədqiqatçıları və alimləri iştirak ediblər.
Mayın 4-də Direktorlar Şurası üzvlərinin iştirakı ilə rəsmi açılış sessiyası keçiriləcək, ardınca isə “Asiya üzrə Enerji Siyasətinin Yenidən qiymətləndirilməsi”, “Gənclərin Son Debatı”, “Gender Bərabərliyi İqtisadiyyatı”, “Təbii fəlakətlər üzrə təlimlər: Dayanıqlı Cəmiyyətlərin təşkili”, “İnfrastruktur Maliyyələşdirməsinin Yerli Cəmiyyətlərə Təsiri” panellərində müzakirələr davam etdiriləcək.
Tədbirin sonuncu günündə Direktorlar Şurasının ikinci iş sessiyası ilə yanaşı, “Azərbaycanın da yerləşdiyi regionla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq və inteqrasiyanın genişləndirilməsi” və digər mövzularda seminarlar təşkil olunacaq və AİB prezidentinin yekun mətbuat konfransı ilə İllik Toplantı öz işini yekunlaşdıracaq.
Qeyd edək ki, 1999-cu ildən Asiya İnkişaf Bankına üzv olan Azərbaycan indiyədək qurumun bir sıra regional tədbirlərinə ev sahibliyi edib. Qurumun İllik Toplantısının Bakıda keçirilməsi haqqında qərar isə 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub.
Xatırladaq ki, 1999-cu ildən bəri AİB Azərbaycan Hökumətinə 1,8 mlrd. ABŞ dolları, özəl sektor təşkilatlarına isə 168 mln. ABŞ dolları həcmində kredit və 18 mln. ABŞ dollarına yaxın qrantlar ayırıb.
AİB-in Azərbaycanla bağlı 2014-2018-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında nəqliyyat, enerji və şəhər xidmətləri, eləcə də kiçik və orta biznesin və dövlət-özəl sektorları arasında tərəfdaşlığın inkişafına dəstək verilir. Yeni strategiya, həmçinin, regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir.
2015-ci ilin aprel ayında AİB-in 2015-2017-ci illər üçün Azərbaycan üzrə Biznes Planı qəbul edilib. Bu müddət ərzində AİB enerji, nəqliyyat, maliyyə, təhsil, su təchizatı və çirkab suların təmizlənməsi və dövlət idarəçiliyi sektorlarının inkişafı üçün Azərbaycana 3,6 mln. ABŞ dolları həcmində qrant və 715 mln. ABŞ dolları həcmində kredit ayırmağı nəzərdə tutur.
Filippinin paytaxtı Manilada yerləşən AİB balanslaşdırılmış iqtisadi artım, ekoloji cəhətdən davamlı artım və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean Regionunda yoxsulluğun azaldılması istiqamətində fəaliyyət göstərir. 1966-cı ildə təsis edilmiş AİB 48-i regiondan olmaqla 67 üzv-dövlətə məxsusdur.
313 dəfə oxundu