Bu rayonlarda güclü zəlzələ ola bilər - HESABAT

Bu rayonlarda güclü zəlzələ ola bilər -


Bu il ərzində respublika ərazisində 7000-ə yaxın zəlzələ qeydə alınıb. Bunlardan 17-i hiss olunan zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (SXM) 2015-ci il üzrə Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatında qeyd olunub.

Hesabata görə, bu il ərzində Azərbaycanın Şimal zonasında, Oğuz, Şamaxı-İsmayıllı seysmogen zonasında, Gəncə-Qazax, Şabran və Talış zonasında seysmikliyin artımı müşahidə olunub.


2015-ci ildə ötən ilə nisbətən Xəzərin seysmikliyi bir qədər artıb, ayrılan seysmik enerji isə 2 dəfə az olub.

Bu il ərzində respublika ərazisində gərginlik vəziyyəti 2014-cü ilə nisbətən Böyük Qafqazın cənub-şərq yamacında bir qədər azalıb, Kiçik Qafqaz və Talış bölgələrində isə gərgin olaraq qalır.

Bu ilin 1-ci rübündə Xəzər akvatoriyasında qeydə alınmış ən yüksək maqnitudalı zəlzələ ml=5.4 olub.

2-ci rübdə ən güclü zəlzələ Goranboyda (ml=4.7) hiss olunub.
3-cü rübdə ən güclü zəlzələ (ml=5.9) Şəki-Oğuz sərhədində olub.
4-cü rübdə ən güclü zəlzələ (ml=4.0) Oğuzda baş verib.

Hesabatda qeyd olunub ki, Vəndam, Daşgil-Müdrəsə, Siyəzən, Maxaçqala-Türkmənbaşı, Öntalış uzununa, Tər-Tər-Oğuz, Girdimançay eninə, Axvay, Taircalçay-Salyan ortoqonal dərinlik qırılmaları istiqaməti boyu aktivləşmə müşahidə olunur.

Nisbətən yüksək seysmik aktivlik Böyük Qafqazın cənub-şərq yamacında Oğuz (A10=1.6-2.0), Şəki (A10=1.0), Qəbələ (A10=1.0-1.6), Şamaxı-İsmayıllı (A10=0.4-2.0), Şabran
(A10=1.6-1.9), Talış (A10=0.6-1.9) zonalarda müəyyən olunur.

Bununla yanaşı, Xəzər dənizində Abşeronun şimal, mərkəzi, cənub hissəsində aktiv sahələr (A10=0.4-1.6), İran zonasında (Təbriz ş.) (A10=0.6-2.0) müşahidə olunur.

Hesabatda göstərilir ki, İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Zaqatala-Balakən və Talış zonaları uzunmüddətli gərginlik-deformasiya zonalarıdır. Bu zonalar güclü zəlzələlərin baş verə biləcəyi zonalar kimi qiymətləndirilir.

Bildirilir ki, ocaq ərazilərində zəlzələlərin ml ≥ 4,0 hazırlığı və baş verməsi proseslərini əks etdirən geomaqnit sahə gərginliyi variyasiyalarında xəbərverici anomal dəyişikliklər müəyyən edilib.

Balakən, Zaqatala, Şəki, Oğuz seysmogen zonalarında, İsmayıllı-Şamaxı rayonu ərazisində təkrar qravimetrik ölçülərin aparıldığı müşahidə məntəqələri ətrafındakı sahələrdə, yəni, Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıllı-Şamaxı-Cəngi rayonlarında qismən isə Qəbələ rayonunda mühitin gərginlik vəziyyətinin artımı müşahidə olunur.

Makroseysmik tədqiqatlar əsasında müəyyən olunub ki, əsas təkan ən yüksək intensivliklə Qozlubulaq, Yaqublu, Turan, Sarıca, Çayqaraqoyunlu, Zərrab, Çöyüksöyüdlü, Padar, Kərimli, Qayabaşı, Cəyirli, Şirinbulaq, Əliyar, Böyüksöyüdlü, Təpə və Qarabaldır yaşayış məntəqələri ərazilərində hiss olunub. Bu ərazilərdə zəlzələnin intensivliyi 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 7 balla qiymətləndirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
596 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...