Masazırda yaşamaq ciddi təhlükəyə çevrilib XƏBƏRDARLIQ

Masazır qəsəbəsində yaşayış binalarının altında baş verən qaz sızması məsələsinə dair gərginlik getdikcə şiddətlənir.
“Şərq” qəzetinin yazdığına görə, problem qəsəbə sakinləri ilə yanaşı, hökumət və dövlət rəsmilərini də narahat etməyə başlayıb. Onlar da bunun ciddi təhlükə doğurduğunu dilə gətiriblər. Belə ki, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məsələyə münasibət bildirib. O qeyd edib ki, evlərin altından sızan şist qazıdır: "Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır”. Qurum prezidenti onu da əlavə edib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. Yaxın vaxtlarda Azərbaycan hökuməti bu məsələ ilə bağlı müvafiq qərar çıxaracaq.
Bu ərazidə çoxmərtəbəli bina tikməyin doğru olmadığını deyən Müstəqil Memarlar Assosiasiyasının (MMA) prezidenti Zenfira Budaqova isə “Şərq” qəzetinə deyib ki, sürüşkən, seysmik və qaz təhlükəsi olan zonalarda yaşayış binaları inşa etmək olmaz: "Binanı tikməzdən öncə, həmin ərazini yoxlamaq lazımdır. Amma bunlar, Allah bilir, heç bir yoxlama işi aparmayıblar. Təki bina tikib, satıb pul qazansınlar. Gerisi heç veclərinə də deyil. Əhalinin sağlamlığı və təhlükəsizliyinə diqqət yetirmirlər. Hara gəldi ev tikirlər. Nəticə də belə olur”.
Onun sözlərinə görə, həmin ərazidəki əhali mütləq köçürülməlidir: "Orada yaşamaq çox dəhşətlidir. Başqa bir məqam ondan ibarətdir ki, sakinlər o mənzilləri baha qiymətə alıblar. Nə qədər pul xərcləyiblər. Əhali və onlara məxsus mənzillər siyahıya alınmalıdır. Sonra da həmin sənədə uyğun olaraq onlara mənzillər paylanmalıdır. Yoxsa, sizi köçürdürük deyib, millətin yorğan-döşəyini çölə atmaq olmaz. Kompensasiya olunmalıdır. Od qiymətinə ev alıblar”.
Z.Budaqovanın qənaətincə, sakinlər təhlükəsizliklərinin qorunmasını tələb etməlidir: "Əlaqədar orqanlara müraciətlər hazırlamalıdırlar. Orada yaşamaq olmaz. Şist qazları təhlükəlidir. Başım çıxmır belə bir ərazidə niyə bina tikiblər? Çox ağılsız hərəkət ediblər. Əhali köçürülməlidir”.
Masazırda yaşayan jurnalist Rəşad Baxşəliyev qeyd edib ki, aprel ayının 9-da, Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində partlayış baş verəndən bəri ərazi üzrə xüsusi komissiya yaradılıb: "Hər həftənin cümə axşamı baş nazirin müavini Abid Şərifov ərazini gəzir. Evlərin təhlükəsizliyi ilə bağlı tapşırıqlar verir. Bir müddət "Azəriqaz”ın əmakdaşları evlərdə, həyətlərdə xüsusi aparatlarla axtarışlar apardılar. Sonra da ərazidə tədqiqat aparan Geologiya İnstitutunun Neft və qazın geologiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əkbər Feyzullayev açıqlama verərək ərazidə təbii qaz çıxışlarının olduğunu təsdiqlədi. Bununla yanaşı bildirdi ki, ərazidə təbii qaz çıxışları var və onlar texnogen qaz deyil, orada qaz yataqları var. Bu da ərazidə vulkanların olması ilə bağlıdır. Ə.Feyzullayev sonda söylədi ki, həmin ərazidəki tikililərin aqibəti ilə bağlı aidiyyəti qurumlar qərar verəcək. Sonra Rövnəq Abdullayev açıqlama verdi. Biz də gözləyirik. Hələ ki bir söz deyən yoxdu. Əlbəttə, təhlükəli ərazidə yaşamağı heç kim arzulamaz. Yəqin ki, yaxın günlərdə komissiya rəyini açıqlayar və bizə də nəsə deyərlər və dövlət necə məsləhət görər, sakinlər də o cür addım atarlar”.
460 dəfə oxundu