Qoyunlarını oğurladılar - FERMER ÇÖKDÜ

lvin Məmmədov: “Oğruların əlində “aciz qaldıq”, fermanı qapatmaq zorunda qaldıq”
Bir müddət əvvəl fermer təsərrüfatı ilə məşğul olan Elvin Məmmədovun sahibkarlıq fəaliyyətinə törədilən əngəllər və bu üzdən biznesinin məhv olması ilə bağlı yazı dərc etmişdik.
E.Məmmədov bildirir ki, ailə üzvlərimlə birlikdə min bir əziyyət çəkib kiçik fermer təsərrüfatı qurub. Sitat: “Fermer təsərrüfatı Qobu qəsəbəsində yerləşir. Bizim təsərrüfatımız son bir neçə ayda çox qəribə bir metodla çökdürülür. Bir neçə aydır ki, fermadan ardıcıl olaraq oğurluqlar baş verir. İndiyədək 70-dən artıq qoyunumuz oğurlanıb. Bu adi oğru işi deyil, sadəcə bu yolla bizim işimizə əngəl törətmək istəyirlər. Nəhayət, oğrunun kimliyini müəyyən etmək üçün fermaya müşahidə kameraları quraşdırdıq. Bundan bir neçə gün sonra - 2015-ci il avqustun 31-də, gecə saat 3 radələrində daha üç qoyun oğurlanması videokameraya düşdü. Həmin çəkilişləri də əlavə etməklə, sahə müvəkkilinə şikayət etdik. Əslində, biz buna qədər oğurluğun kim tərəfindən edildiyindən şübhələnmişdik. Kamera görüntüsü də fakt oldu. Həmin adam Qobu kəndində yaşayır və kənd camaatı tərəfindən müsbət xarakterizə olunmayan biridir. İndiyədək bir neçə Qobu sakini oğurluq ittihamı ilə ondan rəsmi şikayət edib. Dəfələrlə oğurluq hadisələri ilə bağlı cinayət işlərində adı keçib. Bu adamın arxasında kimsə durur və faktiki olaraq bizdən əl çəkmir”.
E.Məmmədov bildirir ki, son 3 ildə maksimum 70 qoyun artırıla bilib ki, bunu da oğrular aparıb: “Biznesimizi məhvdən qurtarmaq üçün hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, oğrunun cəzalandırlmasını, bizə dəyən ziyanın ödənməsini xahiş etdik. Ölkə başçısına da məktub yazdım. Düzdür, hər zaman müraciətlərimizdən sonra reaksiya verildi, araşdırılma aparıldı, ancaq bugünədək oğru cəzalandırılmayıb, bizə dəyən ziyan ödənməyib. Artıq elə bir vəziyyət yarandı ki, qalan az sayda heyvanları və fermanı avadanlıqları ilə birlikdə satışa qoymuşuq, faktiki olaraq bir sahibkar beləcə məhv edildi. Hansı ki, ölkəmizdə bu gün kənd təsərrüfatının, heyvandarlığın inkişafına ciddi ehtiyac var, bizim isə kiçik fermer təsərrüfartımız beləcə çökdürüldü. Amma mən ümidlərimi üzməmişəm, bir daha cənab prezidentimiz İlham Əliyevə müraciət edərək, mənim təsərrüfatımı faktiki olaraq məhv etmiş şəxsin tapılıb cəzalandırılmasına və vurduğu ziyanın ödənməsində bizə köməklik göstərməsini xahiş edirəm”.
435 dəfə oxundu