Azərbaycanda hansı şirkət süd məhsullarına palma yağı qatır? - İDDİA

Azərbaycanda hansı şirkət süd məhsullarına palma yağı qatır? -


Sən demə, “İvanovka Qafqaz” məhsulları İsmayıllının İvanovka kəndindən gəlmirmiş, Biləcəridə istehsal olunurmuş. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov İnterpress.az-a verdiyi açıqlamada bu barədə danışıb: “Bəzi süd məhsullarının üzərində İvanovkada istehsal olunduğu göstərilsə də əslində məhsul orada istehsal olunmur. Məsələn, bu yaxınlarda xəbər tutmuşuq ki, “İvanovka Qafqaz” Biləcəridə istehsal olunur.

Bu barədə hətta İvanovka sakinləri də dəfələrlə bizə şikayət edib. Ümiyyətlə, “İvanovka” adı altında satılan məhsulların İvanovkadan alınmadan buraxılması ilə bağlı istehlakçıların çoxsaylı aldadılması halları ilə rastlaşırıq. Bizə daim bu barədə şikayətlər daxil olur. Hətta onu da deyim ki, İvanovkanın kolxoz sədri bizə şikayət edir ki, biz ora süd vermirik. Bu barədə dövlət orqanlarına məlumat vermişik”.

E.Hüseynov onu da qeyd etdi ki, Yasamal rayonunda yerləşən “İvanovka” adlı market fəaliyyət göstərir. Amma bu marketə heç vaxt İvanovka kəndindən məhsul gətirilmir. Azad İstehlakçılar Birliyinin sədri daha sonra qeyd etdi ki, süd məhsullarının bəzilərinin üzərində narıncı rəngə çalan tozcuqlar görünür ki, bu əslində süd məhsullarının tərkibində palma yağı olduğunu xəbər verir: “İndi yağların tərkibində palma yağı çoxdur. Amma bu digər süd məhsullarına da qatılır. Belə olduqda siz smetanın və ya qatığın üzərində xırda narıncı tozcuqlar görəcəksiniz.

Bütün hallarda Bakıya maşınlarla təbii süd gətirildiyini görən olmur. Çünki yoxdur. Biz uşaq olanda Bakının küçələrində süd maşınları gəzirdi və şəhər sakinləri kəndlərdən gətirilən təbii, təmiz südü alıb, istifadə edirdi”.

Məsələ ilə bağlı Azərbaycan Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovla əlaqə saxladıq.

T. Əmiraslanov palma yağının iki növündən danışdı: “Biri var qida üçün istifadə olunan palma yağı, bu yağdan inkişaf etmiş ölkələr də istifadə edir. Biri də var texniki məqsədlər üçün istifadə edilən palma yağı. Bu yağ isə sağlamlıq üçün çox təhlükəlidir. İndi biz bilmirik hansı yağdan qatırlar. İstənilən halda bitki yağının südün içində nə işi var? Bitki yağının süd məhsullarında istifadəsi normal deyil. Çünki bitki yağı ilə südün tərkibindəki yağının ərimə tempuraturu fərqlidir.

İnsanlar "İvanovka" məhsullarını İvanovka kəndindən gələn təbii məhsullar dildikləri üçün alırıar. O zaman nə üçün təbii məhsularda qatqı olmalıdır? Bəziləri sağlamlığını qorumaq üçün lap baha da olsa gedib ekoloji baxımdan təmiz məhsullar almaq istəyir. O zaman bu alıcı bu qədər saxtakarlıqla üzləşirsə, bu onun günahı deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1075 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...