Səfirdən Eldar Mahmudovun "diplomatik biznes"inə reaksiya
"Qeyri-ciddi fikirləri şərh etmirəm".
Bunu Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) Fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Azərbaycanın bu ölkədəki səfirliyinin guya sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun "brilyant biznesi"nə xidmət məqsədilə açılması və səfir Elxan Poluxovun geri çağırılacağı barədə yayılan məlumata münasibət bildirərkən deyib.
Səfir qeyd edib ki, o, hazırda məzuniyyətdə olduğundan məqalə barəsində xəbərsizdir və ümumiyyətlə belə cəfəng məsələlərə əhəmiyyət vermir: "Mən hər zaman jurnalistlərin dostu olmuşam və indi də dostuyam, amma qeyri-ciddi və məntiqsiz fikirləri şərh etmək niyyətindən kənaram".
Qeyd edək ki, musavat.com-un yazdığına görə, Eldar Mahmudovla yanaşı, işdən uzaqlaşdırılanlar arasında Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışan MTN əməkdaşları da var. Məlumata görə, E.Mahmudovun dipkorpuslara yerləşdirdiyi adamların bəziləri xaricdə üzərinə düşən vəzifəni deyil, sabiq nazirin və indi həbsdə olan generalların biznesinə nəzarəti həyata keçiriblər.
""Mahmudovçular"ın brilyant biznesini monopoliyaya aldığı barədə xəbər vermişdik. Azərbaycanla cəmi 2 milyon dollar ticari əlaqələri olan uzaq CAR-da səfirlik yaradılması E.Mahmudovun dəstəyi ilə baş tutub, hətta səfirlik binasının icarəsi və digər işlər üçün lazımi maddi dəstək də göstərilib. Bu işdə isə əsas fiqurant MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarov olub.
Mümkündür ki, "mahmudovçu" dəstə ixtiyarlarında olan onlarla şirkətləri vasitəsilə brilyantı Afrikadan alırmışlar və səfirlik bu işdə yalnız vasitəçi rolunu oynayıb. Cənubi Afrika Respublikası ən çox brilyanta sahib olan ölkələr siyahısında 5-ci yerdə dayanır. Ölkə iqtisadiyyatının böyük hissəsi brilyant istehsalından gələn gəlirlərə istinad edir".
385 dəfə oxundu