12 illik təhsilə nə vaxt keçirik? - Nazirlik açıqladı

Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı müzakirələr davam edir. Bununla əlaqədar aparılan müzairələrdə orta məktəblərdə tədris olunan fənlərin sayının azaldılması, bəzi fənlərin birləşdirilməsi təklif olunur.
Qeyd edək ki, hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan fənnlərin sayı 17-dir. Təklif olunur ki, burada fənlərin sayı 13-ə endirilsin.
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda ümumi təhsilin müddətinin 12 il müəyyənləşdirilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan hədəflərdən biridir.
Nazirlikdən onu da bildiriblər ki, hazırda 12 illik ümumi təhsil modelinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr davam edir: “9 illik icbari ümumi orta təhsil səviyyəsindən sonra tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə aparılacağı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunub və həmin səviyyədə tədris edilən fənlərin sayının azaldılması məsələsinə baxılması gündəmdədir”-deyə Təhsil Nazirliyindən bildiriblər.
356 dəfə oxundu