Sahibkar 3 generaldan kömək istəyir - Parabankın sahibinə görə

Sahibkar 3 generaldan kömək istəyir -


İqbal Mikayılov: “Şəxsən Ramil Usubova, Zakir Qaralova və Mədət Quliyevə müraciət edirəm ki...”

“İlham” MMC kəndli fermer təsərrüfatının rəhbəri İqbal Mikayılov güc strukturlarının rəhbərlərinə müraciət edib. Müraciətinin surətini redaksiyamıza yollayan sahibkar yazır:

“Hörmətli cənablar!

Bəlkə də düşünəcəksiniz ki, sahibkar aidiyyatı olmadığı halda bizlərə yersiz müraciət edib. Amma çarəsizəm. Təsis etdiyim “İlham” MMC kəndli fermer təsərrüfatı “Parabank”ın sədri Vəli Quliyevin ucbatından məhv olmaq üzrədir. Mərkəzi Bankın sədri Elman Rüstəmova müraciət etmişəm. 3 aydan sonra mənə rəsmi cavab gəldi ki, biz bankın sədri Vəli Quliyevə söz deyə bilmirik. Vəli Quliyevin əmisi oğlu Elçin Quliyev Elman Rüstəmovun bankı olan “Respublika bank”ın Müşahidə Şurasının sədridir. Ona görə Elman Rüstəmov eynən Eldar Mahmudov kimi, bankların əli ilə mənim kimi sahibkarlara zülm etdirir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin silahlı mühafizəsinin əhatəsində olan Vəli Quliyevə bu ölkədə heç kim güldən artıq söz demir.

Ona görə, mən xalqımızın, dövlətimizin, cənab prezidentimiz İlham Əliyevin sədaqətli güc strukturlarının rəhbərlərinə şəxsən Ramil Usubova, Zakir Qaralova və Mədət Quliyevə müraciət edirəm. Məni şəxsən özünüz qəbul edin, Sizlərə deyiləsi, mətbuatda deyə bilmədiyim sözlərim var. Baş prokurora xüsusi olaraq müraciət edirəm – Cənab prokuror! Sizinlə Hacıqabulda görüşmək istədim, amma imkan vermədilər. Məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Anar Nəsibovun qəbuluna göndərdilər. Amma bu günə kimi nəticə yoxdur. Sizin hər birinizdən rica edirəm, cənab prezidentimiz İlham Əliyev kimi qətiyyətli iradə nümayiş etdirin, məni qəbul edin. Çünki dövlətinin sədaqətli əsgəri “Parabank”ın mərkəzi ofisinin qarşısında canına qəsd etməyə hazırlaşır”.

İ.Mikayılov iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayevə və Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə də müraciət edib: “Hörmətli cənablar! Sizlər sahibkarlara kömək etməli, dəstək verməlisiniz. Aylardır ki, mən sahibkar olaraq süründürməçiliyə məruz qalmışam, sizlərə dəfələrlə müraciət etmişəm. Üzləşdiyim bürokratik-korrupsioner əngəlləri aşmaqda sizləri dəstəkçitək yanımda görmədim. Müraciətlərimə cavab verməyi belə özünüzə rəva bilmirsiz”.
Qeyd edək ki, sahibkar güzəştli kreditlərdən faydalanmaq üçün “Parabank”a aylar öncə müraciət edib. Lakin onun müraciəti cavabsız qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...