“Günəşli” yatağındakı yanğında 7 milyon kubmetr qaz itkisi olub”
Məlum olduğu kimi, Xəzər dənizindəki təbii fəlakət “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın başlayıb. Xarici mütəxəssislərin də iştirakına baxmayaraq, dekabrın 4-dən davam edən yanğının lokallaşdırılması hələ ki mümkün olmayıb. Bu müddətdə insan itkisi ilə yanaşı, iqtisadi zərərlər də qeydə alınıb.
Ekspert İlham Şaban Modern.az saytına deyib ki, baş verən yanğının iqtisadi zərərsiz ötüşməsi mümkün deyil: “Nəzərə alaq ki, “Günəşli” yatağında neftlə bağlı ziyan qeydə alınmayıb. Məlumatlarda da qeyd edildiyi kimi, oradakı 24 neft quyusu qaz-neft metodu ilə hasil edilirdi. Köhnə quyular olduğundan ora texniki qaz vurulmasa, neft platformanın üstünə qalxmaq iqtidarında deyil. Quyulara qaz vurulması qəza baş verdiyi ilk gündən dayandırıldığından orada yanan yalnız qalıq neft olub. Platformada 1 gündə 920 ton neft çıxarılıb. Ərazidə 4 qaz quyusu olub. Davam edən yanğında həmin quyular yanır”.
İlham Şabanın bildirdiyinə görə, yanğının söndürülməsi zamanı diqqət ediləcək əsas məqam ekoloji fəsadlara yol verilməməsidir: “Dəvət edilən Amerika şirkətinin mütəxəssisləri tərəfindən yanğının söndürülməsi müzakirə edilir. Əsas məsələ quyuların elə söndürülməsini təmin etməkdir ki, onun ekoloji fəsadları olmasın. Çünki çıxan qaz evdə yandırdığımız kimi sırf metandan ibarət deyil. Onun tərkibində başqa elementlər də var.
Qaz fontanla çıxır və dənizə də tökülə bilər. Yalnız su və köpüklə ehtiyatla söndürülməlidir, həm də çıxan qaz qapadılmalıdır. Bundan sonra quyunun ağzı dəyişdirilməli və platformada hasilat bərpa edilməlidir”.
Ekspert qaz itkiləri ilə bağlı təxmini hesablamalarını açıqlayıb: “Gündə təxminən 1 milyon kubmetr qaz hasil edildiyini nəzərə alsaq, 7 gün ərzində 7 milyon kubmetr edir. Bu isə Azərbaycan miqyasında böyük həcm deyil. Çünki yalnız “Şahdəniz” platformasında bir gün ərzində 29 milyon kubmetrdən də çox qaz hasil edilir. Ölkə üzrə isə 55 milyon kubmetr qaz hasilatı gerçəkləşir.
Təbii ki, orada sərf edilən əmək, avadanlıqların dəyişilməsi vəsait tələb edir. Ən əsası insan itkisidir ki, bunu hansısa vəsaitlə əvəz etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, onlar küçədən keçən yox, bu sahənin mütəxəssisləri idilər. Onların yerini doldurmaq lazımdır. Bu cür mütəxəssislərin tapılması özü də böyük zaman tələb edəcək”.
374 dəfə oxundu