İçimdə sevgi tumurcuqlarının baş qaldırmasını hiss etdim... - Vidadi Bərdəlinin qızı - VİDEO

“Gecə idi... Xəyallara dalmışdım...”.
Gənc müğənni Aytac Vidadiqızı “Sevirəm” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.
Oxu.Az xəbər verir ki, Aytac Vidadiqızı mahnılarının çoxunun həm söz, həm də musiqi müəllifidir. “Sevirəm”adlı mahnısının isə yalnız sözləri ifaçının özünə məxsusdur. Eşqdən bəhs edən sözləri yazmaq üçün ilham pərisi ifaçıya gecəyarı gəlib.
Bu haqda Aytac Vidadiqızı Oxu.Az-a özü açıqlama verib.
“Gecə idi... Xəyallara dalmışdım... Birdən içimdə sevgi tumurcuqlarının baş qaldırmasını hiss etdim. Mən özüm həm bəstəkar, həm də söz yazarıyam. Bu mahnımdakı sözlər içimdən gələn hisslərdən ibarətdir. Mahnımı dinləyən mənim hisslərimdən xəbərdar olacaq. İnanıram ki, hər dinləyici bu mahnımda məni görə biləcək”.
Müğənni sentemental mahnısına pul tapa biləcəyi halda klip çəkdirəcəyini də gizlətmədi:
“Hər kəsi varlı müğənni adlandırır. Məni görəndə çoxu pul görür. Amma bu belə deyil. Əgər pul tapsam bu mahnıma da klip çəkdirəcəyəm. Pullarımın çoxunu ötən ay təqdim etdiyim “Bezdim, gəlmə” adlı klipimin çəkilişinə xərclədim. Bilirsiniz ki, klipin ekran işi Gürcüstanda həyata keçdi. Bu səbəbdən hələ ki, “Sevirəm” adlı mahnımın klip çəkilişinin olub-olmaması maddiyata bağlıdır”.
Qeyd edək ki, Aytac Vidadiqızının “Sevirəm” mahnısının ilk dinləyiciləri məhz media işçiləri olub. Jurnalistləri özünün dostu adlandıram müğənni ötən ay “Bezdim, gəlmə” klipinin təqdimat mərasimində yeni mahnısını da yalnız jurnalistlərə təqdim etmişdir.
566 dəfə oxundu